18 Sentyabr 2011 01:09
557
SİYASƏT
A- A+

Azərbaycan Ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır

 

Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsindədir. 1991-ci ildə SSRİ-nin süqutu nəticəsində qırmızı imperiyanın tərkibinə daxil olan bütün respublikalar kimi, Azərbaycan da dövlət müstəqilliyinə nail oldu. Bununla belə, ölkəmizin  müstəqillik əldə etməsi həm də zamanın tələbi idi. Respublikamız 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi Haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi.

Dövlət müstəqilliyinin elan edilməsindən sonra ölkə rəhbərliyinin qarşısında bir sıra təxirəsalınmaz məsələlər dayanırdı. Bunlardan ən vacibi Konstitusiya Aktının müddəalarından irəli gələrək müstəqil dövlət quruculuğunun həyata keçirilməsi, yeni quruluşun prinsiplərinə uyğun idarəetmə sisteminin formalaşdırılması idi. Bu həmin dövr idi ki, Ermənistanın ölkəmizə hərbi təcavüzünün miqyası getdikcə genişlənirdi. Dağlıq Qarabağda və Ermənistanla sərhədboyu rayonlarda azərbaycanlıların yaşadıqları kəndlər yandırılır, talan edilir, əhali girov götürülür, kənd təsərrüfatına ciddi ziyanlar vurulurdu. Buna görə 1991-ci ildə ilk növbədə dövlət quruculuğunun mühüm tərkib hissəsi olan milli ordunun yaradılması olduqca vacib idi. Düzdür, o illərdə Azərbaycan Ordusunun yaradılması istiqamətində müəyyən işartılar göründü. Lakin bu, daha çox yerli özünümüdafiə dəstələrinin  yaradılması ilə özünü büruzə verirdi. Ölkə rəhbərliyinin tələsmədiyini görən Dağlıq Qarabağdakı və Ermənistanla sərhəddə yerləşən digər rayonlarımızın sakinləri erməni təcavüzündən qorunmaq üçün özləri hərbi birləşmələr yaradırdılar. Lakin bu, təcavüzdən qorunmaq üçün yetərli deyildi.

Ölkə rəhbərliyinin diqqətsizliyi və qeyri-həssas münasibəti nəticəsində müstəqilliyimizin ilk aylarında ordu quruculuğu düzgün istiqamətdə aparılmadı, əhalinin erməni təcavüzündən etibarlı müdafiəsi təmin edilmədi. Ölkəmizin ərazisində yerləşən keçmiş SSRİ-yə məxsus hərbi birləşmələrə məxsus silah-sursatın, hərbi texnikanın Azərbaycanın balansına verilməsi üçün təşəbbüs belə göstərilmədi. Nəticədə 1992-ci ildə Qaradağlı və Xocalı faciələri baş verdi. Şuşa, Laçın işğal edildi.

1992-ci ilin ortalarında hakimiyyəti ələ alan AXC-Müsavat cütlüyü əvvəlki hakimiyyətin dövlət və ordu quruculuğu istiqamətində buraxdığı səhvləri düzəltmək üçün heç bir səy göstərmədi. Əksinə, həmin dövrdə mövcud silahlı birləşmələrin ayrı-ayrı şəxslərin nəzarətinə keçməsi torpaqlarımızın müdafiəsinə deyil, siyasi və konyunktur maraqların qorunmasına cəlb edildi. Buna görə də 1993-cü ildən etibarən Ermənistan cəbhə xəttində təşəbbüsü ələ almağa başladı.

Ordu quruculuğu sahəsində dönüş yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra baş verdi. Məhv olmaqda olan Azərbaycan dövlətçiyinin, müstəqilliyimizin xilasının yollarını arayan ulu öndərin ilk addımı müasir Azərbaycan Ordusunun əsasını qoyan yeni hərbi hissələrin formalaşdırılması oldu. Heydər Əliyev böyük uzaqgörənliklə yanaşdığı ordu quruculuğuna mərkəzi komandanlığa tabe olmayan bütün hərbi hissələrin buraxılması ilə başladı. Bununla da faktiki olaraq Azərbaycanda yeni və mükəmməl ordunun təməli qoyuldu. Cəbhədə qızğın döyüşlərin getdiyi bir vaxtda vahid komandanlıq əsasında idarə olunan yeni hərbi hissələr yaradıldı. Məhz bundan sonra  cəbhə xəttində vəziyyət tədricən ölkəmizin xeyrinə dəyişməyə başladı, bir çox yaşayış məskənləri düşməndən azad edildi.

Cəbhə xəttində atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu istiqamətində aparılan işlər sürətləndi. Qısa zamanda Azərbaycan Silahlı Qüvvələrinin strukturu tam formalaşdırıldı, bütün növ hərbi birləşmələr, piyada, tank, artilleriya qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qoşunları, əlahiddə taborlar yaradıldı. Hərbi hissələrin komplektləşdirilməsi başa çatdırıldı və hərbi xidmətin müddəti nizama salındı. Hərbi təhsil məsələləri də diqqətdən kənarda qalmadı. Tədricən dünyanın ən qabaqcıl hərbi tədris standartlarına, təcrübədə özünü doğrultmuş metodlara üstünlük verilməyə başlandı.

Azərbaycanda ordu quruculuğu bu gün də uğurla davam etdirilir. Lakin indi respublikamız iqtisadi baxımdan ən azı 10 il əvvəlki dövrdən kəskin surətdə fərqlənir. Ötən illərdə iqtisadiyyatını əhəmiyyətli şəkildə inkişaf etdirən respublikamızın maliyyə imkanları dəfələrlə artıb. Ona görə indiki şəraitdə, o cümlədən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri Silahlı Qüvvələrin modernləşməsi, ən son texnologiyaların orduya cəlb edilməsidir. Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Artıq Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütünlüklə dövlət büdcəsindən çoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artıqca hərbi sahəyə ayrılan xərclər də artırılacaq, ordunun qüdrətləndirilməsi və modernləşdirilməsi tədbirlərinin miqyası daha da genişlənəcək: "Ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək üçün nə lazımdırsa, Azərbaycan dövləti onu edir. Bizim hərbi xərclərimiz ildən-ilə artır. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatmışdır. Bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə, - yəni ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olsun, - artıq reallaşıb. Bu gün Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən 50 faiz artıqdır. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və müharibə şəraitində yaşayan ölkə ilk növbədə ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğaldan azad olunmayana qədər bu, belə olacaqdır".

Fərəhlisi odur ki, Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və qüdrətinin göstəricisidir.

Respublikamızın dövlət müstqilliyinin bərpasının 20 illiyi və ordumuzun yaranmasının 93-cü ildönümü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da keçirilmiş təntənəli paradı da ölkəmizin hərbi qüdrətini və müdafiə sənayesinin imkanlarını növbəti dəfə nümayiş etdirdi.  Ölkə vətəndaşları 2008-ci ildə keçirilən hərbi paradda da ordumuzun potensial imkanlarının bir hissəsini görmüşdülər. Sonuncu parad isə göstərdi ki, 2008-ci ildən sonra da Azərbaycan Ordusu sürətlə inkişaf edib, arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirib. Hətta  dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Nümayiş etdirilən hərbi texnikanın arasında Azərbaycanda istehsal olunan və modernləşdirilən silahlar ötəndəfəki paradla müqayisədə üstünlük təşkil edirdi. Bu, çox böyük nailiyyətdir və Azərbaycanda hərbi sənaye kompleksinin uğurlu inkişafından xəbər verir. Bütövlükdə, ölkəmizin hərbi potensialının çox az bir qisminin nümayiş etdirilməsinə baxmayaraq, parad Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olması ilə bağlı indiyə qədər deyilənlərə əyanilik gətirdi. Ordunun vəziyyəti, keyfiyyəti bir daha ictimaiyyətə təqdim edildi. Göstərildi ki, ordumuz yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya standartlarına uyğun müasir ordu sistemi yaradılıb.

Silahlı qüvvələrimizin qüdrətlənməsi, işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq cəmiyyətimizdə böyük razılıqla qarşılanır. Qəlbində vətənpərvərlik hissləri olan hər bir kəsi Azərbaycanın iqtisadi baxımdan inkişafı və buna paralel olaraq ordumuzun güclənməsi fərəhləndirir və qürurlandırır.

Reallıq göstərir ki, Azərbaycan Ermənistan qarşısında böyük hərbi üstünlüyə malikdir. Azərbaycan Ordusu döyüşdə həlledici rol oynayan müasir hərbi texnika sarıdan heç vaxt korluq çəkməyəcək. Bütün bunları düşmən ölkənin rəhbərliyi və ictimaiyyəti də yaxşı bilir. Təcavüzkar onu da anlayır ki, sülh danışıqları Azərbaycan üçün yeganə variant deyil və işğal olunmuş torpaqlarımızı azad etməyəcəyi təqdirdə ordumuz öz qətiyyətli sözünü deyəcək. Güclü  və modern Azərbaycan Ordusu bu müqəddəs vəzifəni layiqincə yerinə yetirməyə həmişə hazırdır!

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video