15 Iyun 2021 18:02
1585
Səfərlər
A- A+

Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar YENİLƏNİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verildi.

Bildirildi ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.

Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirildi.

X X X

Sonra prezidentlər və ailə üzvləri avtobusla Cıdır düzünə yola düşdülər.

Prezident İlham Əliyev: Bu, “Qarabağ” otelidir. Bu da atamın dövründə tikilmişdi. Ermənilər ancaq onun iki mərtəbəsindən istifadə edirdilər.

Prezident Rəcəb Tayyib Ərdoğan: Bəs, digər mərtəbələr?

Prezident İlham Əliyev: Bərbad durumda idi.

Prezident Rəcəb Tayyib Ərdoğan: İndi bərpa olunur?

Prezident İlham Əliyev: Bəli, bərpa işləri başlayıb. Üç-dörd aya başa çatdırılacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan: Bu binada, hava limanında işlər başa çatandan sonra buraya turistlər də gəlməyə başlayacaq.

Prezident İlham Əliyev: Siz qaldığınız da işləmirdi.

Bilal Ərdoğan: O da var idi?

Prezident İlham Əliyev: Sovetlər dönəmində o da var idi. Bu, yaşayış yeridir. Bu, müharibədən qalan yerlərdir. Bu isə Gövhərağa məscididir. Bunu da biz təmir etmişik.

Prezident Rəcəb Tayyib Ərdoğan: İndi istifadə edilirmi?

Prezident İlham Əliyev: Bəli. Keçən dəfə biz Mehribanla gəlib burada dualar etdik. Burada bir məscid yarıdağılmış vəziyyətdə idi. Bu da bulaqdır.

Əminə Ərdoğan: Burada nə qədər bulaq var imiş?

Prezident İlham Əliyev: Burada 17 bulaq var. Çünki Şuşada 17 məhəllə olub, 17 məscid olub, 17 bulaq olub. Ermənilər bizim binalarımızı bax, bu vəziyyətə salıblar.

Bilal Ərdoğan: Yəni, səfalət içində yaşayırdılar?

Prezident İlham Əliyev: Bəli, səfalət içində yaşayırdılar. Bu binaların hamısı sovetlər dönəmindən qalanlardır. Baxın, bunlar müharibənin izləridir. Burada küçə döyüşləri gedirdi. Buralar hamısı belə dağılmış vəziyyətdir.

Prezident Rəcəb Tayyib Ərdoğan: Xarıbülbül.

Prezident İlham Əliyev: Xarıbülbül bu gülün, çiçəyin adıdır.

Bilal Ərdoğan: Sadəcə, burada bitir?

Prezident İlham Əliyev: Bəli, biz onu orada göstərəcəyik. O da Vaqifin məqbərəsidir. Qarabağ xanının vəziri olub.

Prezident Rəcəb Tayyib Ərdoğan: Yeni inşa edilib?

Prezident İlham Əliyev: Onu mənim atam tikdirmişdi. Ermənilər sökdülər. Biz indi bərpa edirik. Bir aya hazır olacaq. Molla Pənah Vaqif İbrahimxəlil xanın vəziri, eyni zamanda, çox məşhur şair olub. 1982-ci ildə mənim atam onun məzarı üstündə bax, bu məqbərəni inşa etdirmişdi. Ermənilər də onu sökmüşdülər.

İndi biz Şuşanın tarixi bir yerinə - Cıdır düzünə gedirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video