25 Iyun 2021 01:56
2355
SİYASƏT
A- A+

Azərbaycan  regionda sülhün və inkişafın təminatçısıdır

 

Qafqaz regionunda sülhün bərqərar olması kommunikasiyaların açılmasına, qlobal iqtisadi layihələrin reallaşmasına zəmin yaradır. Lakin münaqişənin yenidən körüklənməsinə çalışan bir sıra qüvvələr israrla Rusiya ilə Türkiyə arasındakı münasibətləri gərginləşdirməyə çalışır, Qafqaza sülhün gəlişini şübhə altına almağa səy göstərirlər.

Odur ki, Qafqaz bu gün bir sıra beynəlxalq şərhçilərin,  politoloqların və iqtisadçıların  diqqət mərkəzindədir. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi iqtisadi araşdırma xüsusi maraq kəsb edir. 

Təhlildə günün ən vacib hadisəsi kimi Azərbaycanın Qarabağ zəfərindən sonra Cənubi Qafqazın üç ölkəsi və Türkiyə, Rusiya, İrandan ibarət “6-lıq”, yaxud “3+3” əməkdaşlıq platformasının gündəmə gəlməsi önə çəkilir. İİTKM-nin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı araşdırmasında ona diqqət yetirir ki, “3+3” formatı ölkələrinin kəsişmə coğrafiyasının mərkəzində Cənubi Qafqaz, ətrafında isə kəmər kimi Rusiya, Türkiyə və İran dayanır: “Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb”.

Müəllif  “3+3” formatı ölkələrinin ümumi iqtisadiyyatının 3 trilyon dollara yaxın olduğu və bu rəqəmin də ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatını təşkil etdiyini bildirir. “Əgər alıcılıq qabiliyyəti pariteti ilə götürsək, “3+3” formatı ölkələrinin iqtisadiyyatı 8 trilyon dollara yaxınlaşır və miqyasına görə Çin, ABŞ və Hindistandan sonra 4-cü ən iri iqtisadiyyat sayılır. “3+3” formatı ölkələri 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə ilk yerdədir. Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir”. Vüsal Qasımlı bunu deməklə bölgədə qarışıqlıq salmağa çalışan, “6-lıq”a daxil olan dövlətlərin qarşıdurmalarda maraqlı olmasından dəm vuran şərhçilərin versiyalarının sabun köpüyündən ibarət olduqlarını üzə çıxarır.

İİTKM-nin araşdırmasında izah edilir ki,  “3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə təkan verə bilər.  Regionun bu günədək mövcud olan fraqmentasiyası inkişaf üçün buxovdur. İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər böyük bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətli məsələdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına səmt götürüblər, amma regional identiklik zəifdir, baxmayaraq ki, regional ticarətin inkişafı iqtisadi artım üçün əsaslar yarada bilər. Məsələn, Azərbaycanın ticarət dövriyyəsinin cəmi 2, Gürcüstanın ticarət dövriyyəsinin 12 və Ermənistanın ticarət dövriyyəsinin 2 faizi Cənubi Qafqazda reallaşdırılır. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət tərəfdaşıdır. Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət tərəfdaşı Türkiyədir. İran isə Cənubi Qafqazda yalnız Ermənistanın ticarət dövriyyəsində ilk beşliyə daxildir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər.

İİTKM-nin icraçı direktorunun fikrincə, “3+3” formatı “Zəngəzur dəhlizi” də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: “Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu “6-lıq” ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqelənməsi nəqliyyat infrastrukturunun həm meridianlar, həm də en dairələri üzrə şaxələnməsini təmin edir. Məsələn, Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir”.

V.Qasımlı bildirir ki, dünya neft ehtiyatlarının 14,7, təbii qaz ehtiyatlarının 42,1 faizi “3+3” formatı ölkələrindədir: “Əgər Rusiya, İran və Azərbaycan daha çox karbohidrogen ehtiyatlarına malikdirsə, Türkiyə, Gürcüstan və Ermənistanda su resursları üstünlük təşkil edir. “3+3” formatı həm də regionun enerji təhlükəsizliyi üçün yeni imkanlar aça bilər. Ermənistan da bu formatdan istifadə edərək region üçün ekoloji təhdid sayılan atom elektrik stansiyasından imtina edib yeni formatın gətirdiyi imkanlardan istifadə edə bilər”.

Beləliklə, İİTKM-nin apardığı araşdırmadan irəli gələn son qənaət belədir ki, “3+3” formatı qloballaşmaya nisbətən regionalizmin gücləndiyi bir vaxtda bütün iştirakçılar üçün xüsusi maraq kəsb edir və iqtisadi baxımdan bütün iştirakçılara əlavə şanslara sahib olmağa geniş imkanlar yaradır: “Qarabağ probleminin həllindən sonra regionda yaranmış yeni reallıq “6-lıq” platforması üçün də zəmin sayıla bilər”.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video