07:29 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan qadını bu gün layiq olduğu mövqeyə yüksəlmişdir

ANA SƏHİFƏ / SİYASƏT
01:10 07.03.2021

 

Azərbaycan dünyagörüşündə qadının yeri çox ucadır. Milli təfəkkürümüz üçün o, ən ali dəyərlərimizin ünvanıdır. Qadın keçmişin həyati əhəmiyyətli adət və ənənələrini nəsillərə ötürür. O, cəmiyyətin bütövlük rəmzi, elin, yurdun, ocağın abadlığı, möhtəşəmliyidir. İnkişafa doğru gedən yollar, atılan müdrik addımlar, qazanılan böyük uğurlar bu nəcib zümrənin fədakarlığı və zəkası sayəsində başa gəlir.

Azad düşüncə, övlad, ailə, Vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar Azərbaycan qadınının tərcümeyi-halını təşkil edir. O, tarixin bütün dövrlərində mənsub olduğu nəslin, ailənin, obanın yükünü daşımaqdan qürur duyur. Əməlləri, davranışları ilə hər zaman bu ucalıqda qərar tutmağa çalışır.

8 Mart tarixinin ilk dəfə dünyanın müxtəlif ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsindən düz 111 il ötür. Həmin gün 1910-cu ildən bəri hər il dünyanın böyük bir hissəsində qeyd edilərək qadınlara sevgi və hörmətin rəmzinə çevrilir. Bu bayram qadınların hüquq bərabərliyinin təmin olunması, onların ictimai həyatda yaxından iştirakı, məşğulluğu, müxtəlif xidmətlərin zərif cinsin nümayəndələri üçün daha da əlçatanlığı ilə bağlı məsələlərin müzakirəsini də aktuallaşdırır.

Bütün dünyada ilk dəfə qadınların səsvermə hüququnu tanımış ölkə kimi Azərbaycanda qadın fəallığı ilə bağlı məsələlər böyük əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını əzmlə həyata keçirərək ölkəmizi tarixinin ən böyük inkişaf mərhələsinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu möhtəşəm tarixdə qadın fəallığı məsələsinin xüsusi yeri var. Ən azı ona görə ki, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını tarixdə layiq olduğu böyük zirvəyə yüksəlmişdir. Bəşəriyyətin inkişafına töhfələr vermək üçün qadınlarımız nə qədər geniş potensiala, bacarığa, ali keyfiyyətlərə malik olduqlarını əməli işləri ilə sübuta yetirmişdilər.

 

Qadın gülərsə...

 

Ölkəmizdə qadın fəallığı zəngin tarixi ənənələrə malikdir. Epos mədəniyyətimizdən başlamış ən müxtəlif tarixi dövrlərdəki görkəmli qadın şəxsiyyətlərimizin həyat və fəaliyyətinə qədər parlaq örnəklər təqdim edən bu ənənələr ötən əsrin əvvəllərindən xüsusilə böyük inkişaf yoluna qədəm qoymuşdur. Müstəqil dövlətimizin sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti qadınların seçib-seçilmək hüququnu tanıyaraq tarixdə böyük bir səhifə açmışdır. Sovet dövründə də Azərbaycan qadını öz potensialını reallaşdırmaq üçün geniş imkanlar əldə etmişdir.

Ulu Öndər Heydər Əliyevin ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizə rəhbərliyi dövrü isə həyatımızın müxtəlif sahələrində olduğu kimi, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin də inkişafı dövrüdür. Bu tarixi reallıq heç də səbəbsiz olmayıb, Ümummilli Liderin həyata keçirdiyi milli inkişaf siyasətinin məntiqindən irəli gəlirdi.

Ulu Öndərin daha bir böyüklüyü həm də onda idi ki, Azərbaycan qadınına layiq olduğu dəyəri verirdi. Qadınlarımızın ictimai fəallığına mühit yaradırdı. İnkişaf, tərəqqi qapılarını onların üzünə açırdı. Azərbaycan qadınını mütəşəkkil bir qüvvə kimi səfərbər edib ümumxalq mübarizəsinə ruhlandırırdı, böyük işlərə istiqamətləndirir, cəmiyyətdə və dövlətdə layiq olduğu mövqeyə ucaldırdı, ona həm də ən yüksək vəzifələrdə etimad göstərirdi. Xanımlarımızın məsuliyyətinə, tapşırılan işlərin öhdəsindən ləyaqətlə gələ biləcəklərinə qəlbən inanırdı. Və Azərbaycan qadınları Heydər Əliyevi bu inamında, güvənində heç vaxt yanıltmadı, hər zaman o böyük şəxsiyyətin etimadını doğrultmağa çalışdı.

Qadınların ictimai fəallığının ilkin mühüm şərti onlara bərabər imkanlar mühitinin yaradılmasıdır. Belə bir mühit təhsildən, müəyyən sahələrdə çalışıb karyera irəliləyişlərinə nail olmağa, cəmiyyət üçün faydalı nəticələr yaratmağa, qadınlara qarşı fərqli yanaşmaların ortadan götürülməsinə qədər ən müxtəlif istiqamətləri əhatə edir. Ümummilli Lider Heydər Əliyev fərqində idi ki, bəşəriyyətin yüksəlişi bu nəcib zümrənin inkişafından, rifahından, xoşbəxtliyindən başlanır. Ona görə ki, həyatımızda hər hadisənin təməlində duran tərbiyədir. Fərdlərin tərbiyəsində isə Ana kimi ali bir missiyaya malik qadınların rolu çox böyükdür. Bütün bunları nəzərə alaraq Heydər Əliyev Azərbaycan qadınlarına təhsil almaq, özlərini inkişaf etdirmək imkanlarına yol açırdı. Məhz Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə tarlalarda, müxtəlif istehsal və xidmət müəssisələrində çalışıb fayda verən nə qədər gənc qızımız tələbə adını qazanıb taleyində böyük bir dönüşə nail oldu. Müxtəlif vəzifə pillələrində irəli çəkildilər. Öz potensialını reallaşdırmaq üçün imkanlar qazandılar və onlara göstərilən etimadı doğrultdular. Milli mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edən neçə-neçə qadın alimimiz, sənət xadimimiz yetişdi.

Azərbaycan qadınının dünyaya gətirib tərbiyələndirdiyi övladlar Vətənin azadlığına nail oldular. Silah götürüb ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşdular, Vətən uğrunda canlarından keçdilər. Azərbaycan qadınının taleyinə “şəhid anası”, “şəhid xanımı”, “şəhid bacısı”, “şəhid qızı” olmaq qisməti yazıldı. Neçə-neçə Azərbaycan qadını kişilərlə bərabər döyüşlərə atıldı, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həyatını fəda etdi.

 

Qadın dayaqdır

 

1998-ci ilin iyununda qadın fəalları ilə görüşü zamanı Ulu Öndər deyirdi: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və sınaqlardan şərəflə çıxıblar... Mən əminəm ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə siz həmişə fəal olacaqsınız və ön sıralarda gedəcəksiniz”.

Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi vəzifələrin daha ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi üçün 1998-ci ildə ölkəmizdə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, eyni zamanda Azərbaycan qadın hüquqlarının müdafiəsi məqsədi daşıyan bir sıra konvensiyalara qoşulmuş, müxtəlif beynəlxalq platformalarda təmsil olunmağa başlamışdır.

 

Dövlət siyasətinin  mühüm istiqamətlərindən biri

 

Ümummilli Liderin müəyyənləşdirdiyi bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük uğurla davam etdirir. Dövlət rəhbərimizin həyata keçirdiyi siyasətdə gender bərabərliyi məsələləri xüsusi yer tutur. Qadın hüquqlarının müdafiəsi, xanımlarımız üçün yaradılmış imkanların zaman-zaman daha da genişləndirilməsi dövlət başçısının həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən olmuşdur. 2006-cı ildə Prezidentin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da bunun bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuş, ölkəmiz bu sahədə də dünyanın öncül, nümunəvi dövlətləri sırasında qərarlaşmışdır. Ötən illər ərzində qadınlarla bağlı hüquqi baza daha da təkmilləşdirilmişdir. Xanımlarımız üçün bərabər hüquqların təmin edilməsi məqsədilə “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunmuşdur. Qadın hüquqları məsələsi konkret qanunlarla yanaşı, bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit edilmişdir. Eyni zamanda bir çox dövlət proqramlarında ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılması məsələlərinə xüsusi yer verilmişdir. Həyata keçirilən bütün bu tədbirlər sayəsində Azərbaycanın qadın fəallığı ənənələri tarixində böyük bir səhifə açılmışdır. Ən mühümü isə, insanlarımızın təfəkküründə yeni düşüncə tərzi formalaşmışdır. Cəmiyyətimizdə xanımlarımızın inkişafını əngəlləyən, onların öz potensial imkanlarını reallaşdırmalarına mane olan bir sıra stereotiplər qırılmışdır. Bu gün qadın sözünü cəmiyyətimizdə müəyyən məhdudiyyətlər kimi qəbul edən insanların sayı azalır. Getdikcə daha çox insan anlamağa başlayır ki, qadın sözünün yaratdığı fərq imkanların qeyri-bərabərliyi deyil. İş və şəxsi həyatda daha çox fədakarlıqdır, daha çox əməksevərlikdir, məsuliyyətdir, məqsədyönlülükdür, dünyaya və insanlara faydalı olmaq istəyidir. Azərbaycan qadını bunu təkcə sözlə deyil, əməlləri ilə sübuta yetirir. Göstərir ki, mühit yaradılarsa, şərait təmin edilərsə, zərif cinsin nümayəndələri də kişilərlə çiyin-çiyinə böyük işlər görə, parlaq nəticələr yarada bilər.

 

Birliyin, bütövlüyün, inamın rəmzi

 

Cəmiyyətin hər zaman nümunələr yaradan şəxsiyyətlərə ehtiyacı var. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmiz və ümumilikdə dünya qadınları üçün belə bir örnəyi yaradır. Öz çoxşaxəli fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının özünütəsdiqi rolunda çıxış edir, onun nüfuzunu yüksəklərə qaldırır. Dünya Mehriban xanımın simasında Azərbaycan qadınını dərin biliyə, yüksək intellektə, peşəkar təşkilatçılıq qabiliyyətinə, bəşəriyyətin bu günü və gələcəyi ilə bağlı yüksək məsuliyyət hissinə, ali ideallara malik obrazda tanıyır, şəxsiyyətinə dərin rəğbət bəsləyir.

Birinci vitse-prezidentin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr, Heydər Əliyev Fondunun Azərbaycanda və müxtəlif ölkələrdə uğurla gördüyü işlər, inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir. Cəmiyyətin firavanlığına bu proseslərin əsas məqsədi kimi yanaşır, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edir. Bu baxımdan Mehriban xanımın fəaliyyətində məsuliyyət yükü ağır, eyni zamanda şərəflidir. Çünki onun həyata keçirdiyi ali məqsədlərdir. Bunlar o dəyərlərdir ki, tarixin heç bir dönəmində başqalaşmır. Dünyanı yaşadan, gələcəyə ümidi, inamı sarsılmaz edən belələrinin haqq yolunda apardıqları qətiyyətli fəaliyyətləri hər addımda ümumxalq dəstəyi ilə əhatə olunur.

Mehriban Əliyevanın dünyaya, həyata, zamana baxışının əsasında xalqa, ümumilikdə insanlara intəhasız sevgisi, böyük vətənpərvərliyi, bəşəri ideyalara sadiqliyi, zərif və eyni zamanda mükəmməl humanizmi durur. Azərbaycan qadınının ictimai fəallığında o, öz çoxşaxəli işləri, strateji baxışları ilə yeni ənənələr formalaşdırır. Birinci vitse-prezident qadın hərəkatının müasir forma və metodlarını irəli sürərək onların uğurunu təmin edir.

 

Dəyərlərin əzəməti

 

Bu gün hamıya məlumdur ki, qadınların ictimai həyatda aktiv iştirakı məsələsi zaman keçdikcə daha da aktuallaşır. İslam dünyasının elm, təhsil və mədəniyyət təşkilatı olan ISESCO 2021-ci ili İslam aləmində “Qadın İli” elan edib. Bu, həmin qurumun 2020-2030-cu illərdə strateji planının tərkib hissəsidir. Belə bir qərarda əsas məqsəd isə İslam dünyasında sosial, iqtisadi və mədəni həyatda bu nəcib zümrənin rolunu gücləndirmək, gənc qızların müasir standartlara uyğun daha mükəmməl təhsil almasını təmin etməkdən ibarətdir. Təbii ki, ISESCO-nun bu qərarı Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan İslam aləminin bir hissəsi kimi həmin mütərəqqi məqsədləri hələ ötən əsrin əvvəllərindən həyata keçirmiş, bütün müsəlman dövlətləri üçün xoş bir nümunə yaradan ölkələrdən olmuşdur.

Mehriban xanım Əliyevanın bu tədbirdəki çıxışı Azərbaycan qadınının yüksəkdə dayanmasının daha bir təcəssümü idi. Onu da xatırladaq ki, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnamə BMT Baş Assambleyası tərəfindən qəbul olunub. Mehriban xanım öz nitqində qadınlar üçün gələcək inkişafın başlıca yollarını göstərmişdi. Qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiyaların həyatımızda artıq bir zərurətə çevrildiyini vurğulayaraq bildirmişdi ki, elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir. Qeyd etdi ki, ISESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsü yalnız təşkilat tərəfindən onların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Bu, həmçinin qadın və qızların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Mehriban xanım onu da söylədi ki, biz bu gün COVID-19-la mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik.

Azərbaycanın Birinci vise-prezidenti çıxışında xüsusi vurğulamışdı: “Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır”.

Hər insanın ona bəxş edilmiş həyatı əslində necə yaşamalı olmasının nümunəsidir. Birinci vitse-prezidentin fəaliyyətini izlədikcə, gördüyü işlərin məzmununu nəzərdən keçirdikcə, fikirləri ilə tanış olduqca, əslində ömrün mənasının nədən ibarət olduğunu dərk edirsən. Fərq ondadır ki, bu ali həqiqətləri Mehriban xanım əməlləri, unikal addımları ilə də anladır. Xüsusilə qadınlarımıza ünvanlayır ki, bizim həyatımız doğmalarımızla bağlı məsuliyyətimizdən başqa, həm də ictimai borcumuzla bağlıdır. Baxır ki, bu məsuliyyəti kim necə dərk edir. İnsanın cəmiyyətdəki statusunu, ictimai mövqeyini müəyyənləşdirən də elə budur. Əslində tarixdə qalmaq şansını da bu borcun ləyaqətlə yerinə yetirilməsi təmin edir. Dünyanı rifahla yaşadan, gələcəyə sonsuz ümid, inam yaradan məhz belə qadın şəxsiyyətlərdir!

 

Gələcək qarşısında məsuliyyət

 

Bu gün dövlət rəhbərinin həyata keçirdiyi siyasətdə humanizm prinsipləri öndə tutulur. Vətəndaş amilinin aliliyi təmin olunur. İnsana dəyər verilir, nəcib zümrənin - qadınlarımızın problemləri həllini tapır, bir sözlə, dövlət vətəndaşının rifahı üçün çalışır. Beynəlxalq aləm Azərbaycanın yaratdığı üstün dəyərləri görür və qiymətləndirir. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər milli birliyimizi daha da möhkəmləndirir. Bu birliyin əldə olunmasında xanımlarımızın, analarımızın, ziyalı qadınlarımızın fədakarlığı, vətən sevgisi, sarsılmaz iradəsi, ən yaxın silahdaş kimi igid oğullarımızın yanında olması böyük rol oynadı. Agır sınaq günlərimizdə xeyirxahlıq, şəfqət, başqalarına təmənnasız kömək, ehtiyacı olana əl uzatmaq kimi dəyərlərimizlə əslində nə qədər böyük xalq olduğumuzu hamı dərk etdi. Bu dəyərləri yaşatmağı, onların ətrafında daha da sıx birləşməyi Azərbaycanı sevən hər kəs özünə borc bildi.

Xalq olaraq indi biz böyük bir gələcək qarşısındayıq. Təbii ki, Azərbaycan  cəmiyyətindəki yeniliklərin mütərəqqi xarakteri qadınların yaşam tərzinə, məqsədlərinə, ümumilikdə prinsiplərinə böyük təsir göstərir. Cəmiyyətdə nüfuza, ciddi mövqeyə malik olan xanımlarımız dövlətin hərtərəfli inkişafı və tərəqqisi prosesinə öz töhfələrini verirlər. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi onun uğurlu sabahına, xalqın firavanlığına ən  ciddi təminatlardan biridir. Respublikada bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Dövlətin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayri-seçkiliyi aradan qaldıraraq, onların bərabər hüquqlarını və bərabər imkanlarını təmin edir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.

Azərbaycan qadınının qazandığı nailiyyətlər bu gün qadın fəallığı ənənələrini yaşadır, məsuliyyəti artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM