26 May 2012 04:05
432
PARLAMENT
A- A+

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun Avropa Parlamentinin Sədri Martin Şultsa məktubu

 

Hörmətli həmkar!

Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə bizim ölkəmizdə təəssüf və narahatlıq hissləri doğurmuşdur. Bununla əlaqədar olaraq qətnamədə qaldırılan məsələlərə aydınlıq gətirmək üçün Sizə müraciət etmək qərarına gəldim.  

Heç bir təzyiqə və çətinliyə baxmadan Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan hüquqi dövlət quruculuğu yolunu şüurlu surətdə və qəti olaraq seçmişdir. 2001-ci ildən ölkəmiz Avropa Şurasının üzvüdür, digər Avropa qurumları ilə sıx əlaqələr saxlayır. Xüsusən, biz Avropa İttifaqı, o cümlədən Avropa Parlamenti ilə münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Azərbaycan demokratiyanın genişləndirilməsində, insan hüquqlarının və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin olunmasında və digər məsələlərdə Avropa İttifaqı və Avropa Parlamenti ilə səmərəli əməkdaşlıq edir. 

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi fəaliyyət göstərir. Azərbaycan Respublikası Avronest Parlament Assambleyasının təsisçilərindən biridir. Bildiyiniz kimi, bu il aprel ayının əvvəllərində Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda ilk sessiyası  Bakıda keçirilmişdir.

İndiyədək Avropa Parlamenti Azərbaycana dair qəbul etdiyi bir neçə qətnamədə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdir.

Avropa Şurasının üzvü, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının fəal iştirakçısı kimi Azərbaycan öz üzərinə müəyyən öhdəliklər götürmüşdür və bu öhdəlikləri ardıcıl surətdə yerinə yetirmək üçün əzmlə çalışır. Azərbaycanın Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir. Konstitusiyanın üçdəbir hissəsi insan hüquqlarına həsr olunmuşdur. Demokratik, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi üçün genişmiqyaslı işlər müntəzəm həyata   keçirilir.

İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu, Seçki Məcəlləsi, "Sərbəst toplaşmaq azadlığı haqqında", "Siyasi partiyalar haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında", "Məlumat azadlığı haqqında", "Gender bərabərliyinin təminatları haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə  Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Qeyd etmək yerinə düşər ki, göstərilən Məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı"nda nəzərdə tutulan tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. İnsan hüquqlarının və azadlıqlarının qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimi, "İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında" Avropa Konvensiyasından və "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktdan irəli gələn öhdəliklərin genişmiqyaslı implementasiyası təmin edilmişdir. 

Əlbəttə, biz yaxşı başa düşürük ki, bu sahədə müəyyən nöqsanlar vardır. Azərbaycan gənc demokratik ölkədir, demokratiyanın imkanları isə tükənməzdir, demokratik dəyərlər sistemi hər gün daha da zənginləşir, zaman yeni-yeni problemləri qarşıya çıxarır. Əsas məsələ budur ki, müəyyən edilən çatışmazlıqları aradan qaldırmaq üçün məqsədyönlü iş aparılır. Bu sahədə beynəlxalq təşkilatların göstərə biləcəyi köməyin əhəmiyyəti çox böyükdür. Amma bu məsələdə qeyri-obyektivliyə yol verilməsi əsla işin xeyrinə deyildir. Baş verən ayrı-ayrı halları ümumiləşdirərək Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa, xüsusi məsələləri ümumi inkişaf meyili kimi təqdim etməyə cəhd göstərilməsi məsələlərə birtərəfli yanaşmanı nümayiş etdirir. Bütün bunları nəzərə aldıqda, Avropa Parlamentinin son qətnaməsi  ümumi ruhuna və mətninə görə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən işlərin üstündən xətt çəkmək cəhdi kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, qətnamənin bu şəkildə qəbul edilməsinin başlıca səbəblərindən biri müzakirələrdə Azərbaycan tərəfinin arqumentlərinin nəzərə alınmaması, dəqiq olmayan və yoxlanılmamış məlumatların əsas götürülməsi ilə bağlı olmuşdur. Azərbaycana aid məsələnin Avropa Parlamentinin gündəliyinə təcili məsələ kimi daxil edilməsi və qətnamənin az sayda deputatın iştirakı ilə qəbul edilməsi  isə bunun qərəzli və ədalətsiz addım olduğunu göstərir.  

Əvvəla, qeyd edim ki, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması vəziyyəti heç də qətnamədə təsvir edildiyi kimi deyildir. Ölkədə hər bir şəxsin və siyasi qüvvənin ifadə və toplaşma azadlığı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təmin edilir. Xalq arasında heç bir nüfuzu olmayan, siyasi iflasa uğramış bəzi siyasi partiyaların ictimaiyyət tərəfindən dəstəklənməyən qeyri-qanuni aksiyalarının qarşısının alınması demokratiyanın pozulması, insan hüquqlarının tapdalanması kimi qiymətləndirilməməlidir. Hamıya məlumdur ki, Avropanın qabaqcıl dövlətlərində də qanunsuz aksiyaların qarşısını almaq, ictimai asayişi qorumaq üçün qanunla nəzərdə tutulmuş bütün üsullar tətbiq edilir. Qətnamədə siyasi mülahizələrə görə həbsə alındıqları iddia olunan şəxslər siyasi mülahizələrə görə deyil, konkret qanuna zidd əməllərinə görə məhkəmənin qərarı ilə məhkum edilmişlər.

İfadə və informasiya azadlığının həyata keçirilməsi üçün geniş imkanlar yaradılmışdır. Bu sahədə  vəziyyəti  təsəvvür  etmək  üçün  bircə  faktı qeyd etmək kifayətdir  ki, bu gün 9 milyon əhalisi olan bir ölkədə 4600-dən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçmişdir. Ölkə üzrə 9 telekanal, 14 regional televiziya, 14 radio yayımlanır və 14 kabel televiziyası, 50-dən çox informasiya agentliyi işləyir. 20-dən çox internet televiziyası, 50 xəbər portalı (30-u daimi) elektron kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərir. 40 qəzet hər gün, 200-dən çox qəzet isə həftədə və ya ayda 2 dəfə çıxır. Ölkədə 112 jurnal nəşr edilir, regionlarda 100-dən çox qəzet çıxır. Azərbaycanda 30-dan çox jurnalist təşkilatı, qəzet və jurnalların satışı üzrə 23 yayım şirkəti vardır.

Azərbaycanda internetdən istifadə tam sərbəstdir, bütün sosial şəbəkələr və digər internet resursları maneəsiz fəaliyyət göstərirlər. Diffamasiya haqqında qanun layihəsinin hazırlanması istiqamətində iş davam etdirilir. Qətnamədə adıçəkilən jurnalistlər və blogerlər  məhz jurnalist və bloger olduqlarına görə deyil, konkret qanun pozuntularına görə tutulmuşlar.

Azərbaycanda məhkəmə sisteminin bütün pillələrində əsaslı islahatlar aparılmışdır. Beynəlxalq standartlara cavab verən və məhkəmə prosesinin bütün mərhələlərində insan hüquqlarının qorunmasını və qanunun aliliyini təmin edən çoxpilləli məhkəmə təsisatı formalaşdırılmışdır. Bu prosesdə həm Avropa Şurası, həm də Avropa İttifaqı fəal rol oynamışlar.  Bu təşkilatlar Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsinə dair hesabatda Azərbaycanın bu sahədə təcrübəsini yüksək qiymətləndirmiş və digər üzv dövlətlərə müsbət nümunə kimi göstərmişlər.

İnsanların məcburi köçürülməsi və binaların sökülməsi ilə əlaqədar qətnamədə ifadə edilən narahatlığı başa düşmək olar. Əslində isə burada da vəziyyət heç də qələmə verildiyi kimi deyildir. Bakı şəhərində yenidənqurma işlərinin gedişində köçürmə problemi meydana gəldikdə qanunla nəzərdə tutulmuş prosedurlar tətbiq edilir. Bəzi hallarda mülki hüquq qaydasında tərəflər öz aralarında razılığa gəlirlər, dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması zamanı köçürmə halında isə boşaldılan mənzilin hər kvadratmetri üçün təqribən 1500 avro məbləğində kompensasiya ödənilir. Bu vəsaitlə Bakı şəhərinin müxtəlif yerlərində keyfiyyətli mənzil əldə etmək mümkündür.

O ki qaldı qətnamədə dövlət başçısının adının hallandırılması, mən bunu etik qaydalar, mənəvi dəyərlər baxımından tamamilə yolverilməz hesab edirəm. Müstəqil dövlət olaraq Azərbaycan tərəfi bu əsassız iddiaları qətiyyətlə rədd edir. 

Azərbaycan Respublikası coğrafi-siyasi vəziyyətinə görə mürəkkəb bir bölgədə yerləşir. Bir tərəfdən, ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan Respublikası ilə hərbi qarşıdurma və faktiki müharibə vəziyyətindəyik. Cənubdan islam fundamentalizmi təhlükəsi getdikcə güclənir. Amma bütün bu amillərə baxmayaraq, Azərbaycan Respublikası özünün demokratik, hüquqi, dünyəvi xarakterini, tolerantlığını qoruyub saxlayır, terrorizmə, ekstremizmə qarşı mübarizənin ön sıralarındadır, müstəqil xarici siyasət xəttindən geri çəkilmir.

Belə bir şəraitdə Avropa Parlamentinin ikili standartlara əsaslanan, islamofobiya əlamətləri açıq-aşkar sezilən, Azərbaycanda vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən, onun beynəlxalq imicinə zərbə vurmağa yönələn bu cür qərəzli qətnamə qəbul etməsi ikitərəfli münasibətlərə kölgə salır və Avropa Parlamentinin Azərbaycana münasibətinin səmimiliyini şübhə altına alır. Biz bilirik ki, Avropada müəyyən qüvvələr Azərbaycanın sürətli inkişafına, əldə etdiyi nailiyyətlərə, həyata keçirdiyi müstəqil siyasətə qısqanclıqla yanaşır və həsəd aparırlar. Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın həmin qüvvələrin təsiri altına düşməsi dərin təəssüf hissi doğurur. Lakin biz inanırıq ki, Azərbaycanı hədəfə alan bu cür aksiyalar bizi öz yolumuzdan döndərə bilməyəcək, demokratiyaya, insan hüquqlarına və azadlıqlarına, qanunun aliliyinə inamımızı sarsıtmayacaqdır.

 

Bakı, 25 may 2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video