02 Fevral 2020 01:16
3930
SİYASƏT
A- A+

Azərbaycan gəncliyi güclü dövlət qayğısı ilə əhatə olunub


1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci forumunun keçirilməsi respublikanın həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Forum müstəqil ölkənin qarşısında duran vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.

1997-ci il fevralın 1-də isə Azərbaycan Prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə forumdan keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Gənclər Günü elan edildi. Artıq 23 ildir ki, bu tarix ölkəmizdə Gənclər Günü kimi qeyd edilir.


Gənclik Heydər Əliyev yoluna sadiqdir


Müstəqilliyimizin ilkin çağlarında hakimiyyətə yiyələnən qüvvələrin siyasi və ideoloji səbatsızlığı gəncləri də öz burulğanına salmışdı. Azərbaycan gəncliyi yeni qazanılmış müstəqilliyimizin gücləndirilməsinə heç cür xidmət göstərə bilmirdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşü gənclik enerjisinin məhz Azərbaycanın gələcəyinə və dövlətçilimizə xidmətini təmin etdi. Ulu Öndərin 1993-cü ilin sentyabrında gənclərlə görüşü onlarla işin dövlət siyasətinin prioritet qollarından birinə çevriləcəyini düşünməyə əsas verirdi və belə də oldu. Ulu Öndər gənclərə diqqət və qayğını dövlətin əsas fəaliyyət istiqamətlərindən birinə çevirdi.

1996-cı il fevralın 2-də keçirilən birinci forumda iştirak edən Ulu Öndər Heydər Əliyev "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”, - deyərək gənclər qarşısında tarixi bir vəzifə qoydu. Eyni zamanda Ulu Öndər dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq onların qarşısında geniş imkanlar açdı. Gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.

Qürurla qeyd etməliyik ki, Azərbaycan gəncliyi Heydər Əliyevin vaxtilə müəyyən etdiyi yola, tövsiyə və nəsihətlərinə daim sadiq oldu. Məhz Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti aradan ötən illərdə gəncliyin inkişaf yoluna işıq saldı. Onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin etdi.


Gənclərə meydan verən dövlət proqramları


Ötən 16 ildə böyük inkişaf yolu keçən Azərbaycan məhz Heydər Əliyevin müəllifi olduğu siyasətin nəticəsində tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Bu siyasəti yaşadan, inamla davam etdirən, dövrün tələblərinə uyğunlaşdıran isə Prezident İlham Əliyevdir. Ölkəmizdə bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Gördüyü işlərin miqyası ilə bütün xalqımızın rəğbətini qazanan Prezident İlham Əliyevin son 16 ildəki fəaliyyətini ümumiləşdirilmiş şəkildə belə xarakterizə etmək olar: güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx bağlı olan bu məsələlər məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə həllini taparaq Azərbaycanın inamlı tərəqqi yoluna çıxmasını təmin edib.

Bu dövrdə gənclər siyasəti də layiqincə həyata keçirilib. Xüsusən bu illərdə müvafiq dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Bu isə dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradıb. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - deyən Prezident İlham Əliyev qərarları ilə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq edib. Dövlət başçısının təsdiq etdiyi və 2005-2009-cu illərdə həyata keçirilən dövlət proqramı gənclərə olan dövlət qayğısının davamı idi. Neft gəlirlərini "insan kapitalı”na çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqlədi. 2007-ci ili ölkədə "Gənclər ili” elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirdi.

2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi isə gənclərə etimad və münasibətin növbəti əyani təzahürü oldu.

Hazırda 2017-2021-ci illəri əhatə edən növbəti proqram icra olunur. Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı da təsdiq etdi.


İlham Əliyev gənclərin hamisidir


Bütün bunların nəticəsidir ki, gənclik öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir. Belə ki, gənc nəsil daim respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı ən mötəbər idman yarışlarında yüksəlir. Gənclərimiz mədəniyyətlərarası dialoqun aparılmasında, ölkəmizin beynəlxalq əməkdaşlığının inkişafında fəal rol oynayırlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bugünü haqqında geniş məlumatlar çatdırılmışdır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun inkişafına və lobbiçilik fəaliyyətinə layiqli töhfələr verirlər. Fevralın 9-da keçiriləcək parlament seçkilərində də namizədlərin böyük bir qismini gənclər təşkil edir.

Ötən ilin fevralında keçirilən Gənclər Gününə həsr olunmuş respublika toplantısı Azərbaycanda həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin növbəti təsdiqi oldu. Prezident İlham Əliyev tədbir boyu gənclərlə bir yerdə oldu, nitq söylərək gənclərə tövsiyələrini verdi, həm də onları dinlədi. Azərbaycan gənclərinin müstəqillik dövründə yaşadıqlarını, ölkəmizin ümumi inkişafına böyük töhfə verdiklərini deyən Prezident İlham Əliyev gənclərə öz tövsiyələrini də söylədi: "Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər”.

Dünyada ciddi böhranların, münaqişələrin, müharibələrin getdiyi bir dönəmdə Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə sabitlik məkanı kimi inkişaf edir. Gənclər də bu imkandan yetərincə yararlanaraq cəmiyyətdə böyük uğurlar qazanırlar. Ona görə də əminliklə söyləyə bilərik ki, dövlət başçısı Azərbaycan gənclərinin böyük hamisidir. Gənclər də öz növbəsində hər zaman

İlham Əliyev siyasətinin dəstəkçisi və bu siyasətin davamçılarıdırlar. Onlar əmindirlər ki, Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə daha güclü inkişafına qovuşacaq. Buna görə milli və dövlətçilik təəssübkeşliyini rəhbər tutan gənclər daim Prezidentin ətrafında sıx səfərbər olacaqlar.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video