27 Iyul 2021 22:14
1649
PARLAMENT
A- A+

Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək

 

İyulun 27-də Bakıda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin iştirakı ilə birinci üçtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova giriş nitqi ilə çıxış edərək qonaqları səmimiyyətlə salamlayıb. O, ötən ay Azərbaycan parlament nümayəndə heyətinin İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının İkinci Ümumi Konfransında iştirakını xatırladaraq, konfrans çərçivəsində keçirilən görüşlərin olduqca faydalı olduğunu, bir sıra vacib qərarlar qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, bunlardan biri də Azərbaycan tərəfindən irəli sürülmüş Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının təsis edilməsi ilə bağlı təşəbbüsdür.

Beynəlxalq aləmdə öz sözü olan Azərbaycan, Pakistan və Türkiyənin bu gün öz regionlarında aparıcı ölkələr sırasına daxil olduqlarını diqqətə çatdıran Milli Məclisin sədri hər üç dövlətin müstəqil xarici siyasət həyata keçirdiyini qeyd edib. Dövlətlərimiz arasında mövcud olan münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu var. Azərbaycan, Pakistan və Türkiyə bir-biri ilə sıx bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir, əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanır. Sahibə Qafarova bildirib ki, ölkələrimiz artıq bir neçə sahədə üçtərəfli formatda əməkdaşlıq edir. Belə ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur.

Xalqlarımızın hər zaman bir-birinə bağlı olduqlarını və öz dəstəklərini əsirgəmədiklərini xatırladan S.Qafarova bunun bariz nümunəsi olaraq, Vətən müharibəsi zamanı Pakistan və Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi qeyd edib. Onun sözlərinə görə, bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılanıb, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları da qürurla dalğalandırılıb. Milli Məclisin sədri xüsusi qeyd edib ki, hökumətlərimiz və xalqlarımız arasında qardaşlıq münasibətləri ali qanunvericilik orqanlarımızın timsalında da öz əksini tapır. Məhz bu münasibətlərin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs Pakistan və Türkiyə tərəfindən müsbət qəbul olunub.

Sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Gündəliyə əsasən, əvvəlcə Bakı Bəyannaməsinin mətni müzakirə və təsdiq edilib. Sonra gələcək koordinasiya üçün əlaqələndirici şəxslər təyin olunub. Həmçinin Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslamabad şəhərində keçirilməsi qərara alınıb.

Görüşün yekununda Sahibə Qafarova bu gün təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatının ölkələrimiz arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Sonra parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək Azərbaycan parlamentində belə bir tədbirin keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan, Pakistan və Türkiyə arasında mövcud olan münasibətlər və əməkdaşlıq xalqlarımızın qardaşlıq əlaqələrinə, qarşılıqlı hörmət və etimadına söykənir.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və hazırda bölgədə yeni reallıq yaranıb.

Parlamentin sədri söyləyib ki, haqlı mübarizəmizdə qardaş ölkələr Türkiyə və Pakistan tərəfindən bizə açıq siyasi və mənəvi dəstək göstərilməsi dövlətlərimiz arasında müttəfiqliyin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

Milli Məclisin sədri dünyada qərəzli və ədalətsiz yanaşmaların mövcudluğu və getdikcə artması səbəbindən qardaş dövlətlərin parlamentlərinin də bu proseslərə fəal dəstək göstərməsinin çox əhəmiyyətli olduğunu deyib.

Sahibə Qafarova qeyd edib ki, parlament sədrlərinin üçtərəfli əməkdaşlıq platformasının səmərəli fəaliyyət göstərməsi ortaq milli maraqlarımızın beynəlxalq platformalarda, xüsusən beynəlxalq parlament təşkilatları çərçivəsində birgə müdafiəsini təmin edəcəkdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi, 30 illik münaqişəyə son qoyulması, həmçinin regionun geosiyasi mənzərəsini dəyişib. Bu gün Cənubi Qafqaz regionu üçün sülh, sabitlik və hərtərəfli əməkdaşlıq imkanları, nəqliyyat və kommunikasiya əlaqələrinin reallaşması üçün şərait yaranıb. Bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır. Bu, Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcək bir dəhlizdir.

Milli Məclisin sədri onu da diqqətə çatdırıb ki, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis-Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcəkdir.

Sahibə Qafarova bildirib ki, 3 qardaş ölkənin parlament sədrlərinin yeni formatda ilk görüşünün yekununda qəbul olunan Bakı Bəyannaməsində əksini tapan məsələlərin dövlətlərimiz arasında münasibətlərin inkişafının parlament ölçüsünü möhkəmləndirməyə kömək göstərəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin sədri Ermənistan Respublikasının minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin qınanmasının, azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması səylərində Azərbaycanla həmrəylik göstərilməsinin vacibliyindən də danışıb.

Görüşdə çıxış edən Pakistan parlamentinin sədri Əsəd Qeysər 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib.

Əsəd Qeysər deyib ki, parlament sədrlərinin üçtərəfli görüş formatı yaxşı fürsət yaradır. O, bu fürsətdən səmərəli istifadə etmək üçün bir sıra təkliflərini diqqətə çatdırıb. Ə.Qeysər ticarət, turizm, insan resurslarından istifadə sahələrində əməkdaşlığın vacibliyindən danışıb. Bildirib ki, Pakistanda Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin yaradılması, birgə sənədli filmlərin çəkilməsi, tələbə mübadiləsinin həyata keçirilməsi çox faydalı olardı.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop üç qardaş ölkənin parlament sədrlərinin ilk dəfə Bakıda keçirilən üçtərəfli formatda görüşünü yüksək qiymətləndirib. Bildirib ki, ölkələrimiz və bölgəmizə təhdidləri dəf etmədən inkişaf mümkün deyil. O, müdafiə, nəqliyyat, ticarət, enerji, təhsil sahələrində fəaliyyətin üçlü əməkdaşlığın təməl daşları olduğunu düşündüyünü deyib. TBMM-nin sədri Şuşa Bəyannaməsini bu yolda atılmış bünövrə sayılacaq addım adlandırıb. Mustafa Şentop Bakı Bəyannaməsinin də əhəmiyyətini qeyd edib, Ermənistanın Azərbaycanın sülh anlaşması çağırışına cavab verməsinin vacibliyindən danışıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Bakı Bəyannaməsini imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bununla da Azərbaycan, Türkiyə, Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşü başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video