11 Iyun 2021 02:50
1062
İQTİSADİYYAT
A- A+

Azərbaycan sənayeləşmədə müəyyən etdiyi hədəflərə nail olur

 

Tezliklə Ağdam Sənaye Parkı da bu sahədə öz sözünü deyəcək

 

Dünya Azərbaycanın  işğaldan azad edilmiş torpaqlarında həyata keçirdiyi bərpa-quruculuq işlərini diqqətlə izləyir. Hətta bir çox tanınmış xarici şirkətlər bu prosesdə yaxından iştirak etmək üçün dövlətimizin başçısına müraciət etmişdir.

Prezident İlham Əliyev bərpa-quruculuq işlərinin ilk anından bəyan edib ki,  həmin ərazilərdə istehsal, nəqliyyat və xidmət sahələri yüksək texnologiyalardan istifadə olunmaqla yaradılacaq. Hazırda Füzulidə inşa edilən hava limanında işlər sürətlə davam edir,  Zəngilan aeroportunun tikintisi üçün isə hazırlıq  başa çatmaq üzrədir. Eyni zamanda, avtomobil və dəmir yollarının çəkilişi aparılır, elektrik xətləri, ötürücü yarımstansiyalar inşa edilir. Artıq Şuşa şəhərində yeni yarımstansiya istifadəyə verilib, Qarabağın digər ərazilərindəki su elektrik stansiyaları da bərpa olunur.

Xəbər verilidiyi kimi, Prezident bu il mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada inşaat materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye, Cəbrayılda logistika və ticarət, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə hasilat və turizm mərkəzləri yaradılacaq.

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Müəssisələrə 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, qovşaqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır.

Məlumdur ki, dayanıqlı inkişaf istehsalyönümlü sənayenin miqyasından asılıdır. Bunun üçün  hər bir ölkədə sənaye istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır. Bizdə bu sahədə üstün mövqe neft sənayesinə məxsusdur. Lakin enerji daşıyıcılarının qiyməti dünya üzrə sabit olmadığı üçün bu dəyişkənlik ölkənin maliyyə bazarına bəzən müsbət, bəzən də mənfi təsir göstərir. Odur ki, ölkəmizdə də iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ön plana çıxmış, bu sektorun inkişafı üçün iqtisadi islahatların aparılmasına start verilmişdir. Bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sektorunun payı xeyli artmışdır.

Məlumdur ki, ölkəmizdə sənayeləşmə prosesini sürətləndirmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən sənaye potensialının gücləndirilməsi, sahədə rəqabətqabiliyyətliliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Bu baxımdan  sənayeləşmə prosesində ölkədə yaradılan texnoparkların da əhəmiyyəti böyükdür. Çünki onlar yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir. Buna elmin son nailiyyətlərindən və müasir texnologiyalardan istifadə etməklə nail olunur. Həmin səbəbdən də  Bakıda, eləcə də bölgələrdə texnoparkların və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Məqsəd həmçinin yerli və xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərməkdir. Atılan bu müsbət addım bəhrəsini verir. Belə ki, yeni yaradılan texnoparklarda xarici və yerli sahibkarların fəaliyyəti getdikcə genişlənir.

Texnoparklar yaradılarkən sahibkarlığın yeni istiqamətlər üzrə inkişafı da nəzərə alınıb. Bunun nəticəsidir ki, həmin parklarda xarici və yerli sahibkarlar birgə çalışırlar. Texnoparklara investisiya cəlb edilməsi üçün onlara müəyyən güzəştlər də edilir. Bu da istər yerli, istərsə də xarici sahibkarlar üçün əlverişlidir. Xüsusilə birbaşa xarici investisiyaların cəlb edilməsi üçün münasib infrastrukturun yaradılması,  güzəştlər mexanizmi, müvafiq prosedurların sadələşdirilməsi, həmçinin elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər sahibkarların daha çox diqqətini çəkir. 

Sözsüz ki, bütün bunlar dövlət dəstəyi sayəsində mümkün olur. İnvestorlar üçün yaradılan geniş imkanlar da bu sahəyə dövlət dəstəyinin olduğunu təsdiq edir.

Dünya sənaye tarixinə nəzər yetirdikdə görürük ki, zaman-zaman onun müxtəlif inkişaf formaları meydana gəlir. Bunlardan biri də məhz texnopark adlanan yeni istehsal və xidmət sahələridir. Yeni sənaye birlikləri olan texnoparklar ötən əsrin 50-70-ci illərində fəaliyyətə başlayıb. İkinci mərhələ 80-90-cı illəri əhatə edib, üçüncü mərhələ isə 2000-ci ildən başlayaraq bugünədək davam edir.

Texnoparkların belə mərhələlərlə inkişafı səbəbsiz deyil. Statistikadan aydın olur  ki, hər 15-20 ildənbir texnoparkların yeni formalarının yüksəliş dövrü başlayır. Bu da bazar və iqtisadiyyatın dəyişkən inkişaf tendensiyası və ümumilikdə cəmiyyətin transformasiyası ilə izah olunur.

Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Regional Mərkəzinin Azərbaycanda yaradılması haqqında Davosda niyyət protokolu imzalanmışdır. Bu, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı sahəsində görülən işlərə verilən yüksək qiymətdən irəli gəlir və belə bir sənədin imzalanması həmin mötəbər tədbirdə çox diqqətçəkən məqam olmuşdur. Protokol imzalanandan sonra Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Azərbaycan Prezidentinə müraciət edərək demişdir: “Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan 4-cü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video