11 Fevral 2012 01:02
736
Qanunlar
A- A+

«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 142; 2002, № 6, maddə 328; 2004, № 7, maddə 505; 2006, № 12, maddə 1033; 2007, № 1, maddə 4; 2010, № 5, maddə 386; 2011, № 2, maddə 71; Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 230-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. ikinci və üçüncü hissələr müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

"Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.";

1.2. dördüncü hissədən "və ya onun qanuni nümayəndəsi" sözləri çıxarılsın;

1.3. beşinci hissədən "və ya vəsiqə sahibinin qanuni nümayəndəsi" sözləri çıxarılsın;

1.4. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

"Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.".

2. 2-ci maddə ləğv edilsin.

3. 3-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir:

bu maddənin birinci hissəsində göstərilən məlumatlar;

vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;

vətəndaşın doğulduğu yer, yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi;

vətəndaşın valideynlərinin soyadı və adı;

vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir);

vətəndaşın uşaqlarının soyadı və adı;

vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır);  

şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi;

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də nəzərdə tutulduğu halda digər məlumatlar.

Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir.".

4. 4-cü maddə üzrə:

4.1. birinci hissədə "və ya onun qanuni nümayəndəsinin" sözləri (hər iki halda) və "16 yaşına çatmış vətəndaşın" sözləri çıxarılsın və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.";

4.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

"Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.";

4.3. aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:

"Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir.

Fotoşəklə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.";

4.4. maddəyə aşağıdakı məzmunda "Qeyd" əlavə edilsin:

"Qeyd: 2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.".

5. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir.

Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 (bir) gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.".

6. 8-ci maddədə "verilməsində (dəyişdirilməsində)" sözlərindən sonra ", vəsiqənin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində" sözləri əlavə edilsin.

7. Bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2011-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video