18:38 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan dünyaya Günəş kimi doğur
ANA SƏHİFƏ / SİYASƏT
01:11 15.10.2021

 

Hər günü, hər saatı, hər anı qürurla, fərəhlə, qələbə sevinciylə dolu bir il artıq tarixə qovuşur. Arxada qalan bu bir il doğma Azərbaycanımızın şərəf salnaməsidir. Bu salnamənin qəhrəmanlıq dolu hər səhifəsi vətəni canlarından artıq sevən, onun azadlığı uğrunda ölüm-qalım savaşında ölümdən belə qorxmayan ər igidlərimizin müqqədəs qanı ilə yazılmışdır.

Bu gün şanlı tarixə çevrilən bir ilin unudulmaz anlarını iftixar hissiylə xatırlayır, zəruri məqamda qırılmaz bağlarda birləşib “dəmir yumruğ”a çevrilən xalqımızla, düşmənə qan udduran qəhrəman Azərbaycan əsgəriylə və böyük Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandanımızla qürur duyuruq.

44 günlük Qarabağ savaşı müasir dünyamızın hərb tarixində analoqu olmayan bir müharibə idi. Döyüş əməliyyatlarının hazırlanması və meydanda uğurla, heç bir yanlışa yol verilmədən icra edilməsi dünyanın güc mərkəzi olan dövlətlərini belə heyran etdi. 30 ildən bəri Ermənistan tərəfindən işğal altında saxlanılan, misli görünməmiş vandallıqla dağıdılıb viran qoyulan kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca azad olundu. Müharibə ərəfəsində Azərbaycana şiddətli təhdidlər yağdıran, yeni ərazilərimizi işğal edəcəkləri, Kürə qədər gələcəkləri ilə hədələyən düşmən “dəmir yumruğ”un qarşısında dayana bilməyərək, tankını, torpağını, silah-sursatını döyüş meydanında qoyub qaçdı. Hər gün yeni-yeni yaşayış məntəqələrinin - kəndlərimizin, şəhərlərimizin işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandanın dilindən səslənən xəbərlər ölkədə bayram ab-havası yaradaraq xalqımızı Böyük Zəfərə köklədi.

44 günlük Vətən müharibəsinin hər günü qəhrəmanlıqla doludur və qürurvericidir. Amma bu müqəddəs savaşın zirvəsi Şuşa uğrunda döyüşlər idi desək, yəqin bu fikirlə hamı razılaşar. Sıldırım qayalara dırmaşan, baş gicəlləndirən dərin uçurumları adlayan igidlərimiz Şuşaya əlbəyaxa döyüşlə daxil oldular. O əsgərlərin hərəsi bir qəhrəman idi. Onlar Vətən fədailəri, Şuşa fatehləridir.

Şuşanın bizim üçün önəmi bir başqadır. Bu fərqli yanaşma etiraf edək ki, Müzəffər Ali Baş Komandandan tutmuş adi vətəndaşadək hər birimizin baxışlarına hakimdir. Şuşanın işğaldan azad olunması xəbərini xalqa çatdıran dövlət başçısının necə kövrəldiyini unutmaq olmur. “Şuşa, sən azadsan!” deyə doğma və əziz, eyni zamanda müqəddəs tarixi yurd yerimizə xitab edən İlham Əliyevin hər sözünə, hər cümləsinə odlu ürəyinin hərarəti hopmuşdu. Danışığının ahəngindən hiss olunurdu ki, sanki çiyinlərindən ağır bir yük götürülmüşdü. O, ata vəsiyyətini şərəflə yerinə yetirən bir oğul kimi özünü xoşbəxt sayırdı.

Təkcə Prezident idimi xoşbəxt olan?! Əsla yox! O anda uşaqdan böyüyə bütün Azərbaycan xalqı xoşbəxt idi. Qarabağı, Şuşanı azadlığa, bizi xoşbəxtliyə qovuşduran qəhrəman vətən oğullarına əbədi eşq olsun! Çox güman ki, Şuşada, Cıdır düzündə Şuşa fatehlərinin şərəfinə bir abidə ucaldılsa, hamımızın ürəyincə olar. Bu abidə Şuşa fatehlərinin qəhrəmanlığını əbədiyyətə qovuşdurar, şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizin fədakarlığına məhəbbət və ehtiramın daha bir parlaq ifadəsinə çevrilər.

Zaman ən böyük hakim olduğunu israrla təsdiqləməkdədir. Arxada qalan bir ildə çox şey dəyişib. Ölən ümidlər canlanıb, xəyallar gerçəkləşib, sarsılan inamlar baharda təbiət oyanan kimi tumurcuqlayıb. Yaxın keçmişdə Ermənistanın baş naziri Paşinyanın sərxoş vəziyyətdə öz dəstəsi ilə yallı getdiyi Cıdır düzündə indi beynəlxalq musiqi festivalları, poeziya günləri keçirilir. Həm də xarici qonaqların heyranlıqla “Qafqazın incisi” adlandırdıqları Şuşa milli memarlıq üslubu saxlanılmaqla yenidən qurulur.

Əlbəttə, tikilən, qurulan təkcə Şuşa deyil. Bu gün işğaldan azad edilib rahat nəfəs alan Qarabağın, Şərqi Zəngəzurun hər bucağında həyat qaynayır. Düşmənin daş üstə daş qoymadığı Ağdam tezliklə “ağıllı şəhər”ə çevriləcək. Bərdə-Ağdam dəmir yolu və müasir tələblərə cavab verən avtomobil yollarının çəkilişi sürətlə davam edir. Füzulidə yeni inşa olunan beynəlxalq hava limanına artıq ilk uçuş gerçəkləşib. Çətin relyefə baxmayaraq Kəlbəcərə “Ömər aşırımı”ndan keçməklə rahat yol çəkilir. Cəbrayılda, Qubadlıda, Zəngilanda genişmiqyaslı quruculuq işlərinə start verilib. Zəngəzur dəhlizini reallaşdırmaq məqsədi ilə diplomatik danışıqlar intensiv xarakter alıb. Əlbəttə, bütün bunlar tarixə qovuşan son bir ilin ərzində görülən işlərin tam siyahısı deyil.

Müzəffər Ali Baş Komandanın yenilməz iradəsi, xalqımızın tükənməz qurub-yaratmaq əzmi, dövlətimizin iqtisadi qüdrəti sayəsində doğma Qarabağın, Şərqi Zəngəzurun hər bucağı başdan-başa yenidən qurulur, gerçək bir cənnətə çevrilir. Ulu Öndərin dediyi kimi, Azərbaycan dünyaya Günəş kimi doğur.

 

Lazım QULİYEV,

 “Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM