31 Dekabr 2011 01:12
751
Milli Məclis
A- A+

Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Senatına Müraciəti

 

Hörmətli həmkarlar!

Bu il dekabrın 22-də Fransa Respublikasının Milli Assambleyasında  "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul olunduğu barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Növbəti mərhələdə layihənin Fransa Respublikası Senatının müzakirəsinə çıxarılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməlində dayanan, insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlığına zidd olacaqdır.

Hazırda dinlər və mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi zərurətinin mövcud olduğu bir dövrdə bu cür qanunun qəbul edilməsi dünyada ikili standartların mövcudluğu barədə fikirləri təsdiqləyəcəkdir. Hər bir ölkənin tarixində axıra qədər məlum olmayan, elmi cəhətdən tədqiq edilməsinə ehtiyac olan hadisələr vardır. 1915-ci ildə Osmanlı Türkiyəsi ərazisində ermənilərin "soyqırımı"na məruz qalması barədə deyilənlər də ciddi araşdırma tələb edən ehtimallar qəbilindəndir. Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlər açılmış, arzu edən hər kəs, o cümlədən erməni siyasətçiləri və alimləri XX əsrin əvvəllərinə aid tarixi sənədlərlə tanış olmağa dəvət edilmişlər. Təəssüf ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərmişdir. 

Diqqətinizə çatdırırıq ki, "erməni soyqırımı"nın baş verdiyi iddia olunan dövrdə, yəni XX əsrin əvvəllərində yüz minlərlə günahsız türk və azərbaycanlı erməni millətçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdir. Lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakini yalnız azərbaycanlı olduğuna görə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bütün bunlar nəzərə alınarsa, yəqin, bizimlə razılaşarsınız ki, tarixi hadisələrə bir tərəfin mövqeyindən qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliyə gətirib çıxara bilər. Ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin bəd niyyətli fəaliyyəti  nəticəsində qəbul edilə biləcək qanun 2 əsrdən də çox bundan əvvəl İnsan və vətəndaş hüquqları haqqında Bəyannaməni qəbul etmiş  Fransa kimi qədim demokratik ənənələrə malik ölkənin nüfuzuna yalnız ləkə vura bilər. Bununla yanaşı, belə bir qanun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaqdır. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, Fransa Respublikasının Senatı adıçəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olacaq, demokratik prinsiplərə zidd olan qanunun qəbul edilməsinə yol verməyəcəkdir. 

(Müraciət Azərbaycan Respublikası

Milli Məclisinin 2011-ci il 30 dekabr

tarixli iclasında qəbul edilmişdir).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video