09:09 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər
ANA SƏHİFƏ / SƏFƏRLƏR
02:11 15.11.2011

 

Noyabrın 14-də təltif olunma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram!

Siz Azərbaycanın yaxın dostusunuz. Ölkəmizdə dəfələrlə olmusunuz və hər dəfə biz görüşəndə aramızda olan dostluq əlaqələri ikitərəfli münasibətlərə də müsbət təsir göstərir. Biz bu gün Sizinlə həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə geniş fikir mübadiləsi apardıq, mühüm məsələləri müzakirə etdik və bir daha gördük ki, Bolqarıstan-Azərbaycan əlaqələri çox sürətlə və uğurla inkişaf edir.

Biz Sizinlə demək olar ki, hər il görüşürük. Bizim təmaslarımız mütəmadi xarakter daşıyır və Bolqarıstan-Azərbaycan əməkdaşlığının inkişafı üçün bu əlaqələr çox vacibdir. Müzakirə etdiyimiz məsələlər  sonradan qərarlara çevrilir və əməkdaşlığımızın inkişafı üçün müsbət rol oynayır. Son illər ərzində ikitərəfli münasibətlərimiz yeni pilləyə qalxmışdır, siyasi əlaqələr çox yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin inkişafı sahəsində və digər sahələrdə də inamlı inkişafa nail ola bilmişik.

Bu ilin statistikasına baxanda görürük ki, ticarət dövriyyəsi də artmaqdadır. Özü də böyük artım müşahidə olunur. Əminəm ki, növbəti illərdə daha da artacaq və ticarət dövriyyəsinin strukturu da təkmilləşdiriləcək. Beləliklə, siyasi əlaqələr iqtisadi sahədəki əlaqələrə də müsbət təsir göstərir.

Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də energetika sahəsindəki əməkdaşlıqdır. Bu mövzu daim gündəliyimizdədir. Mən çox şadam ki, indi bu məsələ ilə bağlı aparılan fikir mübadiləsi keyfiyyətcə yeni məzmun daşıyır. Çünki artıq Azərbaycanın enerji resursları Avropaya ixrac edilir. Azərbaycan nefti Avropa ölkələrinə, o cümlədən Bolqarıstana daha da böyük miqdarda ixrac edilir. Eyni zamanda, Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün yeni imkanlar yaradılmışdır. Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında imzalanmış tranzit sənədləri bu imkanları reallaşdırır.

Beləliklə, əminəm ki, növbəti illərdə qaz sahəsində Bolqarıstan-Azərbaycan əlaqələri daha da intensiv olacaq və bu əlaqələr getdikcə daha da dərinləşəcəkdir. Əminəm ki, növbəti mərhələlərdə qarşılıqlı investisiya qoyuluşu məsələləri, birgə müəssisələrin yaradılması istiqamətində də inamlı və təsirli addımlar atılacaqdır. Biz bu barədə də fikir mübadiləsi apardıq. Aramızda bu barədə fikir ayrılığı yoxdur.

Enerji sahəsinə gəldikdə, biz burada həm ikitərəfli formatda  əməkdaşlıq edirik və müvafiq şirkətlərimiz də bir-biri ilə danışıqlar prosesindədir. Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də bu məsələ ilə bağlı müsbət rol oynayır. Bildiyiniz kimi, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə Bəyannamə imzalanmışdır. Ondan sonra işçi qrupu yaradılmışdır. İşçi qrupu fəaliyyət göstərir və əminəm ki, növbəti mərhələlərdə bu əməkdaşlıq daha da genişmiqyaslı olacaqdır. Azərbaycan "Cənub" qaz dəhlizinin reallaşması üçün səylərini göstərir. Bizim zəngin qaz yataqlarımız həm Azərbaycanın enerji təhlükəsizliyini təmin edir və edəcək, eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynamaqdadır. Əminəm ki, növbəti illərdə bu sahədə və digər sahələrdə əməkdaşlıq daha da uğurlu olacaqdır.

Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün Bolqarıstan da öz səylərini göstərir. Bolqarıstan bütün dövrlərdə bizim bu mövzu ilə bağlı təşəbbüslərimizə çox müsbət yanaşmışdır. Hesab edirəm ki, hazırda biz Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox vacib mərhələdəyik. İndi uzunmüddətli əlaqələrin formalaşması prosesi getməkdədir. Mən tam əminəm ki, bu əlaqələr çox möhkəm, sağlam zəmin üzərində qurulacaqdır, qarşılıqlı maraqlar təmin ediləcəkdir. Qarşılıqlı maraqların təmin edilməsi üçün əlbəttə ki, biz bu məsələdə çox dəqiq olmalıyıq. Uzunmüddətli, bundan sonra bəlkə də onilliklər ərzindəki əməkdaşlığın təməli məhz bu dövrdə qoyulur. Deyə bilərəm ki, biz bu məsələyə çox böyük ümidlərlə və nikbinliklə yanaşırıq. Hazırda Azərbaycanın bütün Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli müstəvidə çox işgüzar və səmimi münasibətləri mövcuddur. Bu münasibətlər bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafına da müsbət təsir göstərir.

Bu gün müzakirə etdiyimiz məsələlərin arasında əlbəttə ki, regional təhlükəsizlik məsələləri də kifayət qədər böyük yer tutmuşdur. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin son mərhələsi haqqında Sizə məlumat verdim. Bu məsələ dəfələrlə müzakirələrimizin mövzusu olur. Demək olar ki, biz hər bir görüşdə bu məsələ ilə bağlı fikir mübadiləsi aparırıq. Bir də demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə həlli üçün səylərini göstərir. Azərbaycan məsələnin ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmasını məqbul hesab edir. Beynəlxalq təşkilatların qərar və qətnamələri qeyd-şərtsiz icra edilməlidir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Avropa Parlamenti, o cümlədən Bolqarıstan tərəfinin dəstəyi ilə buna bənzər qətnamə qəbul etmişdir. Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqeyini bildirmişdir.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Məsələ beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Biz ümid edirik ki, danışıqlar nəticəsini verməlidir. Çünki bu vəziyyətlə barışmaq mümkün deyildir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupu və onun həmsədr ölkələri status-kvonun qəbuledilməz olması ilə əlaqədar kifayət qədər ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bizi daha da ruhlandırır. Əminəm ki, bu məsələnin tezliklə həlli bütün ölkələrin marağına cavab verəcəkdir.

Bir daha, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir də demək istəyirəm ki, biz Sizi Azərbaycanın yaxın dostu kimi tanıyırıq və bu dostluğun artıq böyük tarixi vardır. Əminəm ki, bundan sonrakı dövrdə də Bolqarıstan-Azərbaycan əlaqələri yalnız və yalnız yüksələn xətlə inkişaf edəcəkdir. Sağ olun.

 

Bolqarıstan Prezidenti Georgi Pırvanovun bəyanatı

 

- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Aparılmış danışıqlardan məmnunluğumu bildirmək istərdim. Əminəm ki, bu danışıqlar gələcəkdə münasibətlərimizin inkişafına müsbət töhfə verəcəkdir. Mən cənab Prezident Əliyevlə tam razıyam ki, ölkələrimiz arasında münasibətlərin yaxşı ənənələri vardır. Bu münasibətlər əvvəlki vaxtlardan inkişaf etmişdir. Son illər ərzində biz bu siyasəti davam etdirmişik. Bu siyasət yaxşı nəticələr vermişdir.

Aramızda mövcud olan siyasi dialoq, fikrimcə, digər münasibətlərə də şamil edilə bilər. Çünki görürük ki, nazirliklərimiz, parlamentlərimiz arasında fəal təmaslar mövcuddur. Münasibətlərimiz get-gedə inkişaf edir, yeni sənədlər imzalanır. Bu, özlüyündə müsbət bir siqnaldır. Bu, xalqlarımız qarşısında görülən işdir və cəmiyyətlərimizə yönəlmiş bir siqnaldır. Mənim üçün mühüm amil ondan ibarətdir ki, hər iki ölkənin işgüzar dairələri nəinki ticarət dövriyyəsinin artmasına hazırdır, baxmayaraq hələ ki, bu həcm istədiyimiz səviyyədə deyildir. Ümidvarıq ki, apardığımız danışıqlar birgə müəssisələrin yaradılmasına zəmin olacaq və bu müəssisələr gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxacaqlar. Hesab edirəm ki, biz müxtəlif nazirliklərlə məsləhətləşmələrin aparılmasından sonra buna nail ola bilərik. Təbii ki, buna müxtəlif iqtisadi subyektlər də qoşula bilər.

Enerji sahəsi münasibətlərimizin çox mühüm sahəsi olaraq qalır. Bu, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə də aiddir. Son illər ərzində Azərbaycanın apardığı iş "Cənub" qaz dəhlizi üçün yeni imkanlar və perspektivlər açır. Bolqarıstan isə öz növbəsində özünəməxsus mövqe tutur və bu münasibətlər çərçivəsində müsbət amil rolunu oynayır. Əslində biz çalışırıq ki, hətta əlaqələrimizi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdən də daha çox inkişaf etdirək. Bu münasibətlərin uzun tarixi vardır. Bu sahədə biz gərgin iş aparırıq. Mətbuat konfransları zamanı biz bir milyard kubmetr qaz həcmi haqqında razılaşmamızı xatırlayırıq. Biz, eyni zamanda, istəyirik ki, bu layihə həyata keçirilsin - Bolqarıstan və Yunanıstan arasında bağlayıcı layihə baş tutsun. Danışıqlar zamanı biz qeyd etdik ki, Azərbaycan Dövlət Neft Şirkəti kimi iri şirkət Bolqarıstanın ərazisində bu layihədən sonra fəaliyyət göstərə biləcəkdir.

Zənnimcə, əməkdaşlığımız üçün yaxşı imkanlar mövcuddur. Bu, böyük şaxələndirmə işinin bir hissəsidir. Biz, sadəcə, bir uğuru qazanmalıyıq ki, Avropaya nümayiş etdirək ki, nəyə nail ola bilərik. Bundan sonra daha genişmiqyaslı nəticələr əldə edə, "Cənub" qaz dəhlizi ilə bağlı yeni ideyalar irəli sürə bilərik. Biz konkret məsələləri müzakirə etdik və bu məsələlər iqtisadi əməkdaşlığımızın elementlərinə çevrilə bilər.

Məmnunam ki, dialoqun, həmçinin mədəniyyətlərarası mübadilələr sahəsində əlaqələrin genişləndirilməsi üçün iradə və istək vardır. Bolqarıstan öz regionunda, Azərbaycan isə öz regionunda mədəniyyətlərarası dialoq sahəsində vacib rol, hətta deyərdim ki, lider rolu oynayır. Biz onu da qeyd etdik ki, Balkan regionunda bu qarşılıqlı mədəni fəaliyyət dəhlizi nəinki Qara dəniz regionu ölkələri, o cümlədən Xəzər dənizi regionu ölkələri ilə aparıla bilər. Mən çox şad olardım ki, cənab Prezident, bu regionda olan digər ölkələr də bu ideyaya qoşulsun, bunun üzərində işləsin. Beləliklə biz nümayiş etdirə bilərik ki, burada tarix mövcuddur və bu, regionlarımızın gələcəyi üçün vacibdir. Biz bu işi birgə apara bilərik.

Avropaya gəldikdə, mən Azərbaycan ilə Avropa İttifaqı arasında daha da fəallaşan dialoqu yüksək dəyərləndirirəm. Bu dialoq "Şərq tərəfdaşlığı" çərçivəsində aparılır. Eyni zamanda, belə bir ideya vardır ki, mən Avropa İttifaqında həmkarlarımın bəziləri ilə bunu bölüşmüşəm, Avropa liderlərinə bu haqda məlumat vermişəm. Mən bunu da burada qeyd etmişəm. Mənim prezidentlik mandatım artıq başa çatmaq üzrədir. Mən qeyd etmişəm ki, Avropa təsisatlarında və Avropa İttifaqına üzv olan dövlətlərdə Azərbaycana güzəştli tərəfdaş statusunun verilməsi çox yaxşı olardı. Çünki bu, elə bir çərçivədir ki, bu çərçivədə nəinki enerji təhlükəsizliyi sahəsində dialoq aparmaq olar, o cümlədən bu dialoq genişləndirilə bilər və digər sahələrdə - nəqliyyat, iqtisadiyyat sahələrində, daha geniş mənada, təhlükəsizlik məsələləri sahəsində aparıla bilər. Çünki Azərbaycan çox mühüm bir elementdir və bu, bizim formalaşdırdığımız demokratik dövlətlər və xalqlar arasında olan mühüm bir element və təhlükəsizliyin qlobal şəkildə təmin edilməsində mühüm amildir. Çünki bizim qarşımızda duran çağırışlar eynidir. Bu, həm Avropa İttifaqı, həm də ona qonşu, tərəfdaş olan ölkələr üçün vacibdir. Ona görə biz çalışmalıyıq ki, daha müasir üsullarla birgə fəaliyyət göstərək. Mən tam əminəm ki, yaxın perspektivdə Avropa İttifaqı daxili problemlərini həll etdikdən sonra daha düzgün və qəbul edilə biləcək həll variantlarını tapacaqdır.

Mən, təbii ki, apardığımız danışıqların bütün gündəliyini burada təsvir edə bilməyəcəyəm. Lakin qeyd etmək istəyirəm ki, bu danışıqlar, razılaşmalar, imzaladığımız sənədlər və gələcəkdə əldə ediləcək razılaşmalar və imzalanacaq sənədlər münasibətlərimizin inkişafına töhfə verəcəkdir.

* * *

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

* * *

Dimitar ANESTEV (Bolqarıstan TV): Cənab Prezident, Siz burada Azərbaycan qazının Bolqarıstana çatdırılması məsələsini müzakirə etdiniz. Qeyd edə bilərsinizmi ki, bu, hansı həcmdə və hansı marşrutla baş tuta bilər?

Növbəti sualım cənab Prezident Pırvanovadır. Bu çatdırılma nəticəsində belə bir qənaətə gəlmək olarmı ki, Rusiyadan asılılıq azalacaqdır?

Prezident İlham ƏLİYEV: Bu məsələ ilə bağlı biz dəfələrlə cənab Prezident Pırvanovla fikir mübadiləsi aparmışıq. Bu məsələ daim gündəlikdədir. Qeyd etdiyim kimi, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına çıxarmaq üçün müxtəlif təşəbbüslər irəli sürmüşdür. Hazırda Azərbaycanı xarici bazarlarla birləşdirən dörd qaz kəməri vardır ki, dördü də işlək vəziyyətdədir. Əlbəttə, Avropa İttifaqı ölkələri ilə qaz sahəsində əməkdaşlığımız üçün çox gözəl perspektivlər vardır. Əgər coğrafiyaya nəzər salsanız görmək olar ki, bizim qaz mənbələrimizə ən yaxın ölkələrdən biri Bolqarıstandır. Təbii ki, Bolqarıstan bizim qazımızı qəbul edən ilk ölkələrdən biri ola bilər. Buna nail olmaq üçün biz indi konkret danışıqlar aparırıq.

Yəni, xəritəyə baxmaq kifayətdir görmək mümkün olsun ki, bu layihə asanlıqla həllini tapa bilər. Azərbaycanın zəngin qaz ehtiyatlarını böyük həcmdə Avropa bazarlarına çıxarmaq üçün mövcud olan qaz infrastrukturu genişləndirilməli, yeni qaz infrastrukturu yaradılmalı və tikilməlidir. Bu məsələlərlə bağlı indi ciddi işlər gedir. Əminəm ki, Azərbaycan Bolqarıstanın qaza olan tələbatını Bolqarıstanın istədiyi qədər təmin edə bilər. Çünki hazırda, bu il Azərbaycanda qazın hasilatı təqribən 27-28 milyard kubmetr səviyyəsindədir. Bu, özlüyündə çox böyük bir rəqəmdir. "Şahdəniz" yatağının ikinci fazasının işlənilməsi nəticəsində əlavə 17 milyard kubmetr qazın hasilatı gözlənilir. Əgər Azərbaycanın son bir il ərzində aşkar etdiyi yataqları da buraya əlavə etsək, görərik ki, Azərbaycanda qazın hasilatı daha da böyük rəqəmlərlə ölçülə bilər. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edə bilək.

Prezident Georgi PIRVANOV: Hörmətli xanımlar və cənablar, bilirsiniz ki, bu, bizim Bolqarıstanda qəbul etdiyimiz qərarlardan və Azərbaycan tərəfdaşlarımızla tapdığımız bu həll yollarından asılı olacaqdır. Bu, həm qazın çatdırılması, həm də həcminə aid olan məsələlərdir. Mən burada, həmçinin mühüm bir məsələni də qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Türkiyə arasında əldə edilmiş razılaşmalar artıq bu prosesin - qazın alınması prosesinin sürətləndirilməsinə əsas yaradır. Nə qədər, hansı həcmdə? Bu, İqtisadiyyat Nazirliyində, ümumiyyətlə, hökumətimizdə hesablanacaqdır. Çünki özümüz hesablamaları aparmalıyıq ki, bizə hansı həcmdə təbii qaz lazımdır. Yəni, bu, sırf dövlət başçısının ofisində aparılan bir hesablama deyildir. O ki qaldı qiymətlərə, mən sadəcə, belə deyərdim ki, hətta bütün qaydalardan da kənara çıxaraq deyərdim ki, bu, konkret şirkətlərin və firmaların işidir. Yəni, burada hər hansı bir müqayisələri üzə çıxarmağa ehtiyac yoxdur. Mən sadəcə, bildirmək istəyirəm ki, kiçik uğur da nəinki bizim region üçün, bütün Avropa üçün rəmzi xarakter daşıyacaqdır. Ona görə məhz bizdən asılı olacaqdır ki, biz bu əməkdaşlığın tempini və dinamikasını saxlayacağıq.

Yunis ORUC (Azərbaycan Televiziyası): Sualım Bolqarıstan Prezidentinədir. Cənab Prezident, bir qədər əvvəl də qeyd etdiyiniz kimi, son illərdə Azərbaycan-Bolqarıstan əməkdaşlığı dinamik inkişafı ilə diqqət çəkir. Siz bu əməkdaşlığın perspektivlərini necə görürsünüz? Ümumiyyətlə, Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlığının gələcək formatı haqqında nə deyə bilərsiniz? Bununla bağlı Bolqarıstan tərəfinin hansısa konkret planları varmı?

Prezident Georgi PIRVANOV: Mən münasibətlərimizin gələcəyinə nikbinliklə yanaşıram. Eyni zamanda, hesab edirəm ki, Prezident kimi bu münasibətlərin inkişafına çalışacağam. İndi isə artıq bu estafeti mən gələcək prezidentə təhvil verəcəyəm. Əslində bu münasibətlərin inkişafı ölkələrimizin maraqlarına cavab verir. Bolqarıstanın iqtisadiyyat naziri artıq ikinci dəfədir ki, bu yaxınlarda Azərbaycana səfər edir və aparılan müzakirələr artıq real çərçivəyə, real layihələrə, real addımlara əsaslanır. Mən nikbin baxıram. Niyə? Çünki biz artıq bu əməkdaşlığı şirkətlər səviyyəsinə qaldırırıq. Hətta belə deyərdim ki, səfərimiz çərçivəsində nəzərdə tutulur ki, artıq indi konkret nəticələr üzə çıxacaqdır. Təbii ki, anlamaq lazımdır ki, bu dinamika həm Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi qurumlar tərəfindən də saxlanıla bilər. Gələcək Prezident də artıq vəd vermişdir ki, əldə edilmiş nailiyyətləri və Azərbaycan ilə münasibətləri daha da inkişaf etdirsin.  Mənim buna heç bir şübhəm yoxdur və hətta tam şad olardım ki, bizim münasibətlər bundan sonra da, yəni mənim Prezidentlik dövrümdən fərqli olaraq daha da inkişaf etsin.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM