08:30 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan neftinin və qazının dünyaya yolu Türkiyədən keçir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:18 22.06.2021

 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində neft-qaz sektoru önəmli rola malikdir. Həm də bu sahədəki əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Türkiyənin tanınmış şirkətləri Azərbaycanın ən iri neft-qaz layihələrində iştirak edir. Eləcə də Azərbaycan qardaş ölkədə bir sıra əhəmiyyətli müəssisələrin yaradılmasına sərmayə yatırıb.

Azərbaycan netfinin və qazının dünyaya yolu Türkiyədən keçir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə də bu sahədəki əməkdaşlığın davam etdirilməsi məsələsi özünə mühüm yer alır.

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrindən söhbət gedəndə, ilk növbədə, müəllifi Ulu Öndər Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri yada düşür. 2006-cı ildə tam sistem kimi istifadəyə veriləndən bəri bu kəmər 1768 kilometr məsafə keçərək Azərbaycan neftini Bakı yaxınlığındakı Səngəçal terminalından Türkiyənin Ceyhan limanınadək nəql edir. Oradan isə neftin dünya bazarlarına yolu başlanır.

BTC-dən az sonra istifadəyə verilən Bakı-Tbilisi Ərzurum kəməri isə Azərbaycan qazını ixrac edir. Məhz bu kəmər ölkəmizin həm də qaz diyarı olduğunu dünyaya bəyan etdi və onu mavi yanacaq ixracatçısı kimi tanıtdı. Əslində, Bakı-Tbilisi-Ərzurum kəməri sonralar reallaşan “Cənub qaz dəhlizi”nin bünövrəsini təşkil etdi. Belə ki, 2011-ci il dekabrın 24-də TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) ilə bağlı Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalandı. 2012-ci il iyunun 26-da İstanbulda boru kəməri sisteminə dair sazişə də imza atıldı və sənəd hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqləndi. Bununla da Azərbaycan və Türkiyə siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP-ın tikintisi ilə bağlı razılıq əldə edildi. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyuldu. İstifadəyə verildiyi vaxtdan təxminən il yarım sonra - 2019-cu il noyabrın 30-da TANAP-ın qazı Avropa sərhədinədək çatdıran ikinci fazasının çəkilişi yekunlaşdı.

TANAP Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihə olduğuna görə onların birliyini və qardaşlığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyev kəmərin əhəmiyyəti barədə belə demişdir: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.

Xatırladaq ki, TANAP “Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən ikincisi və böyüyüdür. O, Türkiyənin ərazisində 1850 kilometrdən çox məsafə qət edir. Bir tərəfdən CQBK-ya (Cənubi Qafqaz Boru Kəməri), digər tərəfdən TAP-a ( Trans-Adriatik Qaz Boru Kəməri) bağlandığı üçün TANAP-ı “Cənub qaz dəhlizi”nin “birləşdirici halqası” da adlandırırlar.

Şuşa Bəyannaməsində tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu bir daha vurğulamışlar. Bildirmişlər ki, “Cənub qaz dəhlizi”nin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər.

Uzun illərdir bir sıra Türkiyə şirkətləri Azərbaycanın ən iri neft, qaz və ixrac layihələrində iştirak edirlər. Başda TPAO - “Türkiyə Petrolları” olmaqla, onlar özlərini etibarlı tərəfdaş kimi təsdiqləmişlər. TPAO “Azəri-Çiraq-Günəşli” layihəsində 5,73 faizlik payla iştirak edir. BTC-nin 11 səhmdarından biri olan bu şirkətin layihədəki iştirak payı 6,53 faizdir. TPAO, eləcə də, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində tərəfdaşlıq edən 7 dünya şöhrətli şirkət arasında özünə yer alıb. Hər iki layihədə 19 faiz iştirak payına malikdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi imzalandıqdan sonra mətbuata bəyanatında bu barədə demişdir: ““Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik”.

SOCAR-ın qardaş ölkədəki layihələrinə gəldikdə isə, bir neçə ildir İzmir şəhərinin Əliağa bölgəsində uğurla fəaliyyət göstərən STAR Neft Emalı Zavodunun adını çəkmək kifayətdir. STAR zavodu SOCAR-ın Azərbaycandan kənarda inşa etdiyi ilk neft emalı zavodudur. Bu, şirkətin biznes portfelini şaxələndirmək məqsədilə xaricdə həyata keçirdiyi layihələrdən biridir. STAR həm Azərbaycanın, həm də Türkiyənin iqtisadiyyatına gəlir gətirən və gələcəkdə töhfələrini daha da artırmağı hədəfləyən bir müəssisədir.

“Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik”, - dedi Azərbaycan Prezidenti İlham Əliyev. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyan etdi ki, əməkdaşlığımızı bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik.

Beləliklə, qarşıdakı dövrdə Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının miqyası daha da genişləndiriləcək. Bu, hər iki dövlət başçısının qərarı, hər iki ölkənin vətəndaşlarının mənafeyinə xidmət edən məramdır.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM