05 Fevral 2012 02:02
267
CƏMİYYƏT
A- A+

Azərbaycan ötən il investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olub

 

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirmişdir

 

Son 8 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın qazandığı yüksək nailiyyətlər dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış çevik və işlək  mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, ölkənin perspektiv inkişafına hesablanması dövlət başçısının apardığı siyasətin məqsədyönlülüyündən xəbər verir. 

Prezident İlham Əliyev bu reallığı daim önə çəkir ki, dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.

Sosial sahədə həyata keçirilən siyasətin effektivliyi özünü həm də yoxsulluğun səviyyəsinin ildən-ilə azalmasında göstərir. Əgər 2003-cü ildə ölkə əhalisinin təxminən yarısı yoxsul vəziyyətdə yaşayırdısa, hazırda bu kateqoriyadan olan vətəndaşlar 7,6 faiz təşkil edir.  Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirmişdir: "Bölgədəki vəziyyət yaxşılaşır, şəhərlərimiz gözəlləşir, abadlaşır. 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. Bütövlükdə biz işizliyə qarşı proqramı icra etməyə başlayandan sonra - 2003-cü ildən bugünə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun isə yenə də aşağı düşərək 7,6 faiz təşkil etmişdir. Bu göstəricilər həm müsbətdir, həm də ümidvericidir". Göründüyü kimi, qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi əhalinin sosial rifah halının da ildən-ilə yaxşılaşmasına əlverişli imkan yaradır.

Ölkə başçısının sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyənləşdirilib. 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əməkhaqqı artırılmış, qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılmışdır. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilir.

Ümumilikdə, ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər tədbirlərin maliyyə təminatı üçün 2012-ci il dövlət büdcəsində 1781,6 milyon manat vəsait nəzərdə tutulmuşdur. 2012-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1044,3 milyon manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən sosial ödənişlərin, 438,6 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial xərclərin, 201 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmini tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Prezident İlham Əliyev dövlətin, cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydaları nəzərə alaraq, müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini belə gerçəkləşdirməyi vacib sayır. Cənab İlham Əliyev daim vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır: "2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir. Yeni elektrik stansiyalarının fəaliyyətə başlaması, yeni stansiyaların təməl daşının qoyulması, neft-qaz sahəsində görülən işlər, - alternativ bərpa olunan enerji növlərinin yaradılması sahəsində aparılan işlər, - bütün bunlar göz qabağındadır. 2011-ci ildə bunları biz etmişik, bu işləri biz görmüşük". "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, bu il ərzində yeni iri enerji stansiyalarının yaradılması - "Cənub" elektrik stansiyasının və "Şimal" stansiyasında ikinci enerji blokunun tikintisi üzrə işlər davam etdiriləcək. İl ərzində kiçik su elektrik stansiyalarının tikintisi üzrə də fəal işlər aparılacaq.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiqindən ötən müddət ərzində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə yüksək templə artması ölkə başçısının bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Yaradılımış əlverişli investisiya mühiti 2011-ci ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımını təmin etmişdir. 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılmışdır. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür. Dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulmuşdur.

Prezident İlham Əliyev bildirmişdir: "Biz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ilə ölkə işqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templərlə artır". Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir. 2012-2013-cü illərdə  ölkənin mühüm infrastruktur obyektlərinin, o cümlədən beynəlxalq magistral və daxili əhəmiyyətli yolların yenidən qurulması, içməli su və suvarma sistemlərinin bərpası və genişləndirilməsi, regionların qazla təminatının bərpası, kanalizasiya sistemlərinin bərpası üzrə investisiyaların həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək, həmin vəsaitdən səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan, habelə dövlət büdcəsində dövlət investisiya xərclərini nəzərdə tutulan istiqamətlər üzrə düzgün yönəltmək qarşıdakı il üçün prioritet məqsədlər sırasındadır. Ümumi investisiyada artımın əsasən ölkə iqtisadiyyatına qoyulacaq xarici sərmayələr hesabına əldə olunması gözlənilir ki, bu da respublikanın xarici investorlar üçün cəlbediciliyinin saxlanmasının göstəricisi kimi qəbul edilə bilər. Bir çox ölkələrdə mövcud olan iqtisadi gərginliklər nəticəsində onların xarici ticarət dövriyyələrinin həcmində müşahidə olunan əhəmiyyətli azalmalar fonunda cari ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcminin 8,1 faiz, o cümlədən ixracın 4,2 faiz artması nəzərdə tutulmuşdur.

Ötən müddətdə mövcud potensialın səmərəli realizə edilməsi, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşdırılması uğurlarımızı şərtləndirən başlıca məqamlar sırasındadır. Son 8 ildə  əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması mühüm nəticələrə gətirib çıxarmışdır. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir.

Ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Həyata keçirilən bu tədbirlər isə insanların daha firavan və rahat yaşamasına, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir.

 

Elnur HACIALIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video