13 Iyun 2012 01:06
668
PARLAMENT
A- A+

«Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanunu təsdiq edildi

 

İyunun 12-də  Milli Məclisin növbədənkənar sessiyasının  ilk  iclası keçirildi. Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 2011-ci ilin noyabr ayında parlamentin qəbul etdiyi "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu prosedura uyğun olaraq 6 aydan sonra yenidən təkrar səsverməyə çıxarıldı.

Sənədlə bağlı məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu sənəd  Konstitusiya qanunu olduğu üçün 6 aydan sonra ikinci səsverməyə çıxarıldı. Qanunda deyilir ki, "keçmiş prezident" Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxs hesab olunur. Keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər tutulur. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyildir.

Sənəddə vəfat etmiş prezidentin həyat yoldaşına və öhdəsində olan ailə üzvünə ödənməli olan müavinət məsələsi də əksini tapıb. Belə ki, keçmiş prezidentin vəfat etməsindən sonra onun həyat yoldaşı və ya həyat yoldaşı olmadıqda öhdəsində olan övladına aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödəniləcək. Keçmiş prezident səlahiyyət müddəti zamanı vəfat etdikdə onun həyat yoldaşına və öhdəsində olan uşağına prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödəniləcək. Keçmiş prezidentə pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək veriləcək. Keçmiş prezident vəfat etdikdə isə müavinət onun həyat yoldaşına, o da vəfat edibsə, öhdəsində olan uşağa 18 yaşına çatdığı tarixədək ödənilməlidir. Ümumilikdə pensiya və müavinətlərin ödənilməsi və digər təminatlar dövlət büdcəsində nəzərdə tutulacaqdır. Keçmiş prezidentlərə ödənilən pensiya və müavinət gəlir vergisinin tutulmasından azaddır. Dövlət qulluğu üçün müəyyən olunmuş tibb təminatı üzrə hər hansı qanun və qaydaların müddəaları da keçmiş prezident və onun ailə üzvlərinə şamil olunacaq. Qanunda keçmiş prezidentlərə 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobilin ayrılması, prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 20 faizi məbləğində nümayəndəlik xərclərinin ödənilməsi, keçmiş prezident və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilməsi də nəzərdə tutulub. Keçmiş prezident seçilməmişdən əvvəl və ya prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaqdır. Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz.

Sonra Konstitusiya qanununu təkrar səsverməyə çıxarılaraq 106 səs lehinə olmaqla qəbul edildi.

İclasda "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarıldı. Qanun layihəsini təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliklər kifayət qədər geniş müzakirələrə səbəb olub, müəyyən təkliflər səsləndirilib və qanun layihəsi işlənilən zaman proqressiv təkliflər nəzərə alınıb: "Ümid edirik ki, bu dəyişikliklər gələcəkdə pasport alınmasında problemlərin aradan qaldırılmasına imkan verəcək".

Ümumvətəndaş pasportlarının 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək uşaqlara verilməsi təklif olunub. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illlik müddətə verilməsi nəzərdə tutulur. Yeni sənəddə qeyd olunur ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq. Pasportda göstərilən məlumatlar sırasında pasportun seriyası, vətəndaşla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix sözləri çıxarılır, məlumatlar sırasına "fərdi identifikasiya nömrəsi" və "etibarlılıq müddəti" sözləri əlavə olunur.

Müzakirələr zamanı çıxış edən deputatlar - Elmira Axundova, Jalə Əliyeva, İlyas İsmayılov, Zahid Oruc, Flora Qasımova bu dəyişikliklərlə bağlı maraqlı fikirlər söylədilər, yeni təkliflər irəli sürüblər. Bildirildi ki, uşaqlar üçün pasport alma qaydaları sadələşdirilməlidir və verilmə müddəti 10 gün olduğuna baxmayaraq, uşaqlar nəzərə alınıb pasport 2-3 gün ərzində verilməlidir. Sonra qanun layihəsinə edilən dəyişiklik səsə qoyularaq qəbul edildi.

İclasda "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihəsini təqdim edən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, dəyişikliklər inzibati ərazi bölgüsü olmayan rayonlarda sahə inzibati ərazi dairələrinin yaradılmasını nəzərdə tutur.

Layihədə deyilir ki, dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairələri əhalisi 20 min nəfərə qədər olan ərazilərdə yaradılacaq. Müzakirələr zamanı çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Fərəc Quliyev, İlyas İsmayılov, Zahid Oruc və Fazil Mustafa bildirdilər ki, yeni yaradılacaq qurumlar üçün dövlət büdcəsindən əlavə xərclər ayrılacaq. Deputatların bəzilərinin fikrincə, yeni yaradılacaq qurumlar bələdiyyələrə qarşı bir orqan olacaq. Deputat Tahir Rzayev, Fəzail İbrahimli isə dedi ki, bu qurumlar ölkədə yeni iş yerlərinin açılmasına, gənc kadrların işlə təmin olunmısına və əhalinin icra strukturlarına daha da yaxınlaşmasına yardımçı olacaq. Eyni zamanda, bu, cox mühüm idarəetmə islahatıdır. Ona görə da dəyişikliklər müsbət qiymətləndirilməlidir.

Milli Məclis sədrinin müavini Bahar Muradova da bu məsələyə münasibət bildirdi. Bahar Muradova yeni qurumun bələdiyyəyə qarşı bir orqan kimi yaradılması təsəvvürünün yanlış olduğunu vurğuladı: "Bu gün icra hakimiyyəti institutunun təkmilləşməsinə ehtiyac var. Heç zaman bu qurum ləğv edilməyəcək və heç bir zaman yerli bələdiyyə orqanları ilə əvəz olunmayacaq. Azərbaycan prezident üsul-idarəsi ilə idarə olunur və onun da icra orqanları adıçəkilən qurumlardır. Onlar daimi işlək qurumlar olacaqlar. Hazırda bələdiyyə qurumlarına qarşı addımlar atılmır, əksinə, bu qurumun öz fəaliyyətini daha çevik və insanların mənafeyi naminə daha asan həyata keçirilməsi yolları aranır. Ona görə də hesab edirəm ki bu dəyişikliklər qəbul olunmalıdır və onun yerinə yetirilməsi üçün Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait vardır".

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə diqqətə çatdırdı ki, yeni yaradılacaq qurumlar  icra strukturlarının xalqa daha da yaxınlaşmasını təmin edəcək: "Burada söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir. Bələdiyyələrə gəlincə, gələcəkdə onların da hüquqları artırılacaqdır. Ancaq hazırda yerli icra strukturları ilə bağlı məsələlərdə müəyyən qədər boşluqlar var. İyun ayının 6-da Azərbaycan Prezidentinin fərmanı ilə yerli idarəetmə orqanları haqqında Əsasnamə təsdiqlənib və indi qanun buna uyğunlaşdırılır. Məqsəd yalnız ondan ibarətdir ki, Azərbaycanda bütün kateqoriyalardan ibarət insanların hüquq və azadlıqlarının təminatı, o cümlədən siyasi təminatı həllini tapsın".   

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edildi.

İclasda "İstehsalat və məişət tullantıları haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olundu. Birinci sənədlə baglı Muilli Məclis sədrinin müavini Valeh Ələsgərov, ikincisi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.  Həmçinin piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə cərimə də müəyyənləşdirilir. Bu cür qanun pozuntusuna görə 20 manat cərimə tətbiq olunacaq (hazırda bu məbləğ 10 manatdır).

Müzakirələr zamanı deputatlardan Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Elmira Axundova, Sahib Alıyev, İlham Əliyev, Fazil Mustafa, Bəxtiyar Əliyev, Astan Şahverdiyev, Rafael Cəbrayılov, Adil Əliyev, Musa Qasımlı, Sədaqət Vəliyeva çıxış edərək müxtəlif təkliflər səsləndirdilər. Bildirildi ki, bu dəyişiklik insanların sağlamlığının qorunmasına, sağlam həyat təminatına yönəlib. Eyni zamanda, cərimələrin artırılması insanların daha məsuliyyətli olmalarına şərait yaradacaq. Bununla bağlı əhalinin maarifləndirilməsi üçün sosial reklamların sayı coxalmalıdır. Bakı şəhərində piyada keçidlərinin sayı artmalıdır. Deputat Cavid Qurbanov isə bildirdi ki, yaxın zamanda Bakı şəhərində 54 yeni piyada keçidi tikiləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edildi.

Günün ikinci yarısında Milli Məclis öz işini davam etdirdi. Deputatlar Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi, "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə təklif olunan dəyişiklikləri, eləcə də Şəhərsalma və Titinti Məcəlləsinin layihəsini ikinci oxunuşda təsdiq  etdilər.

"Kommersiya sirri haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar artıq kommersiya sirri sayılacaq. Müzakirələrdə çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Asim Mollazadə, İqbal Ağazadə və Fazil Mustafa qanuna nəzərdə tutulan  dəyişikliklərlə bağlı öz təkliflərini söylədilər. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə bildirdi ki, Azərbaycanda hansısa bir qanuna dəyişiklik edilərkən hər hansı Avropa ölkəsi ilə müqayisə aparılmamalıdır: "Biz niyə Avropadan soruşmalıyıq ki, nəyi nə cür qəbul etməliyik?! İstənilən Avropa ölkələrində kommersiya sirri ilə bağlı qanunlarda bizim müddəalardan da kəskin müddəalar var". Mübariz Qurbanlı hesab edir ki, hər hansı qanun qəbul edəndə Avropa strukturlarından icazə alınmamalıdır: "Biz qanunu bu formada qəbul etməliyik. Bu, Azərbaycanda iqtisadi maraqlara, ayrı-ayrı şirkətlərin, sahibkarların maraqlarına uyğundur". Vitse-spiker Valeh Ələsgərov bildirdi ki, şirkətin statusu, fəaliyyəti, təsisçiləri ilə bağlı məlumatlar kommersiya sirri kimi saxlanılır və bu, dünyada da belədir: "Şirkət tərəfindən cəlb edilən podratçılar, subpodratçılar, ekspertlər müvafiq öhdəliklər götürürlər. Şirkətin məxfi hesab etdiyi məlumatlar, təsisçilər haqqında məlumatlar başqa şirkətlərə o vaxt açıqlanır ki, bu məlumatlar yayılmasın. Əgər xaricdə hər hansı şirkət fond birjasında səhmlərini saxlayırsa, o haqda təsisçiləri və nizamnamə kapitalı barədə məlumat açılmır. O cümlədən, hansısa ailənin şirkəti varsa, 100 ildir ki, fəaliyyət göstərirsə, bu barədə məlumat açıqlanmır. Vergi qurumları, bank və digər qurumlar da bu məlumatları açıqlaya bilməz. Əslində, bu, indiyə qədər mövcud olan qeyri-müəyyənliyi aradan götürür". Deputatların təkliflərinə münasibət bildirən Ziyad Səmədzadə isə diqqətə çatdırdı ki, biznes məlumatlarının açıqlanması üçün qanun kifayət qədər şəffaflıq yaradır: "Bu dəyişikliklər Azərbaycanda sahibkarlıq mühitini qətiyyən məhdudlaşdırmır. Bu gün Azərbaycanda sahibkarlar mənfəətlərini ödəyirlərsə, vergi verirlərsə, bu, o deməkdir ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şərait var. Bu dəyişiklik də sahibkarlığın inkişafına yönəlib. Təsis məlumatları 8 bənddən ibarətdir və yalnız biri kommersiya sirri sayılır". Daha sonra qanun layihəsinə edilən dəyişiklik səsverməyə çıxarıldı və qəbul edildi.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə edilən dəyişikliyə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında qanunla məhkəmə, istintaq, təhqiqat orqanlarına, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunla müəyyən edilmiş hallarda   monitorinq orqanına, kommersiya hüquqi şəxsin digər təsisçilərinə, eləcə də  şəxsin razılığı ilə üçüncü şəxsə verilə bilər. Qanun layihəsinə edilən dəyişiklik qəbul edildi.

"İnformasiya əldə etmək haqqında" qanuna təklif olunan dəyişikliyi təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təklif olunan əlavədə deyilir: "İnformasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın". Əli Hüseynli diqqətə çatdırdı ki, belə bir müddəa ölkəmizdə qəbul olunmuş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanununda öz əksini tapıb. "İnformasiya əldə etmək haqqında" qanuna təklif olunan əlavə isə onun daha da təkmilləşdirilmiş formasıdır. Müzakirələr zamanı deputatlardan İqbal Ağazadə, Zahid Oruc, Rafael Cəbrayılov, Aqil Abbas, Mübariz Qurbanlı və Aydın Mirzəzadə çıxış edərək öz təklif və fikirlərini səsləndirdilər. Dəyişiklik səsə qoyularaq təsdiq edildi.

Sonra iclasda  Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Əli Hüseynli dedi ki, Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi Milli Məclisin müvafiq işçi qrupu tərəfindən hazırlanıb. Layihə ilə bağlı ictimai müzakirələr aparılıb. Həm komitə iclaslarında, həm də plenar iclasda sənədin ilk oxunuşunun müzakirəsi zamanı deputatların səsləndirdikləri təkliflərin bir çoxu nəzərə alınaraq layihəyə daxil edildi. Bu təkliflər layihənin daha da təkmilləşdirilməsinə xidmət edib.  Müzakirələrdə çıxış edən deputatlar Tahir Rzayev, Gülçöhrə Məmmədova, Leyla Abdullayeva, Bəxtiyar Əliyev, Ağalar Vəliyev və Azər Badamov qeyd etdilər ki, bu məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edəcək. Deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər, məcəllənin çox əhatəli hazırlandığını, üçüncü oxunuşa qədər bugünkü təkliflərin də nəzərə alınmasının vacibliyini qeyd etdilər. Müzakirələrin sonunda məcəllə ikinci oxunuşda qəbul edildi. Bununla da, Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto)

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video