05:55 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan daha bir beynəlxalq reytinqdə liderdir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:12 06.08.2021

 

Məlum  həqiqətdir ki, müharibələr ölkələri fəlakətə sürükləyir,  onları ən ağır mənəvi və iqtisadi itkilərin məngənəsində boğur. Azərbaycanın ərazilərinin 30 il işğal altında qalması xalqımız üçün hər cəhətdən böyük itkilərə səbəb olmuşdur. Həmin  müddət ərzində dağıdılan şəhər və kəndlərin, talan edilən iqtisadiyyatın, məhv edilən infrastrukturun, yerlə yeksan edilən abidələrin dəyəri milyardlarla ölçülür.

 Ərazisi o qədər də böyük olmayan Azərbaycan üçün bu itkilər əslində ən ağır fəlakətlərlə nəticələnə bilərdi və ölkəmiz birdəfəlik dibi görünməyən uçurumlara yuvarlanardı, əgər 44 günlük Vətən savaşında biz bu işğala son qoymasaydıq. Bəli, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz cəmi 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək  Qarabağdan işğalçıları iti qovan kimi qovdu. 30 ilə yaxın  mifik qələbəsi ilə lovğalanmaqdan köynəyinə sığmayan işğalçı Ermənistan isə acınacaqlı vəziyyətə düşdü. Və həmin vəziyyət günü bu gün də onu qarabaqara izləyir.

 Halbuki 1992-ci ildən üzübəri erməni liderləri dünyaya qalib duruşlarının striptizlərini yapmaqdan sonsuz zövq alırdılar. Hamımız Petrosyanın, Köçəryanın, Sarkisyanın idbar “qalib” makiyajını yaxşı xatırlayırıq. 44 günlük müharibə isə erməni siyasi elitasının bu qondarma “qürur”unun bəzəyini atdı, onun  bütün çalarlarını və əsl cizgilərini  göstərdi.  Ermənistan məğlub edildikdən sonra bu ölkədə həşərat kimi qaynayan siyasi partiyalar indiyəcən bir-birini qırır, ittiham edir, bütün dünyaya iqtisadi kollabsa düşdüklərini, nə qədər gülünc görünsə də, guya işğala məruz qaldıqlarını  car çəkir, arsızcasına əl açaraq humanitar və hərbi yardım dilənirlər.

Ən qəribəsi odur ki, erməni faşizminə hələ də sığal verib züy tutanlar tapılır. Belələri erməni faşizmini qınamır, onun erməni xalqını hansı fəlakətlərə mübtəla etdiyini dilə gətirmir, əksinə, “zavallı tifil”lərə əmzik verib dizlərini yerdən qaldırmaq üçün milyardlar ayırırlar. Lakin faşist ideologiyasının əsarətinə düşən, özlərini hamıdan ali, müdrik və qədim saymaqla yolunu azan bu dövlətə və ən başlıcası, erməni xalqına belə yardımlardan daha çox həqiqəti dərk etmələri, faşist idelogiyasından birdəfəlik üz döndərmələri lazımdır. Yalnız bu yolla “erməni xəstəliyi”ndən xilas olmaq mümkündür.

Ermənistanın tənəzzülü ilə Azərbaycanın intibahı arasından möhtəşəm mənəvi bir sədd keçir. Bu sədd iqtidar-xalq birliyi ilə hörülərək bizim vətən, torpaq və bayraq sevgimizlə ucalıb. 44 günlük savaşda ən böyük tarixi qələbəmiz düşməni məğlub etməyimizlə yanaşı, bir-birimizə bağlanmağımız, yumruq kimi birləşməyimiz, iqtidarın və xalqın vəhdətindən yaranan möhtəşəm gücə nail olmağımızdır. Bu birlik bizə inamla irəli, yeni iqtisadi uğurlara sarı addımlamağa imkan verir.

Müharibə başa çatdıqdan sonra ölkəmiz iqtisadi islahatların yeni mərhələsinə adlayıb. Bu gün də, savaşdan öncə də olduğu kimi, sosial-iqtisadi, xüsusən islahatlar sahəsində uğurlarımız davam edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sonuncu “İslahat icmalı” bu baxımdan xüsusi maraq doğurur. Qeyd edək ki, bu icmal Azərbaycanın kağızsız ticarət sahəsində regional liderliyinə həsr olunmuşdur.

 BMT-nin Asiya və Sakit Okean Komissiyasının (UNESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə, Azərbaycan 2019-cu illə müqayisədə 5 faiz  artım nümayiş etdirərək ümumilikdə 86,02 faizlə  həm qonşu (Rusiya 84,95, Gürcüstan 82,8, İran 77,42, Ermənistan 62,37, Türkiyə 86,02 faiz), həm də MDB-yə üzv ölkələrlə müqayisədə ilk yerdə qərarlaşmışdır. Onu da  diqqətə çatdırmaq lazımdır ki, bütün dünya üzrə ortalama göstərici 64,95, inkişaf etmiş ölkələr üzrə isə 81,86 faizdir.

“İslahat icmalı”nda qeyd olunur ki, Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsini verir. Belə ki, “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi transsərhəd ticarət prosedurlarının sadələşdirilməsinə gətirib çıxarmış, elektron və kağızsız ticarətin, xüsusilə də transsərhəd kağızsız ticarətin inkişafını stimullaşdırmışdır. Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət alt indikatoru üzrə 2 il müddətinə 33 faiz artım əldə etmiş və bu sahənin inkişaf sürətinə görə qlobal səviyyədə öncül müvqeyə sahib olmuşdur.

Gömrük sahəsində aparılmış islahatlar - “Yaşıl Dəhliz”, “Avtomatlaşdırılmış Gömrük Sistemi” və “Bir pəncərə” elektron sisteminin yaradılması, gömrük bəyannamələrinin elektron qaydada doldurulması və sertifikatların elektron formada təqdim edilməsi, eləcə də gömrük rüsumları və vergilərinin elektron formada ödənilməsi Azərbaycanda ticarət prosedurlarının sadələşdirilməsinə xidmət etməklə, reytinqdə də “tam icra” kimi qiymətləndirilərək mövqeyimizin yaxşılaşdırılmasına səbəb olmuşdur. Eyni zamanda Azərbaycanın 20 fevral 2021-ci il tarixdən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağızsız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması da qlobal müstəvidə ölkənin bu sahədə mövqeyinin yaxşılaşdırılmasına faydasını  vermişdir.

Qısası, aydın görünəni budur: Azərbaycanın 30 illik mübarizəsinin nəticəsi olan  44 günlük müharibədəki ildırım sürətli qələbəsi ölkəmizi və onun iqtisadiyyatını elə yeni mərhələyə qaldırıb ki, onu etiraf etməmək  mümkün deyil.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM