16:32 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak etmişdir
ANA SƏHİFƏ / SƏFƏRLƏR
02:09 14.09.2011

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Qobustan rayonuna səfəri çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.

Prezident İlham Əliyev mərkəzin fəaliyyətini əks etdirən stendlə tanış oldu. Bildirildi ki, poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılmışdır. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.

Sonra dövlətimizin başçısı idarəetmə mərkəzi ilə tanış oldu. Məlumat verildi ki, burada yaradılan laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağında təlim və tədris kurslarının təşkili nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Ümumilikdə agentlik tərəfindən ölkə ərazisində 21 ölçü-müşahidə stansiyasının tikilməsi nəzərdə tutulmuşdur ki, bunun birincisi Qobustandakı mərkəzdə yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzi işə saldı.

Dövlətimizin başçısı günəş enerjisinin əldə olunması üçün ayrıca sahədə yerləşən panelləri müşahidə etdi, mərkəzin sınaq-təcrübə sahəsi ilə tanış oldu. Azərbaycan Prezidenti mərkəzdə istifadə olunan qurğular, o cümlədən ölkəmizdə istehsalı nəzərdə tutulan foto-elektron panellərin nümunələrinə baxdı, ərazidə yaradılan təcrübə istixanasının fəaliyyəti ilə tanış oldu. Bildirildi ki, burada alternativ enerji ilə istənilən bitkini lazımı temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki 330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.

Poliqonun ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada qurulan işıqlandırma sistemi və istixana alternativ enerji ilə işləyir. Ərazidə birmərtəbəli 10 yaşayış binası da inşa olunmuşdur ki, onların işıqlandırma sistemi günəş enerjisi ilə işləyir. Mərkəzin gücünün gələcəkdə 5,5 meqavata çatdırılması nəzərdə tutulmuşdur.

Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışından sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Qobustanlılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Bu gün Qobustanda çox gözəl və tarixi hadisə baş verir. Mənə verilən məlumata görə, Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır. Biz həm bu texnologiyaları hazırda xaricdən alırıq, eyni zamanda, Azərbaycanda indi tikilməkdə olan günəş batareyaları zavodu da yaxın zamanlarda işə başlayacaqdır. Beləliklə, biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm,- ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik. Buraya böyük investisiyalar qoyulubdur. Həm günəş batareyaları quraşdırılıb, həm də külək elektrik stansiyasının fəaliyyəti üçün lazımi avadanlıq gətirilibdir. Eyni zamanda, burada tədris işləri də yüksək səviyyədə təşkil ediləcək, təcrübə mübadiləsi aparılacaqdır. Bir sözlə, Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir. Qobustan rayonunun imkanları, demək olar ki, böyük dərəcədə artacaqdır. Eyni zamanda, hər bir vətəndaş üçün ucuz enerjidən istifadə etmək onun ailə büdcəsinə də böyük dəstək olacaqdır. Çünki bu, həm ucuz, həm bərpa olunan enerjidir. Ümid edirəm ki, yaxın zamanlarda vətəndaşlar da bu stansiyanın səmərəsini və ümumiyyətlə, bu yeniliyin imkanlarını lazımınca qiymətləndirəcəklər.

Azərbaycan inkişaf edir. Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir. Sual yarana bilər: Azərbaycanın zəngin neft-qaz yataqları olduğu təqdirdə nə üçün biz bu işə o qədər böyük maraq göstəririk?! Mən hesab edirəm, məhz o ölkələr ki, təbii ehtiyatlarla zəngindirlər, onlar bu işlərdə qabaqcıl rol oynamalıdırlar. Bizim təbii ehtiyatlarımız vardır. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü, qonşu ölkələri də həm elektrik enerjisi ilə, həm qazla, neftlə təmin edirik. Ancaq biz istəyirik ki, bu işlər daha da səmərəli şəkildə görülsün. Təbii ehtiyatlarımızdan daha da az, bərpa olunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadə edək. Bu məqsədlə bir müddət bundan əvvəl bərpa olunan enerji üzrə Dövlət Agentliyi yaradılıbdır. Agentliyin işi artıq göz qabağındadır. Bu, birinci layihədir, planlar çox böyükdür. Mənə bu gün verilən məlumata görə, indi bütün ölkə üzrə müşahidə sistemi quraşdırılır, yerlər müəyyən edilir, harada ki, biz külək və günəş enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə ki, ümumi enerji şəbəkəsinə yaxın olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda quraşdırılmalıdır ki, biz torpağımızdan da səmərəli şəkildə istifadə edək.

Bir daha demək istəyirəm ki, təbii ehtiyatlarımız, xüsusilə son vaxtlar kəşf etdiyimiz böyük qaz yataqları nəinki ölkəmiz üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Bundan sonra ən azı yüz il Azərbaycan həm özünü, həm də digər başqa ölkələri qazla təmin edə biləcəkdir.

Bu sistem isə tam yeni bir yanaşmadır. İndi dünyada ən qabaqcıl təcrübə nədirsə, burada quraşdırılır. Ondan da əlavə, dünya miqyasında birinci hibrid tipli elektrik stansiyasıdır. Əlbəttə ki, bu ölkəmiz üçün yeni bir təşəbbüsdür. Ancaq mən hesab edirəm ki, bir neçə ildən sonra bu gün burada göstərilən imkanlardan Azərbaycan vətəndaşları səmərəli şəkildə istifadə edəcəklər, o cümlədən Qobustan rayonunun sakinləri də.

Qobustanda indi işlər yaxşı gedir. Burada kənd təsərrüfatının inkişafı üçün vəsait ayrılır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər verilir. Bu gün yeni taxıl anbarının açılışında iştirak etmişəm. Tingçilik inkişaf edir. Burada kənd təsərrüfatının inkişafı üçün yaxşı imkanlar vardır. O ki qaldı infrastruktur layihələrinə, bu layihələr də icra edilir. Yollar çəkilir və çəkilməlidir. Qazlaşdırma gedir. Yeni qaz xətləri çəkilir, məktəblər tikilir. Burada insanların rahat yaşaması üçün lazım olan bütün işlər görülür.

Mən əvvəlki dövrlərdə də Qobustanda olmuşam. Bu gün də buraya gələrkən görürəm ki, rayonda işlər yaxşı səviyyədə aparılır. Ancaq burada bu gün açılışında iştirak etdiyimiz stansiya Azərbaycan tarixində artıq yerini tutan bir məsələdir, bir layihədir. Burada bu gün yaradılan imkanlar, bir daha demək istəyirəm ki, bir neçə ildən sonra bütün ölkəmizdə özünü büruzə verəcəkdir. İnanıram ki, Azərbaycanın təcrübəsi başqa ölkələrdə də tətbiq olunacaqdır.

Bir daha sizi salamlayıram, sizə uğurlar arzulayıram.

* * *

Rayon  sakini Qoşqar QARAYEV Qobustana göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident, icazə verin Sizi Qobustan ictimaiyyəti adından salamlayım, sizə "Xoş gəlmisiniz!" deyim. Bütün xalqımız kimi, biz də sevinirik ki, ulu öndərimiz Heydər Əliyevin siyasətini çox uğurla davam etdirirsiniz. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün paytaxtımızla bərabər regionlarımız inkişaf edir, kəndlərimiz, qəsəbələrimiz abadlaşır, gözəlləşir. Buna görə Sizə təşəkkürümüzü bildiririk, cənab Prezident. 

Sizin 2007-ci ildə Qobustana səfəriniz gözümüzün önündədir. Sizin gəlişiniz Qobustana yeni bir nəfəs gətirdi. Bu gün hamılıqla qeyd edə bilərik ki, Sizin gəlişinizdən sonra Qobustanda yeni bir abadlıq, yeni bir infrastruktur işi başlandı. Bu gün də Sizin diqqətiniz nəticəsində bu iş çox sürətlə davam etdirilir. Sizin səfərinizin məntiqi nəticəsi olaraq Qobustana şəhər statusu verdiniz, yeni bir şəhər yaratdınız. Buna görə biz qobustanlılar Sizə minnətdarlığımızı bildiririk.

Cənab Prezident, təbii ki, ölkəmizin hər bir bölgəsində, Siz qeyd etdiniz, su çəkilişi, qaz təchizatı çox sürətlə inkişaf etdirilir. O cümlədən bu inkişaf bizim rayondan da yan keçməmişdir. Neçə illərdir sudan əziyyət çəkən əhalimiz, Qobustan şəhəri və ətraf yeddi kəndimiz Sizin xüsusi göstərişinizlə yaxın günlərdə su ilə təmin olunacaqdır. Bir sıra kəndlərimiz var ki, ən yaxın günlərdə qazla təmin olunacaqdır. Buna görə Sizə təşəkkürümüzü bildiririk.

Fürsətdən istifadə edib demək istəyirəm ki, cənab Prezident, Sizin dünənki çıxışınızı izlədik. Şəxsən mənim üçün çox qürurverici hal oldu. Mənə elə  gəlir bütün Azərbaycan  vətəndaşları üçün xoş bir haldır ki, son yeddi ildə ümumi daxili məhsulumuz 3 dəfə, yəni 300 faiz artmışdır. Alternativ elektrik enerjisi stansiyasının tikilməsi inkişafımızın, firavan gələcəyimizin bariz göstəricisidir. Yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enmişdir. İqtisadiyyatımız dünyada birinci yerdədir. Buna görə biz Sizə təşəkkür edirik. Çox sağ olun, minnətdarıq. Allah Sizə yar olsun. Allah Sizi qorusun.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM