11 Noyabr 2021 00:36
584
SİYASƏT
A- A+

Azərbaycan qlobal miqyasda da böyük addımlar atır

 

Bunu VIII Qlobal Bakı Forumu da təsdiqləyir

 

Bu günlərdə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Sayca səkkizinci olan və noyabrın 6-dək davam edən Bakı Forumunda qlobal əhəmiyyətli məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etdilər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşuldu.

Adətən, Bakıda yaz aylarında keçirən bu tədbirin bu il noyabrda düzənlənməsinin səbəbini VIII Qlobal Bakı Forumunun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin diqqətə çatdırdı: “Məhz Prezidentin xeyirxahlığı sayəsində pandemiya səbəbindən bu gün biz bu dövrdə tədbiri keçiririk. Bu il keçirilən forum bir sıra mövzulara yönəlib. Biz pandemiyanın üzə çıxardığı təcrübədən öyrənmək istəyirik, çalışırıq müəyyən edək ki, necə mübarizə aparmalıyıq. Lakin hələ görüləcək işlər çoxdur”.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumunun qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, VIII Qlobal Bakı Forumunun gündəliyi çox genişdir: “Lakin mən, əvvəlcə, bir neçə məsələyə toxunmaq istərdim.

Birincisi, əlbəttə ki, pandemiya ilə bağlıdır. Çünki bu indi qlobal gündəlikdə birnömrəli məsələdir. Biz pandemiya, bəziləri isə postpandemiya dövrü haqqında danışır. Bizim artıq postpandemiya dövründə olduğumuz aydın deyil. Çünki müxtəlif ölkələr bu məsələyə fərqli yanaşır”. Dövlət başçısı Azərbaycanın bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan, lap əvvəldən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atdığı barədə məlumat verdi. Bildirdi ki, biz bu il yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başladıq: “Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində biz ümumi çarpayı sayı demək olar ki, 4 min olan 13 yeni dövlət xəstəxanası açdıq və ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılmışdır. İndi bizdə qapanma yoxdur. Vəziyyət nəzarət altındadır. Yeganə məhdudiyyət ondan ibarətdir ki, biz daxili məkanlarda maska taxmaq məcburiyyətindəyik. Ümidvaram ki, biz vəziyyəti nəzarət altında saxlaya biləcəyik”.

Prezident İlham Əliyev həmçinin əvvəllər olan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər həyata keçirildiyini, işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketinin ayrıldığını və paketin ümumi dəyərinin 2,9 milyard ABŞ dolları olduğunu bildirdi. Açıqladı ki, bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir: “Biz bunu etməyə davam edəcəyik, çünki biz özlərini tamamilə yeni bir vəziyyətdə görən insanların üzərinə düşmüş yükü azaltmalıyıq. Biz əsasən iki peyvənddən istifadə edirik. “Sinovac” və “Pfizer”dən. Qeyd etdiyim kimi, peyvəndləmə səviyyəsi yüksəkdir”.

Prezident İlham Əliyev nəzərə çatdırdı ki, Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu, bizim işimizi xeyli asanlaşdırır. O, qlobal miqyasda da Azərbaycanın çox fəal addımlar atdığını qeyd etdi.

 Azərbaycan Prezidenti digər bir mövzuya da toxunmaq istədiyini söylədi. Bunun Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi forumda haqqında danışdığı mövzu - Ermənistan-Azərbaycan münaqişəsi olduğunu açıqladı: “Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi”.

Dövlət başçısı Ermənistanın yalnız status-kvonu möhkəmləndirmək, danışıqlar formatını yalnız münaqişənin əbədi dondurulması aləti kimi istifadə etmək cəhdlərindən və dəfələrlə təxribatlar törətdiyini diqqətə çatdırdı: “Ermənistan rəhbərliyinə təxminən 7000 qurban və 44 gün lazım gəldi ki, özünün tam acınacaqlı vəziyyətdə olduğunu başa düşsün. Noyabrın

9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Biz öz sözümüzü yerinə yetirdik. İşğal olunmuş qalan ərazilərdən çıxmaq cədvəli verildikdə müharibə dayandı. Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bir dənə olsun bina salamat qalmadığını, onların bütün tarixi abidələri, 67 məsciddən 65-ni dağıtdıqlarını, evləri, həyətləri, ictimai binaları və sair tikililəri yerlə-yeksan etdiklərini xatırladan Prezident İlham Əliyev bildirdi ki, bu, barbarlığın sübutudur.

Dövlət başçısı hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa proqramına başlanıldığını diqqətə çatdırdı. Əmin olduğunu bildirdi ki, qısa müddət ərzində biz Ermənistanın işğalından əziyyət çəkmiş məcburi köçkünləri, bir milyondan çox insanı həmin yerlərə qaytara biləcəyik: “Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. Siz öz məqsədinizə sadiq olmalısınız, yaxşı hazırlaşmalısınız, beynəlxalq hüquq çərçivəsinə malik olmalısınız və insanların yüksək səviyyədə iradəli olmasına nail olmalısınız. Bütün həmin meyarlar, o cümlədən hərbi imkanlarımız münaqişənin həllində əsas amil oldu. Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video