00:28 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər
ANA SƏHİFƏ / SƏFƏRLƏR
06:10 21.10.2011

 

Oktyabrın 20-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Prezident Nursultan Nazarbayevin bəyanatı

 

- İki ölkə arasında çox mehriban qardaşlıq münasibətləri yaranmışdır. Biz Azərbaycanı Qafqaz regionunda özümüzün əsas iqtisadi və siyasi tərəfdaşımız hesab edirik və müstəqilliyimizin bütün illərində bu münasibətlər qorunur. Azərbaycan özünün müstəqilliyinin iyirmi illiyini yenicə qeyd etmişdir. Biz xalqımız adından onu ürəkdən təbrik edirik. Çünki Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ problemi, 1 milyon qaçqın, ərazilərin işğal edilməsi ilə əlaqədar yaranmış bütün çətinliklərə baxmayaraq, bu iyirmi il ərzində Azərbaycan görkəmli nailiyyətlər qazanmışdır. İqtisadi göstəricilər, xalqın rifahının artması, iqtisadiyyatda islahatlar onu göstərir ki, Azərbaycan qabaqcıl mövqelərdən birini tutur. Biz buna baxıb sevinirik.

Biz Xəzər dənizində də qonşularıq. Xəzər dənizinin problemləri bizim ümumi problemlərimizdir. Biz öz qonşularımız - sahilyanı dövlətlər ilə birlikdə Xəzər dənizinin statusu məsələlərini həll edirik. Energetika, neftin nəql edilməsi və Xəzərdən Qazaxıstanın Qafqaza, Qara dənizə və Avropaya çıxışı üçün nəqliyyat arteriyası kimi istifadə edilməsi məsələlərində əlaqələr əməkdaşlığımızın ən mühüm bəndləridir. Azərbaycanın və azərbaycanlı mütəxəssislərin neft və qaz sahəsində çox böyük təcrübəsini nəzərə alaraq bizim mütəxəssislər bu təcrübədən istifadə etməlidirlər. Biz Azərbaycan tərəfi ilə həm də neft hasilatı, neft və qaz emalı üçün avadanlıqlar yaradılması məsələsində əməkdaşlıq edə bilərik.

Kənd təsərrüfatı sahəsində biz ölkəmizin Manqıstau və Atırau regionlarına tərəvəz, meyvə və digər kənd təsərrüfatı məhsullarının göndərilməsi barədə danışdıq. Buna görə Qazaxıstanın qərb vilayətlərinin Azərbaycan ilə sıx münasibətləri olmalı, qarşılıqlı faydalı şərtlər daxilində müvafiq sazişlər bağlamalıdırlar.

Keçən il bizdə əmtəə dövriyyəsinin 60 faizə yaxın artması, əlbəttə, sevindirici haldır. Lakin ümumi həcm - 350 milyon bizim potensiala uyğun deyildir. Buna görə də perspektivdə gözləyirik ki, Azərbaycan, Bakı Qazaxıstanın nefti və digər məhsulları üçün ən mühüm nəqliyyat arteriyalarından birinə çevriləcəkdir. Türkiyə, Gürcüstan və Azərbaycandan Xəzər dənizinə yeni dəmir yolu tikintisi və Qafqaz yüklərinin Qazaxıstandan keçməklə Çinə və əks istiqamətdə daşınması imkanı çox böyük məsələ və gələcəkdə çox böyük səmərə deməkdir.

Ölkələrimizin eyni kökləri vardır. Biz türk dünyasına mənsubuq. Bizim eyni köklərimiz - dil, mədəniyyət əlaqələrimiz, eyni ənənələrimiz vardır. Biz daha sıx əməkdaşlıq üçün bütün bunlardan istifadə etməliyik.

Müxtəlif səbəblərə görə Qazaxıstana çoxlu azərbaycanlı gəlmişdir, diasporun 130 min üzvü vardır. Bu, bizim əməkdaşlığımız üçün yaxşı körpüdür. Bizim Azərbaycan millətindən olan vətəndaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında iştirak edirlər. Yəni əməkdaşlıq üçün təməl vardır.

Beynəlxalq planda - BMT, ATƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi (AQFETM) çərçivəsində biz eyni mövqelər tuturuq. Yəni biz dünyada müharibə və sülh məsələlərində Birləşmiş Millətlər Təşkilatının rolunun möhkəmləndirilməsi barədə eyni cür düşünürük. Biz Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməyin tərəfdarıyıq. Biz buna tərəfdarıq ki, bizim regionda, postsovet məkanında əməkdaşlıq və inteqrasiya qarşılıqlı faydalı şərtlərlə davam etsin.

Mən İlham Heydər oğluna səfərinə görə, bizim danışıqlara görə təşəkkür edirəm. Hesab edirəm ki, bu danışıqlar bizim münasibətlərin inkişafına yeni təkan verəcəkdir. Bizim artıq müqavilə hüququnun əsasını təşkil edən 60 imzalanmış sənədimiz vardır. Bu gün Sizin yanınızda qəbul edilmiş sənədlər onu göstərir ki, əməkdaşlığımız dinamik inkişaf edir.

 

Prezident İlham Əliyevin bəyanatı

 

- Hörmətli Nursultan Abişeviç, ölkəmiz haqqında səmimi sözlərinizə, Azərbaycanın müstəqilliyinin iyirmi illiyi ilə əlaqədar təbriklərinizə görə sağ olun. Fürsətdən istifadə edib Sizi və bütün qardaş Qazaxıstan xalqını müstəqilliyinizin qarşıdan gələn yubileyi münasibətilə qabaqcadan təbrik etmək istərdim.

Bu illər ərzində Sizin rəhbərliyiniz altında Qazaxıstan çox böyük yol keçmişdir. 20 il ərzində Siz başqa ölkələrin bəlkə də 100 ildə edə bilməyəcəklərinə nail olmusunuz. Bu, Qazaxıstana gələndə, Sizin şəhərlərə gələndə görünür. Biz Sizin uğurlarınıza sevinirik, Qazaxıstanın nailiyyətlərinə heyranıq. Bu illər ərzində ölkəniz dinamik inkişaf edir, iqtisadi siyasət, sənayeləşmə məsələləri, sosial məsələlər uğurla həll edilir. Şəhərləriniz abadlaşır, paytaxtınız Astana çox qısa zaman kəsiyində gözəl şəhər yaradılmasının nadir təcrübəsinin nümunəsidir.

Mən həm də Sizə məni qardaş Qazaxıstana yenidən səfərə dəvət etdiyinizə görə təşəkkür etmək istərdim. Mən hər il Sizin ölkənizə gəlirəm. Son yeddi ildə bu mənim təkcə rəsmi səfərlərimin üçüncüsüdür. Biz həm də çox şadıq ki, Nursultan Abişeviç müntəzəm olaraq Azərbaycana səfər edir. Bu cür qarşılıqlı əlaqələr bizim ikitərəfli münasibətlərin inkişafına verdiyimiz diqqət və əhəmiyyətin parlaq sübutudur.

Münasibətlərimiz möhkəm tarixi bazaya əsaslanır. Xalqlarımız arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Bu gün biz iki müstəqil qardaş dövlət kimi Qazaxıstan və Azərbaycan arasında tərəfdaşlığa və dostluq əlaqələrinə əsaslanan münasibətlər qururuq. Qarşılıqlı siyasi əlaqələrimiz çox səmərəlidir. Nursultan Abişeviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı əlaqə saxlayırıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Qazaxıstanın mövqeyinə görə ona təşəkkür edirik. Mən bilirəm ki, Qazaxıstan Prezidenti bu mövzunu daim diqqət mərkəzində saxlayır və dünya liderləri ilə mühüm görüşlərdə bu məsələni qaldırır. Münaqişəyə, işğala son qoymaq və nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini təmin etmək lazımdır. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq instansiyadır və bu təşkilatın qəbul etdiyi qərarlar yerinə yetirilməlidir. Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnaməsi qəbul edilmişdir. Onlar işğalçı erməni qüvvələrinin Azərbaycan ərazisindən dərhal və danışıqsız çıxarılmasını tələb edir. Təəssüf ki, onlar yerinə yetirilmir. Bizim ərazi bütövlüyümüz pozulmuşdur və əgər belə bir ağır problem olmasaydı, Azərbaycanın daha necə böyük uğurlar qazanacağını təsəvvür etmək mümkündür.

Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində, Helsinki Yekun Aktı çərçivəsində həll edilməsinin tərəfdarıyıq. Həmin sənəddə məhz ölkələrin ərazi bütövlüyü prinsipinin prioritet olması müəyyən edilmişdir.

İkitərəfli iqtisadi əlaqələrə gəldikdə, Nursultan Abişeviç bu məsələ üzərində ətraflı dayandı, mən təkrarlamaq istəmirəm. Demək istəyirəm ki, biz bu münasibətlərin bütün istiqamətlər üzrə inkişafına çox böyük əhəmiyyət veririk. Bu gün həlli tələb olunan məsələləri fəal həll etmək üçün bizim nümayəndə heyətlərinə konkret tapşırıqlar verilmişdir. Əmtəə dövriyyəsinin faiz nisbəti ilə artması, əlbəttə, bizi sevindirir. Lakin onun həcmi, xüsusən ölkələrimizin bu cür böyük iqtisadi və sənaye potensialını nəzərə alsaq, əlbəttə, bizi qane edə bilməz. Hökumətlərarası komissiya işləyir. Nisbətən yaxın vaxtlarda bu komissiya toplaşmışdı. Mütəmadi olaraq biznes-forumlar keçirilir. Aktauda Azərbaycanın konsulluğu açılmışdır. Yəni biz bütün istiqamətlər üzrə çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk.

Bu gün nəqliyyat məsələləri ətraflı müzakirə edildi. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatandan sonra biz Asiyanı Avropa ilə birləşdirəcək yeni İpək Dəmir yolu açırıq. Ölkələrimiz müxtəlif istiqamətlərə mallar göndərmək, habelə böyük yük axını üçün tranzit ölkələrə çevrilmək imkanı əldə edəcəklər.

Neft sahəsində ənənəvi əlaqələr möhkəmlənir, yeni ideyalar, kooperasiya, qarşılıqlı fəaliyyət barədə yeni təkliflər, müştərək təşəbbüslər vardır. Bu təbiidir, bizim məqsədlərimiz obyektiv olaraq üst-üstə düşür, ona görə ki, biz istehsalçılarıq. Təbii ki, bizim ümumi vəzifələrimiz, ümumi məqsədlərimiz vardır və gələcəkdə ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlıq genişlənəcəkdir. Bizim artıq bu gün böyük Qazaxıstan neftini qəbul etmək üçün kifayət qədər tranzit potensialımız və infrastrukturumuz vardır. Ümid edirik ki, Qazaxıstanda hasilatın həcmi artanda biz öz tranzit imkanlarımızı təqdim edəcəyik ki, bu da səmərəli ikitərəfli əməkdaşlıq çərçivəsində olsun.

Onu da qeyd etmək istəyirəm ki, bu yaxınlarda Bakı küçələrindən birinə qazax xalqının böyük oğlu, maarifçi, mütəfəkkir, ictimai xadim Abay Kunanbayevin adı verilmişdir. Bu da bizim dostluğun, xalqlarımızın tarixi şəxsiyyətlərinə münasibətimizin əlamətidir. Bu həm də humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə daha bir töhfədir.

Bütövlükdə Qazaxıstan bizim üçün yaxın strateji tərəfdaş, dost, qardaşdır və əminəm ki, münasibətlərimizin gələcəyi də bugünkü  kimi gözəl olacaqdır.

Səmimi qəbul, qonaqpərvərlik üçün bir daha təşəkkür edirəm və fürsətdən istifadə edib Sizi, Nursultan Abişeviç, Sizin üçün münasib olan istənilən vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM