28 Iyul 2021 00:33
980
SİYASƏT
A- A+

Azərbaycan postmüharibə dövrünü yüksək uğurlarla başa vuracaq

 

İkinci Qarabağ savaşını Qələbə ilə başa vuran Azərbaycanın postmüharibə prioritetlərinə uyğun olaraq işğaldan azad edilmiş bütün torpaqlarımızda yenidənqurma işləri davam edir. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza dəfələrlə səfər etməsi göstərir ki, dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulması, Qarabağın infrastrukturunun kompleks bərpası, bütövlükdə Böyük Qayıdışla bağlı hər bir layihənin icrası dövlət başçısının xüsusi diqqətindədir və 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımız ən qısa zamanda dirçələcək.

Ötən həftənin əsas hadisələrindən biri Prezident İlham Əliyevin Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfəri oldu. Bu səfər, ilk növbədə, ondan xəbər verdi ki, azad edilmiş torpaqlarımızın bərpası ilə yanaşı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası da diqqət mərkəzindədir. Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyevin dediyi kimi: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır”.

Səfər zamanı dövlət başçısının iştirakı ilə Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçasının və mərkəzi sanatoriyanın açılışı, Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun və Olimpiya İdman Kompleksinin  açılışı, Daşkəsəndə qızıl hasilatı ilə bağlı görülən işlərlə tanışlıq regionların sosial-iqtisadi inkişafı, ölkədə qeyri-neft sektorunun yüksəlişi istiqamətində müəyyən olunmuş vəzifələrin uğurla və vaxtında icra olunduğunu göstərdi. Bu səfər zamanı təsdiqini tapan başqa bir həqiqət də odur ki, Azərbaycan üçün xarakterik olan inkişaf və keyfiyyət  göstəriciləri çətin dönəmlərdə belə ləngiməyib. Ağır müharibədən keçən, pandemiya dövrünün yaratdığı iqtisadi çətinliklərlə üzləşən Azərbaycanda əvvəldən müəyyən edilmiş bütün sosial və infrastruktur layihələri tam həcmdə yerinə yetirilir və heç bir axsamadan söhbət gedə bilməz. Ən həssas dönəmlərdə belə heç bir sosial layihənin təxirə salınmaması, regional inkişafa xidmət edən proqramın icrasının davam etdirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun uğurlarıdır.

Onu da qeyd edim ki, dövlət başçısının səfər etdiyi bu şəhərlər və rayonlar cəbhə xəttindən uzaqda yerləşmələrinə baxmayaraq, 44 günlük müharibə zamanı terrorçu mahiyyətini bir daha büruzə verən Ermənistan tərəfindən davamlı şəkildə ağır bombardmanlara, raket atəşlərinə məruz qalmışdılar. Aralarında uşaqların, qadınların və yaşlı insanların olduğu günahsız mülki vətəndaşlarımız Ermənistanın müharibə cinayətlərinin qurbanı oldular, minlərlə ev, çoxsaylı  inzibati bina dağıdıldı. Amma bütün bunlar həmin şəhərlərdə və rayonlarda yaşayan mərd insanlarımızı qorxutmadı. Öz cəsarətləri ilə onlar qəhrəmanlıq nümunələri yaratdılar və bütün bunlar təbii ki, düşmən üzərində qələbəmizin qazanılmasında mühüm amillərdən biri oldu.

İndi bu şəhərlərin və rayonların hər birində erməni faşizminin izi qalıb. Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri zamanı Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə də tanış oldu. Dövlət başçısının dağılmış yaşayış binalarının ətrafına gül düzməsi həlak olan dinc vətəndaşlarımızın xatirəsinə ehtiramın ali nümunəsidi.

Hazırda dövlətimiz postmüharibə dövrünün çağırış və tələblərinə uyğun olaraq öz hədəflərini müəyyən edir. Azərbaycan televiziyasına müsahibəsində bu barədə danışan Prezident İlham Əliyevin dediyi kimi, “Postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir”. Postmüharibə dövrünün gündəliyi isə çoxşaxəlidir. Bu gündəlik üçtərəfli Bəyanatın icrası, Qarabağın bərpası, Fransanın və qərbin bəzi siyasi dairələrinin Azərbaycanın haqq işinə kölgə salmağa yönəlmiş cəhdlərinin qarşısının alınması kimi məsələləri əhatə edir.

Müharibədən sonra ötən ayların mənzərəsi bütün məqsəd və vəzifələrin yerinə yetirilməsi baxımından ürəkaçandır. Bu sırada iqtisadiyyatımızın 2021-ci ilin ötən dövrü ərzində 2 faiz artması olduqca mühüm göstəricidir. Bütün bunlar təsdiqləyir ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz hədəflərinə doğru inamla addımlayır və dövlətimiz postmüharibə dövrünü də böyük uğurlarla başa vuracaq.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video