01 Oktyabr 2021 00:31
1298
SİYASƏT
A- A+

Azərbaycan-Çin əməkdaşlığı inkişaf və tərəqqiyə xidmət edir

 

Qədim sivilizasiya mərkəzlərindən biri olan Çində tarixi abidələrin mövcudluğu burada mədəniyyətin yüksək inkişafını göstərir.  Dünyaya bir sıra müdrik, dahi insanlar bəxş etmiş Çin xalqı özünün tarixi kəşf və ixtiraları ilə də öyünə bilər. Təsadüfi deyil ki, belə bir zəngin mədəniyyəti bu gün də ardıcıl inkişaf etdirən Çin xalqı bir sıra irimiqyaslı uğurlu iqtisadi layihələrə də imza atmışdır. Bu yeniliklər və inkişaf ölkə həyatının müxtəlif sahələrində özünü büruzə verir.

Hazırda dünyanın güc mərkəzlərindən birinə çevrilmiş Çin mühüm beynəlxalq problemlərin həllində də söz sahibi kimi çıxış edir. Beynəlxalq münasibətlər sistemində olduğu kimi, dünya iqtisadiyyatında da aparıcı yerlərdən birini tutur. Bu dövlətin milli ideyası əmək, zəhmət hesabına xalqın güzəranını, rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Hazırda ölkədə bazar iqtisadiyyatı quruculuğu uğurla həyata keçirilir və iqtisadiyyat özünün çoxukladlı xarakterini qoruyub saxlayır.

 Dünya ölkələrinin Çin iqtisadiyyatına marağı gündən-günə artır. Bu ölkənin iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi 170 milyard dollar təşkil edir. Elə bu göstəriciyə görə Çin dünyada ikinci yerə çıxmışdır. Ölkə qapılarının xarici investisiya axını üçün açılması və xüsusi iqtisadi zonaların yaradılması sənaye fəallığının yeni dalğasının sahilboyu rayonlara, xüsusilə Cənubi Çinə keçməsinə təkan verdi. Xarici sahibkarların Çində investisiya fəaliyyəti ilə bağlı gözləntiləri və güvənləri ümumiyyətlə sabitdir. Vaşinqtondakı Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun məlumatına görə, qlobal iqtisadi və maliyyə gərginliyinə baxmayaraq, bu il Çinə birbaşa xarici sərmayə axını artmaqda davam edəcək. Müqayisə üçün deyək ki, 2020-ci ildə Çinin qlobal birbaşa xarici investisiyalardakı payı rekord yüksək səviyyəyə - 25 faizə çatıb. Bu isə 2019-cu ilin göstəricisindən təxminən iki dəfə çoxdur.

Amerika müəssisələrinin təxminən üçdəikisi və AB şirkətlərinin 59 faizi Çində öz bizneslərini genişləndirməyi planlaşdırırlar. Həmçinin yapon müəssisələrinin 36,6 faizi də Çinə qoyduqları sərmayələri artırmağı planlaşdırırlar. Çin xarici aləmə açıqlığını genişləndirməyi, işgüzar mühiti optimallaşdırmağı və xarici səhmdarların və müəssisələrin Çində daha yaxşı inkişaf etməsinə köməyi davam etdirir.

Hazırda Çin dünyada koks, çuqun, polad və polad borular, alüminium, sink, qalay, nikel, televizor, radioqəbuledici və mobil telefon, yuyucu və toxuculuq maşınları, velosiped və motosiklet, saat və fotoaparat, gübrə, pambıq və ipək parçalar, sement, ayaqqabı, ət, buğda, düyü, darı, kartof, pambıq, alma, tütün, tərəvəz, barama və s. məhsulların ən iri istehsalçılarından biridir. Çin dünyada ən iri polad istehsalçısıdır. Ölkədə daş kömürün zəngin yataqları mövcuddur. Bu ölkə onun hasilatı üzrə dünyada birinci yeri tutur. Hazırda ağır sənayenin bəzi sahələri və milli strateji əhəmiyyətli məhsullar istehsal edən müəssisələr dövlətin mülkiyyətində qalır, ancaq yerdə qalan kompaniyalar özəl və ya xüsusi-dövlət birgə müəssisələrindən ibarətdir.  Sənayenin başlıca dövlət sahələri - dəmir, polad, kömür, maşınqayırma, yüngül sənaye, silah və toxuculuq sənayesidir. 

Çin həmçinin ayaqqabı, oyuncaqlar və elektronika avadanlıqları daxil olmaqla bir sıra istehlak mallarının ən iri istehsalçısına çevrilmişdir. O, həmçinin dünyada avtomobil istehsalının həcminə görə də öndə gedənlərdəndir. Hər il daxili və dünya bazarlarına 18 milyondan çox yerli markalı avtomobil çıxarılır. Müxtəlif sahələr arasında maşınqayırma və metallurgiya sənayesi ən yüksək üstünlük verilən sahələrdir. Son iyirmi il ərzində sənaye istehsalının həcmi ildə orta hesabla 10 faiz artmışdır.

2021-ci ilin yanvar-iyul aylarında Çində böyük internet şirkətlərinin həm gəlirlərində, həm də mənfəətlərində sürətli artım oldu. Bu şirkətlərin gəlirləri 26,3 faiz artaraq 137.34 milyard dollara çatdı. Hazırda internet sistemi sürətlə inkişaf edir. Ölkədə 872 milyon onlayn ödəmə sistemi istifadəçisi vardır. Bu da ölkədə internet istifadəçilərinin ümumi sayının 86,3 faizini təşkil edir. 

Bu ilin ilk beş ayı ərzində Çinin məişət texnikası bolməsində sabit bir artım müşahidə olundu. Belə ki, yanvar-may ayları ərzində ölkədə 37,12 milyon soyuducu (artım 29,2 faiz) və 36,18 milyon paltaryuyan maşın (artım 37,3 faiz) istehsal edilmişdir.

2021-ci ilin yanvar-iyun ayları ərzində Çində plastik maddələr sənayesinin istehsal həcmi ötən ilin həmin dövrü ilə müqayisədə 18,2 faiz artaraq 38,84 milyon ton təşkil edib. İlin birinci yarısında ölkənin plastik məhsul istehsalçıları ümumilikdə 8,84 milyard dollar gəlir əldə ediblər.

Çində təbii qaza tələbat böyükdür. Bu ilin ilk yeddi ayında Çində təbii qaz hasilatının həcmi 120,2 milyard kubmetr təşkil edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz çoxdur.

Elə bir il olmur ki, ölkədə böyük bir layihə uğurla başa çatdırılmasın. Bu mənada Çin nəhəng tikinti meydançasını xatırladır. Bu yaxınlarda Şərqi Çinin Sindao şəhərində (Şandun əyaləti)  “Szyaodun” beynəlxalq hava limanının istifadəyə verilməsi buna bir nümunədir. Belə ki, 2025-ci ilə qədər hava limanı ildə 35 milyon sərnişinə xidmət göstərə biləcək. 2045-ci ildə isə onun illik sərnişin axını 55 milyon olacaq. Bu ilin yayında ümumi uzunluğu 2.800 km olan Pekin-Urumçi ekspres yolu istifadəyə verildi.

Bir vaxtlar ərzaq məhsullarına olan daxili tələbatı ödəyə bilməyən bu ölkə indi hətta ərazicə ondan böyük olan Rusiyaya yeyinti məhsulları ixrac edir. Dünyada ən böyük quşçuluq, donuzçuluq, xırda və iribuynuzlu mal-qara (qoyun, keçi, öküz və at) təsərrüfatları Çində yerləşir. Bu ölkə həm də dünyada balıq ovunun həcminə görə birincidir.

Çin iqtisadiyyatının ən mühüm hissəsini kənd təsərrüfatı təşkil edir. Onun aparıcı sahəsi isə bitkiçilik təsərrüfatıdır. Hökumət kəndlilərin hərtərəfli dəstəklənməsi siyasətini yeridir, onların həyatını yaxşılaşdırmağa çalışır.  Kəndlilər kənd təsərrüfatı, mal-qara kəsimi və xüsusi kənd təsərrüfatı vergisindən tam azad olunmuşlar. Eyni zamanda xüsusi maliyyə yardımlarının verilməsi qaydası müəyyən edilmişdir. Taxılçılara dövlət maliyyə yardımları və böyük miqdarda taxıl istehsal edən qəzalara ödənişlər artırılıb. Çin tərəvəz ixracatının və məhsul istehsalının həcminə görə dünyada birinci yeri tutur. Dünyada istehsal olunan meyvənin 17 faizi Çinin payına düşür.

Müasir Çin iqtisadiyyatının xarakterik xüsusiyyətlərindən biri onun xarici bazardan asılılığıdır. Belə ki, Çin ixracatın həcminə görə dünyada birinci yeri tutur.  İxracat dövlətin valyuta gəlirlərinin 80 faizini təşkil edir. Sənaye və kənd təsərrüfatının ümumi məhsulunun 20 faizi xarici bazara çıxarılır. Dünya bazarına 50 min adda ixracat məhsulları göndərilir. Çinin əsas ticarət tərəfdaşları inkişaf etmiş kapitalist ölkələri, ilk növbədə, Yaponiya, ABŞ, Qərbi Avropa dövlətləridir. Onun xarici ticarət dövriyyəsinin 55 faizi onların payına düşür.

Son illər ÇXR-in Sədri Si Cinpinin rəhbərliyi altında ölkədə böyük planlar həyata keçirilir. Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunun işində Azərbaycanın nümayəndə heyəti də iştirak etmişdi. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar, Zəngəzur dəhlizinin açılması səyləri Çinin kəmər və yol təşəbbüsünün quru yolları istiqaməti üçün olduqca əhəmiyyətlidir.

Bu ilin birinci yarısında Çinlə “Bir kəmər, bir yol” boyunca yerləşmiş ölkələr arasında xarici ticarətin həcmi xeyli artmışdır. Bu dövrdə Çinin və adıçəkilən ölkələrin xarici ticarət dövriyyəsi 27,5 faiz artaraq təxminən 826 milyard dollar təşkil etmişdir. Çinin bu ölkələrdən idxalı 25,6 faiz artmış, xam neft, kənd təsərrüfatı məhsulları və mineral maddələrin idxalının artımı isə sabit səviyyədə qalmışdır.

2021-ci ilin ilk 8 ayı ərzində Sincan-Uyğur Muxtar rayonunda (Şimal - Qərbi Çin) yerləşmiş iki nəzarət-buraxılış məntəqəsindən Çin-Avropa marşrutları üzrə 8 mindən çox qatar keçib. Bu il  Çin-Rusiya sərhədində yerləşən Mancouli /Mancuriya/ və Suyfenhe quru keçid məntəqələrindən isə Çin-Avropa beynəlxalq dəmir yolu yük daşımaları çərçivəsində hərəkət edən 3000-dən çox qatar keçmişdir. Bu ilin avqustunda isə 50 vaqondan ibarət olan 10.000-ci yük qatarı Çin-Avropa beynəlxalq dəmir yolu marşrutlarından biri üzrə Şensi əyalətinin (Şimal-Qərbi Çin) inzibati mərkəzi olan Siandan yola düşmüşdür. Malların çeşidi toxuculuq məhsulları, maşınlar, elektronika, avtomobillər və onlar üçün ehtiyat hissələri daxil olmaqla 9 kateqoriyaya qədər genişlənmişdir. 2021-ci ilin ilk beş ayında Çinin ümumi idxalı və ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz artmışdır.

Azərbaycan və Çin xalqları tarixboyu bir çox çətinliklərlə üzləşmiş və sərt sınaqlardan keçmişlər. Onların coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlar arasında tarixən dostluq əlaqələri mövcud olmuşdur. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu xüsusi rol oynamışdır. Hələ 2.500 il bundan öncə qədim İpək yolu vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olmuşdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. Şair Çin xalqına olan hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə etmişdir.

Hazırda Çin özünün xarici siyasət kursunda Cənubi Qafqaza və onun aparıcı dövləti olan Azərbaycan ilə münasibətlərə ciddi əhəmiyyət verir. Təsadüfi deyil ki, Çin hökuməti Azərbaycanın dövlət müstəqilliyini rəsmən 1991-ci il dekabrin 27-də tanımışdır. 1992-ci ilin aprelində isə iki dövlət arasında diplomatik əlaqələr qurulmuşdur. 1994-cü ilin martında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Çinə rəsmi səfəri isə qarşılıqlı münasibətlərin inkişafında yeni səhifə açdı və iki dövlət arasında səkkiz müqavilə imzalandı. Çin və Azərbaycan şəhərləri (Dalyan və Bakı) qardaşlaşdılar.

İki ölkə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirmək üçün Azərbaycan ilə Çin arasında 81 müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005, 2008, 2015 və 2019-cu illərdə Çinə rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərdi. Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri iki ölkə arasında digər sahələrdə də qarşılıqlı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə etmək mümkündür. Son illər həyatın müxtəlif sahələrində əlaqələr durmadan artır.     

İki ölkə arasında mövcud fəal siyasi dialoq nəticəsində energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməkdədir.

Çin hökumətinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini Azərbaycan birincilər sırasında dəstəkləmişdi. Bu layihəyə daxil olan altı istiqamətdən üçüncüsü Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələrini birləşdirir.

Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirir.

Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2020-ci ildə iki ölkə arasında ticarətin həcmi 1,847 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 15,4 faiz azdır. 

2021-ci ilin yanvar-iyul aylarında Çin və Azərbaycan arasında ticarətin ümumi həcmi 700 milyon dollar təşkil etmişdir. Bu, ötən ilin həmin dövrü ilə müqayisədə 12,59 faiz azdır. Bununla belə  Çin Azərbaycanın 4-cü ticarət tərəfdaşı olaraq qalmışdır.

Çinin Azərbaycandan idxalı 2021-ci ilin birinci yarısında 170 milyon dollar təşkil etmişdir. Bu da 2020-ci ilin birinci yarısı ilə müqayisədə 63,32 faiz azdır. Ona görə ki, idxal olunan xam neftin həcmi kəskin surətdə aşağı düşmüş və Çinin Azərbaycandan idxalının ümumi payında 80 faizdən çox təşkil etmişdir.

Azərbaycanın Çinə ixrac etdiyi məhsullar sırasında aşağıdakıları qeyd etmək olar: enerji daşıyıcıları (əsasən xam neft), ilkin formada etilen polimerləri, metanol, yod, tiofenləşmiş yağların sulfoturşuları, üzüm şərabları, biyan şirəsi və ekstraktı, qoyun yunu, iribuynuzlu heyvan dəriləri, meyvə şirələri, elektrikli qızdırma avadanlıqları, qlükozidlər, onların duzları və efirləri.

Çinin Azərbaycana ixracatı 2021-ci ilin birinci yarısında 530 milyon dollar təşkil etmişdir. Bu da 2020-ci ilin birinci yarısı ilə müqayisədə 58,47 faiz çoxdur.

Azərbaycanın Çindən idxal etdiyi məhsulların çeşidi daha çoxdur: mexaniki qurğular, onların hissələri, elektrik maşınları, aparatura və hissələri, qara metallar və onlardan məmulatlar, paltar və geyim ləvazimatları, plastik kütlələr və məmulatlar, ayaqqabılar, avtomobil şinləri, quru nəqliyyat vasitələri və onların hissələri, azqiymətli metallardan alətlər və ləvazimatlar, sintetik saplardan parçalar, keramika məmulatları, optik, tibbi, fotoqrafik və dəqiq cihazlar, lampalar, işıqlandırıcı avadanlıqlar və hissələri, şüşə və onlardan hazırlanan məmulatlar, mebel və onun hissələri, çemodanlar, portfellər, çantalar, alüminium və məmulatları, ətriyyat və gigiyenik vasitələr, qeyri-üzvi kimya məhsulları, pestisidlər, əczaçılıq vasitələri, digərləri.

Artıq Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri fəaliyyət göstərir. Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən 120-dək şirkət qeydiyata alınıb və onlar tikinti-quruculuq işlərində fəal iştirak edirlər. Azərbaycan tərəfindən Çin iqtisadiyyatına 1,7 milyard dollar, Çindən isə Azərbaycan iqtisadiyyatına 900 milyon dollardan artıq sərmayə yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon dollar dəyərində layihələrdə Çin şirkətləri iştirak ediblər.

Çin tərəfi TANAP qaz layihəsinin maliyyələşdirilməsinə 600 milyon dollar kredit ayırmışdır. Qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin prioritet istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun potensialından istifadə olunması Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsini zəruri edir. Bununla belə əlaqələri genişləndirmək üçün potensial imkanlar hələ çoxdur. Təsadüfi deyil ki, iki dost ölkəni bir sıra beynəlxalq layihələr bir-birinə möhkəm bağlayır.  

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin bu problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib. Azərbaycan da Pekinin vahid Çin siyasətinə hörmət edir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir.

Çin pandemiya ilə mübarizə sahəsində Azərbaycana da böyük dəstək verir. Bu il aprelin 24-də Çin hökuməti tərəfindən verilən COVID-19 koronavirusuna qarşı peyvəndlər Bakıya gətirilmişdir.

Çin hökuməti Azərbaycan Prezidentinin BMT Baş Məclisinin COVID-19-la bağlı xüsusi videokonfransını çağırmaq təşəbbüsünü dəstəkləyib. Çinin Azərbaycandakı səfiri xanım Qo Min qeyd etmişdir ki, epidemiyanın ilk yayıldığı günlərdə Çində də tibbi ləvazimat çatışmazlığı yaşanırdı. Belə bir vaxtda Azərbaycandan - Sumqayıt şəhər bələdiyyəsi təcili olaraq 100 min qoruyucu tibbi qapaq, 80 min cərrahi maska, 150 min cüt tibbi əlcək, 4 ton tibbi spirt və epidemiya əleyhinə digər vasitələri toplayaraq Çinin Sian və Myanyan şəhərlərinə göndərdi. Bu yardım onların tibbi ləvazimat çatışmazlığını bir qədər yünğülləşdirdi. 

Çin tərəfi də Bakıya ümumilikdə 10 milyon yuan həcmində nuklein turşusu test reaktivləri, süni nəfəs aparatları, tibbi maskalar, qoruyucu geyimlər, gözlüklər, temperatur dəyişikliyini ölçmək üçün cihazlar və s. göndərərək əhaliyə faydalı yardım göstərmişdir.

Hazırda təhsil sahəsində də mübadilələr aparılır. Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Dillər Universitetində Çin Mərkəzlərinin açılması və fəaliyyəti müsbət hal kimi dəyərləndirilir. Bu il iyunun 12-də Bakıda Çinin respublikamızdakı səfiri xanım Qo Minin iştirakı ilə Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri arasında “Çin Körpüsü” adı altında Çin dili üzrə 20-ci regional müsabiqə keçirildi. Tədbir COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda dörd universitetdən gəlmiş səkkiz tələbə arasında aparıldı.

Eyni zamanda Çin universitetlərində təxminən 500 azərbaycanlı tələbənin təhsil alması təqdirəlayiq haldır. Təhsil Nazirliyi dövlətlərarası razılaşmalara əsasən hər il Çinə təhsil almaq üçün 50-dək tələbə göndərir. Eyni zamanda BDU nəzdində Konfutsi mərkəzi də fəaliyyət göstərir. Çinli magistr və doktorantlar ölkəmizdə çinşünas kadrların hazırlanmasında mühüm işlər görürlər.

Hazırda Çinin müxtəlif universitet və ali təhsil ocaqlarında onlarca azərbaycanlı tələbə, magistr və doktorant təhsillərini davam etdirməkdədir. Eləcə də Çinin bir neçə universitetində Azərbaycan dilini tədris edən xüsusi bölmələr açılıb. Bu gün iki dövlət arasında hərbi təhsil sahəsində əlaqələr də yüksək səviyyədədir. 

Azərbaycan-Çin münasibətləri öz tarixinin ən məhsuldar dövrünü yaşayır. Hər iki ölkə iqtisadi tərəqqi yolunda inamla irəliləyir. İrimiqyaslı layihələrdə birgə iştirak etmələri hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırır. Qarşılıqlı etimadın artması münasibətləri əməkdaşlıq səviyyəsindən tərəfdaşlıq səviyyəsinə yüksəltməyə imkan verir. Dünyanın iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çin ilə Azərbaycanın əməkdaşlığı hər iki ölkə xalqlarının mənafeyinə tamamilə uyğundur və o, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avropa-Asiya əlaqələri sistemində mühüm rol oynayır.

 

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video