11 Noyabr 2011 02:11
869
Milli Məclis
A- A+

Azərbaycan Milli Məclisinin Sədri general-leytenant Aleksandr Voloxu mükafatlandırmışdır

 

Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Füzuli rayonunun keçmiş hərbi komendantı, istefada olan daxili xidmət general-leytenantı Aleksandr Voloxu Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə mükafatlandırmışdır. Sankt-Peterburqun Tavriçeski sarayında təltifetmə mərasimi olmuşdur.

Oqtay Əsədov çıxışında Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə görə A.Voloxa təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, o, igidliyinə və vətəndaş mövqeyinə görə mükafatlandırılır. Oqtay Əsədov demişdir: "Aleksandr Volox Azərbaycan xalqının dostudur. Hələ 1991-ci ildə Dağlıq Qarabağda separatçı silahlı dəstələr özbaşınalıqlar törədərkən Füzuli rayonunun komendantı olaraq Aleksandr Volox sovet zabitinə xas olan əsl şücaət və igidlik nümunəsi göstərmişdir. Onun köməyi ilə yüzlərlə azərbaycanlı uşaq, qadın, qoca xilas edilmişdir. O dəhşətli hadisələrdən 20 il keçmişdir, xilas edilmiş uşaqlar böyümüşdür və mən Azərbaycan xalqı adından Sizə minnətdarlığımı bildirmək istəyirəm".

A.Volox cavab sözündə demişdir: "O vaxt biz mükafat haqqında düşünmürdük, öz borcumuzu yerinə yetirirdik və mən xoşbəxtəm ki, belə yardım göstərmişəm. Bu mükafat ona görə qiymətlidir ki, o, mənə adamları öldürdüyümə görə deyil, onları xilas etdiyimə görə verilir. Ədalətli işlər tanınmalıdır və mən Azərbaycana minnətdaram. Düşünürəm ki, Azərbaycanımız bundan sonra da çiçəklənəcək və ədalət qalib gələcəkdir".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu A.Voloxu mükafat alması münasibətilə təbrik etmiş və ikitərəfli Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Diplomat demişdir: "Hazırda ölkələrimiz arasındakı münasibətlər elə səviyyədədir ki, heç kəs onları korlamağa qadir deyildir. Düzdür, bəzən müəyyən cəhdlər edilir, fitnəkarlıqlar törədilir. Amma onların hamısı boşa çıxır". Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov demişdir ki, Aleksandr Voloxa Azərbaycanın yüksək mükafatının təqdim edilməsi mühüm hadisədir və onun qəhrəmanlığına görə Azərbaycan xalqının minnətdarlığını təcəssüm etdirir.

Qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabrında Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları onlarca kənd qeyri-qanuni silahlı dəstələrin genişmiqyaslı hücumuna məruz qalmışdı. Minlərlə dinc sakin, əsasən qocalar, qadınlar, uşaqlar aramsız atəşə tutulurdu. Onlar üçün yeganə qurtuluş sovet hərbi qulluqçuları tərəfindən mühafizə olunan tək-tük hərbi komendantlıq postları idi. Füzuli rayonunun hərbi komendantı polkovnik A.Voloxun əmri ilə komendantlığın bütün qüvvələri mülki əhalinin xilas edilməsinə yönəldildi. Polkovnik A.Volox dinc vətəndaşların əksəriyyətini bir neçə günə hərbi münaqişə zonasından çıxara bilmişdi.

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Sankt-Peterburq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video