09 Iyun 2021 22:52
547
SİYASƏT
A- A+

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında YAP-ın və AKP-nin mühüm xidmətləri var

 

Azərbaycanla Türkiyə arasında bütün sahələri əhatə edən münasibətlər qardaşlıq prinsipləri əsasında sağlam və sarsılmaz təməl üzərində yüksələn xətlə inkişaf etməkdədir. Siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə uğurla davam edən əməkdaşlığımız ən yüksək səviyyədədir. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər qarşılıqlı bağlara malik olmağımız bu münasibətləri daha da qırılmaz edir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi bütün məsələlərdə hər iki qardaş dövlət bir-birinin yanında olub, istənilən beynəlxalq müstəvidə vahid maraqdan çıxış ediblər. Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri-kədərimiz, sevinci-sevincimiz” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları bu münasibətlərin xarakterini və mahiyyətini açıq-aydın ortaya qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri, səsləndirdikləri bəyanatlar, həyata keçirdikləri siyasi-iqtisadi layihələr münasibətlərimizin ən yaxşı səviyyəsinin bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, STAR neft emalı zavodunun fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi iri enerji layihələri də birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza mühüm töhfə olub. Münasibətlərimizdə iqtisadi əlaqələrin mühüm əhəmiyyəti var. Statistika göstərir ki, Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkə Türkiyədir. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib. Bu iqtisadi tərəfdaşlıq istər ölkə miqyasında, istərsə də region miqyasında hər iki dövlətin nüfuzunun və iqtisadi gücünün artmasında əhəmiyyətli rol oynayır”, - deyə AHİK sədri bildirib.

S.Möhbalıyevin sözlərinə görə, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə bütün mənəvi və diplomatik imkanları ilə ölkəmizin yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan, digər dövlət rəsmiləri, deputatlar, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Vətən müharibəsi dövründə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər dövlət rəsmiləri dəfələrlə ölkəmizə səfərlər edərək hər zaman Azərbaycanın yanında olacaqlarını bəyan etməklə bizə dəstək olurdular. Zəfər paradında Prezident Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin iştirakı qardaşlıq münasibətlərimizi bir daha nümayiş etdirmiş oldu.

“Hər iki ölkənin hakim partiyaları - Ədalət və İnkişaf Partiyası (AKP) ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolu münasibətlərimizdə müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Geniş sosial bazaya malik hər iki partiya dövlətlərimizin güclənməsində, əlaqələrimizin bu səviyyəyə gəlib çıxmasında böyük xidmətlər göstərib. İnanırıq ki, bu əməkdaşlıq milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də deputatların beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına bundan sonra da uğurla xidmət edəcək”, - deyə deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video