03 Sentyabr 2016 02:09
911
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 321

 

№ 321                         Bakı şəhəri, 30 avqust 2016-cı il

 

“Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yaşıllıqların götürülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 9, maddə 864) 1-ci hissəsi ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Yaşıllıqların götürülməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəkiyaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.

1.2. Yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtiləkəsilməsinə yönəldilmiş tədbirdir.

 

2. Yaşıllıqların götürülməsi qaydası

 

2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir.

2.2. Yaşıllıqlarıngötürülməsinə aşağıdakı hallarda yol verilir:

2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

2.2.2. şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;

2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;

2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.

2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

2.5. Yaşıllıqlarıngötürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur:

2.5.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti;

2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı),  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti;

2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd;

2.5.4. yaşıllığın götürülməsininəsaslandırılması.

2.6. Ərizəçidən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.7. Yaşıllıqlarıngötürülməsinə dair  ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında,  yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqlarıngötürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.

2.8. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı,  yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir  və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir.

2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqlarıngötürülməsinə dair  rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və  bu Qaydanın  əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

2.10. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın  əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

2.11. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.

 

3. Yaşıllıqlarıngötürülməsinə rəyin verilməsi qaydası

 

3.1. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqlarıngötürülməsinə dair  istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir.

3.2. Yaşıllıqlarıngötürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin(kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtiləkəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqlarınnövü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir.

3.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlarıngötürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir.

3.4. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsi barədə müraciətlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır, dərhal təqdim olunmuş sənədlər yoxlanılır, yerli qurumlar tərəfindən 1 (bir) gün müddətində yaşıllığa yerində baxış keçirərək nəticəsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 (bir) təqvim günü ərzində yaşıllıqlarıngötürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir. 

 

4. Yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydası

 

4.1. Ərizəçinin müraciəti əsasında istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin  yaşıllığın götürülməsi haqqında qəbul olunmuş qərarına əlavə olunan  yaşıllığın götürülməsi vərəqi bu Qaydanın əlavəsində göstərilən formasında verilir. 

4.2. Yaşıllığın götürülməsi vərəqində aşağıdakılar göstərilir:

4.2.1. yaşıllığın götürülməsi haqqında qərar qəbul edən dövlət orqanının və ya bələdiyyənin adı;

4.2.2. yaşıllığın götürülməsi haqqında qərarın tarixi, nömrəsi və icra müddəti;

4.2.3. yaşıllığın götürülməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin tarixi və nömrəsi;

4.2.4. yaşıllığın götürülməsinin məqsədi;

4.2.5. yaşıllığın götürüldüyü ünvan;

4.2.6. götürülən yaşıllıqların növü, mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi, ağac və kolların sayı, cinsi, diametri, hündürlüyü, gül-çiçək və ot bitkilərinin sahəsi;

4.2.7. yaşıllığın götürülməsini zəruri edən bu Qaydanın 2.2-ci bəndində qeyd olunan hal və ya hallar;

4.2.8. ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi(kökündən çıxarılması) və ya bərpa olunma müddəti.

4.3. Bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllıqların götürülməsi qadağandır.

4.4. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının işçilərinin və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə ərizəçi tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir.

4.5. Yaşıllığın götürülməsi müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurumlar  tərəfindən yerinə yetirilməlidir.

4.6. Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

4.6.1. ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4х2,4х0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);

4.6.2. vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan)  ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;

4.6.3. sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;

4.6.4. bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

4.6.5. qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

4.6.6. ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır;

4.6.7. yeri dəyişdirilən (kökündən çıxarılan) ağac və kolların əkilməsi üçün torpaq sahələri əkinə ən azı 10-15 (on-on beş) gün qalmış hazırlanmalıdır.

4.7. Bu Qaydanın 2.2.1-ci, 2.2.2-ci və 2.2.6-cı yarımbəndlərində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesablanmış, onların bərpa dəyərini təşkil edən vəsaitlər torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçilərinə ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.

4.8. Bu Qaydanın 2.2.3-cü (yaşıllığın binanın inşasından əvvəl salınması halı istisna olmaqla), 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərində nəzərdə tutulan hallarda yaşıllıqlarıngötürülməsinə (kəsilməsinə) görə bərpa dəyəri ödənilmir.

4.9. Bu Qaydanın 2.2.1-ci yarımbəndində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir.

4.10. Götürülən yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun bərpa edilir.

 

 

“Yaşıllıqların götürülməsi  Qaydasına”

 

əlavə

  

YAŞILLIĞIN   GÖTÜRÜLMƏSİ

 

V Ə R Ə Q İ

 

 Yaşıllığın götürülməsi haqqında qərar qəbul edən dövlət orqanın və ya bələdiyyənin adı

 

Yaşıllığın götürülməsi haqqında qərarın tarixi, nömrəsi və icra müddəti

 

 

Yaşıllığın götürülməsi haqqında  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin tarixi və nömrəsi

 

 

Yaşıllığın götürülməsinin məqsədi

 

Yaşıllığın götürüldüyü ünvan

 

Götürülən yaşıllığın növü

 

Götürülən yaşıllıqların mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi

 

 

Götürülən ağac və kolların sayı, cinsi, diametri, hündürlüyü,  gül-çiçək və ot bitkilərinin sahəsi

 

 

Yaşıllığın götürülməsini zəruri edən hal və ya hallar

 

Ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi(kökündən çıxarılması) müddəti

 

Yaşıllıqlarınbərpa olunma müddəti

 

 

 

Dövlət orqanının (və ya bələdiyyənin) rəhbəri

          ______________________

 

Qeydiyyat icraçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video