26 Sentyabr 2021 00:30
2319
İQTİSADİYYAT
A- A+

Azərbaycan dünyada həm də zəngin turizm ölkəsi kimi tanınır

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Turizm işçiləri günü”nün təsis edilməsi haqqında 1 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən, sentyabrın 27-si ölkəmizdə turizm işçilərinin peşə bayramı kimi qeyd olunur.

Ötən illər ərzində sürətli inkişafa və böyük uğurlara nail olan Azərbaycan indi dünyada, həm də turizm ölkəsi kimi diqqət çəkir. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə müasir turizm sahəsi formalaşmış, beynəlxalq standartlara cavab verən infrastruktur yaradılmış, turizmin müxtəlif növlərinin inkişafı və ölkənin mövcud potensialı beynəlxalq aləmdə tanıdılmışdır.

Artıq bu ildən Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə sentyabrın 27-si həm də ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Bu tarixi günlərin qeyd olunduğu Azərbaycanda turizm sənayesinin inkişafı üçün əlverişli iqtisadi-coğrafi mühit mövcuddur. Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları ölkəmizdən keçir. Eyni zamanda Azərbaycan nadir təbii-iqlim xüsusiyyətlərinə malik bir ölkədir ki, onun fauna və florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Azərbaycan florasının rəngarəngliyi ölkəmizə gələn turistləri heyran edir.

Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göygöl, Maralgöl, Qobustanın sərt və eyni zamanda, mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialından xəbər verir. Ölkəmizdə müxtəlif tərkibli mineral su ehtiyatları, o sıradan Naxçıvandakı Badamlı, Sirab, Vayxır mineral suları, erməni işğalından azad edilən Kəlbəcər rayonundakı İstisu respublikamızdan çox-çox uzaqlarda belə məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Ölkəmizin şimal bölgəsində, Prezident İlham Əliyevin tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi artıq dünyada məşhurdur. Kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanmışdır. Şahdağ milli parkının ərazisində salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmışdır. Kanat yolları qış turizm kompleksinin əsas və qonaqlar tərəfindən çox maraqla qarşılanan kompanentlərindən sayılır. Xəzər sahillərində - Lənkərandan tutmuş Nabrana kimi dünya standartları səviyyəsində yaradılan istirahət zonaları, müalicə və kənd turizminin mövcudluğu insanlarda böyük məmnunluq doğurur.

Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik ölkədir. Bu məkanda 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Onların əksəriyyəti Azərbaycan ərazisindən keçən böyük İpək yolu boyunca qədim karvan yollarının üstündə yerləşir. Turistlər ibtidai insanların Qobustan mağaralarındakı qayaüstü rəsmlərini, atəşpərəstlik məbədlərini, dağların zirvəsindəki alban kilsələrini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, islam mədəniyyəti dövrünün əzəmətli saraylarını, məscidləri, türbələri və digər tikililəri görməkdən zövq alırlar.

Xatırladaq ki, turizm potensialına malik dövlət qoruqları və milli parklar ölkəmizin tanıdılmasında mühüm rol oynayır. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə yerinə yetirir. Bu səbəbdəndir ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğuna, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğuna, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruğuna, “Şahdağ Turizm Mərkəzi”nə gələn ziyarətçilər bu ünvanlara təkrar gəlməyə üstünlük verirlər.

Xatırladaq ki, hazırda Azərbaycanda 10 milli park fəaliyyət göstərir: Zəngəzur, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama və Qızılağac. Ekspertlərin fikrincə, bu milli parklar da Azərbaycanın dünyada turizm ölkəsi kimi tanıdılmasında mühüm rola malikdir.

Yeni turizm infrastrukturunun yaradılmasına Heydər Əliyev Fondu sanballı töhfələr verir. Tarixi, dini və mədəni abidələrin bərpası ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Dövlət başçısının sərəncamına əsasən, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması gələnlərdə böyük maraq oyadır. “Yanardağ” - əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları və Qırməki vadisi ziyarətçilərə bu ölkənin qədim tarixindən xəbər verir. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir tələblərə uyğunlaşdırılmasında Heydər Əliyev Fondunun dəstəyi əvəzsizdir. Prezident İlham Əliyevin qayğısı sayəsində bu cür obyektlərin təmiri, bərpası, yenidən qurulması istiqamətində çox böyük işlər görülüb və gorülməkdə davam edir. Heç uzağa getməyək, ötən il erməni işğalından azad edilən Qarabağda, xüsusilə Şuşada aparılan bərpa və quruculuq işləri buna bariz nümunədir.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Şabran rayonunun ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsi “Çıraqqala”da möhkəmləndirmə, bərpa-konservasiya işləri aparılıb.

Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün də geniş imkanlar vardır. Son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Respublikanın sağlamlıq turizmi sahəsində görülən tədbirlər, COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizə turistlərin gəlişini daha da artıracaq. Naftalan şəhərinin əvvəlki turizm imkanlarının bərpası istiqamətində də böyük işlər görülüb. Qısa bir zamanda bərpa olunan, yaxud yenidən tikilən bir-birindən yaraşıqlı hotellər, kurort-sanatoriya mərkəzləri Naftalanı nəinki Azərbaycanın, eləcə də dünyanın turizm mərkəzlərindən birinə çevirib.

Sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların fəallığının artması ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Azərbaycanın turizm potensialının beynəlxalq auditoriyaya çatdırılması üçün genişmiqyaslı təbliğat və marketinq işləri aparılır.

Ölkə rəhbərliyi tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan yeni turizm istiqaməti kimi xarici ölkələrdə yaşayan səyahət həvəskarlarının da seçdiyi məkana çevrilib. Həyata keçirilən məqsədyönlü siyasətə uyğun olaraq son illər beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin ölkəmizdə keçirilməsi, habelə Azərbaycana gəzinti həvəskarlarının təşviqi turizm sektorunun daha çox gəlir gətirən sahəyə çevrilməsinə şərait yaradır. Turizm sahəsində görülən kompleks tədbirlərin və aparılan islahatların nəticəsində, pandemiyanın yaratdığı bir sıra çətinliklərə baxmayaraq, ölkəmizə gələn turistlərin sayı artır. Bunda “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “tax free”, “e-Viza”nın tətbiqi, xaricdə DTA-nın nümayəndəliklərinin yaradılması, Bakıda ilk dəfə Ticarət Festivalı və turizm təqvimi kimi tədbirlər də mühüm əhəmiyyət kəsb edir.

Görünən odur ki, yaxın illərdə turizmin ölkə iqtisadiyyatında xüsusi çəkisi daha da artacaq. Əgər dünyanı lərzəyə salan pandemiya baş verməsəydi, sözsüz ki, bu sahədə daha böyük irəliləyişlər müşahidə olunardı. Mütəxəssislərin fikrincə, yenə də vəziyyət pis deyil. Qarabağ, Şərqi Zəngəzur zonasında bu sahədə fəaliyyət bərpa olunduqdan sonra turizmdən gələn gəlirlər bir neçə dəfə artacaq. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, hava limanları tikilir. Yaxın illərdə bu zonalar turizm sahəsində önə çıxacaq. Çünki həmin ərazilərin olduqca əlverişli turizm potensialı var. Xüsusilə müalicəvi turizm sahəsini inkişaf etdirmək üçün çox gözəl imkanlar mövcuddur. Yaxın illərdə işğaldan azad olunmuş ərazilərin ölkə turizmində xüsusi yeri olacaq ki, bu da Azərbaycanda turizmdən gələn gəlirlərin artmasına səbəb olacaq.

Son illər Azərbaycan özünün bütün bö

lgələr üzrə zəngin turizm potensialından daha səmərəli istifadə etməyə çalışır. Bütün turist marşrutları boyunca zəruri infrastruktur qurulur, mehmanxana və digər obyektlərin sayı artırılır, xidmətin səviyyəsinin yüksəldilməsinə hesablanan tədbirlər görülür, respublikaya gəlib-getmə qaydaları asanlaşdırılır. Bununla yanaşı, xarici ölkələrdə Azərbaycanın paytaxtının və bölgələrinin turizm potensialı təbliğ edilir. Azərbaycanda dövlət tərəfindən turizmin inkişafına göstərilən davamlı dəstək tədbirləri müsbət nəticələr verir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video