18 Oktyabr 2011 03:10
518
İQTİSADİYYAT
A- A+

Azərbaycan qazının «Bahar»ı

 

Cəmi 50-60 il əvvəl Azərbaycanın qurudakı və dənizdəki yataqlarında təkcə neft olduğu məlum idi. Xəzərin ölkəmizə məxsus bölməsində böyük qaz ehtiyatlarına malik ərazilərin mövcudluğundan isə yalnız bir dəstə geoloq xəbərdar olsa da, çoxlarını buna inandıra bilmirdi. Quru hissədə "Qaradağ", dənizdə isə "Cənub" qaz yataqlarının aşkar edilməsi də vəziyyəti dəyişmədi. Yalnız 1968-ci ildə "Bahar" yatağının kəşf edilməsi bu fikri təsdiqlədi - Xəzərin Azərbaycan sektorunda zəngin qaz ehtiyatları olduğu barədə xoş müjdə gətirdi.

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Ömrümün illəri və izləri" kitabında bu barədə belə yazır: "Abşeron" arxipelaqında kəşf edilmiş qaz yatağının "Bahar" adlandırılmasının maraqlı bir tarixçəsi var. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. Mən bu yatağın adını "Novruz" qoymaq istəyirdim. Həmin gün birliyin istehsalat şöbəsinin rəisi Ənvər Xanlar oğlu nə üçünsə yanıma gəlmişdi. Fikrimi ona da dedim. Ənvər nə düşündüsə, hər şeyi yaxşı-yaxşı ölçüb-biçməyi məsləhət gördü və dedi ki, "Novruz" sözü bəlkə də birmənalı qəbul olunmaz (sovet dövrü idi axı!). Sonra da Ənvərin təklifi ilə yatağın adını "Bahar" qoyduq".

Sonralar Xəzərdə "Bulla-dəniz" qaz yatağı kəşf edildi, "Duvannı-dəniz - Bulla-dəniz" yatağının VIII horizontunda qaz aşkar olundu. Getdikcə bu siyahıya yeni yataqların adı əlavə edildi. İndi artıq qaz yataqlarımız çoxdur. "Bahar" isə yenə də "yaşayır" - qaz və kondensat verir, neçə-neçə evlərə istilik və hərarət göndərir, qoynunda çalışan neçə-neçə insanın hünər meydanı, çörək təknəsidir.

...Kiçik həcmli "PSK-47" sərnişin gəmisi "Qum adası"ndan cənub-şərqə doğru istiqamət götürərək bizi də "Bahar"a çatdırdı. "Bahar"ın yaşıdı olan bu gəmi ilə iki saata yaxın yol gəldik. Adadan ən yaxın özüllərə qədər məsafə təxminən 24-27 kilometr olar.

Xatırladaq ki, hazırda yataq Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. "Bahar"da 11 özül fəaliyyət göstərir. Bir-birindən 300-400 metrlik, bəzən bir kilometrlik məsafədə yerləşir. Şirkətin vitse-prezidenti Elşad Həsənov bildirir ki, hazırda "Bahar"da 9 quyu fəaliyyətdədir. Sutkada yataqdan 350-360 min kubmetr qaz, 20 ton kondensat alınır. Hasilatı artırmaq, sonra da onu sabit saxlamaq qarşıya qoyulmuş başlıca məqsəddir. Gələn il yataqdan hasil olunan qazın sutkada 850 min kubmetrə çatdırılması nəzərdə tutulub. Burada 6 quyu əsaslı təmir ediləcək və 3 yeni quyu qazılacaq.

Gəmi də elə məhz qaz-yığım məntəqəsinin yerləşdiyi stasionar özülə yan alır. Digər dəniz obyektlərində olduğu kimi, burada da işçilər növbə ilə çalışırlar - ayın yarısını Xəzərin qoynunda, yarısını isə evlərində olurlar. İş başında olanlar növbələşərək gecəli-gündüzlü çalışırlar. Bu gün usta Murad Babayev, operatorlar Rais Akçurin, Zabit İsmayılov növbədədirlər. Doğrusu, özüldə az işçi gözə dəyir. Usta deyir ki, əslində, hər özüldə onların sayı o qədər də çox olmur. Çünki hər iş avtomatlaşdırılmış qaydada aparılır. Bunun müqabilində isə hər işçidən böyük səriştə, şəxsi qabiliyyət və dərin bilik tələb olunur.

Bütün özüllərdə hasil olunan qaz və kondensat bu məntəqəyə ötürülür. Burada məhsul separatorlardan keçiriləcək müxtəlif diametrli üç sualtı boru xətti ilə sahilə nəql edilir.

196-cı özüldə isə sex rəisinin müavini Yusif İsmayılovla həmsöhbət oluruq. Növbədə olan operatorlar Şəmi Aşumzadə və Nürəddin Mansurovun işindən razılıq edir: "Onlar hər quyunun "xasiyyəti"ni öyrənə biliblər".

Əslində, iş yeri açıq dəniz olan bu insanları tərifləməyə söz tapmaq çətindir. Onların çalışdığı özülün üstündə dayananda özünü sanki dənizin ortasında salınmış nəhəng bir körpü üzərində hiss edirsən. Elə bir körpü ki, onun o baş-bu başı yola qovuşmur, yalnız şəbəkəli, özü kimi də möhkəm hasarla bağlanıb. Belə yerdə işləyənlər əməyin təhlükəsizliyini bir an belə unutmamalıdırlar. Bu istiqamətdə son dövrlərdə şirkətdə ardıcıl iş aparılır, neftçinin sağlamlığı, onun əməyinin təhlükəsizliyi önə çəkilir.

Elə buradaca yatağın gələcəyindən söhbət düşür. Demə, "Bahar"la "Şahdəniz" qonşudurlar. 43 yaşı olmasına baxmayaraq, "Bahar"ın hələ üzə çıxarılmamış ehtiyatları çoxdur.

Şirkətin əməliyyatlar menecerinin müavini Nazim İsmixanov bildirir ki, "Bahar"ın işlənməmiş hissəsində (onu "Bahar-2" də adlandırırlar) üç il ərzində dərinliyi təxminən 6 min metr olan kəşfiyyat quyusunun qazılması nəzərdə tutulub. Bundan sonra növbəti dördüncü ildə ikinci kəşfiyyat quyusunun qazılması planlaşdırılıb. Hazırda bu ərazidə üçölçülü geoloji-kəşfiyyat işləri aparılır ki, qazılacaq quyuların yeri müəyyənləşdirilsin.

Özüllərdə söhbətlər zamanı onu da öyrəndik ki, qazma və əsaslı təmir üçün dörd müasir qurğu alınıb. Onların özüllərdə yerləşdirilməsi üçün hazırlıq görülür. Deməli, "Bahar" gələcəkdə yeni avadanlıq və infrastrukturla xeyli müasirləşəcək və gözəlləşəcək.

"Bahar"a qısamüddətli səfərimiz başa çatanda gəmidən düşüb yenə Qum adasına ayaq basırıq. Buradan o yana "Qum-dəniz" yatağı uzanır. "Bahar"dan fərqli olaraq, bu yataq neft və səmt qazı verir. Maşınla şəhərə doğru bir neçə kilometr irəlilədikdən sonra yolun kənarında "Bahar Enerji"nin qazyığma sahəsi görünür.

"Bahar"dan qaz suyun altı ilə uzanan 27 kilometrlik kəmərlə yol gələrək buraya - Hövsana çatır. Hövsandan "Bahar" qazı istilik-elektrik stansiyasına, Qaraçuxur, Suraxanı qəsəbələrinə, "Ağ şəhər"ə, Zığa və "Qum-dəniz" istehlak sahələrinə nəql olunur.

"Bahar"ın qazı həm də keyfiyyətlidir. Onun tərkibi təmiz, istiliktörətmə qabiliyyəti yüksəkdir.

 

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video