20 Noyabr 2011 01:11
489
SİYASƏT
A- A+

Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı maraq və etimada söykənir

 

Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdir və bu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün geniş qarşılıqlı təmaslar qururlar. Bu, Azərbaycan-Bolqarıstan münasibətlərinə də aiddir. Ötən müddətdə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, imzalanmış hökumətlərarası sənədlər ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyini təsdiqləyir.

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulması Azərbaycanın dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.

Ölkə başçılarının qarşılıqlı səfərləri son illər sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermiş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Bolqarıstan Azərbaycanla mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq ilk növbədə Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.

Bolqarıstan Respublikası iqtisadiyyatın bütün sahələrində ölkəmizlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu maraq Azərbaycan və Bolqarıstan respublikalarının prezidentləri arasında aparılmış danışıqlarda, həmçinin iki dövlətin yüksək vəzifəli rəsmilərinin və iş adamlarının keçirdikləri görüşlərdə bir daha təsdiqlənmiş, bu münasibətlə bir sıra hökumətlərarası sənədlər imzalanmışdır.

Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun bu günlərdə Azərbaycana rəsmi səfəri də mühüm nəticələrlə yadda qalmışdır. Görüşdə son illərdə ölkələrmiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından söhbət açılmışdır. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivin olduğu vurğulanmışdır.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanma mərasimi keçirilmişdir. Bu sırada "Azərbaycan Dövlət İqtisad Universiteti ilə Sofiya Milli və Dünya Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum", Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Saziş"i misal göstərmək olar. Səfər zamanı Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında mühüm sənədlərin imzalanması ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün çox möhkəm hüquqi baza yaradır.

Təqdirəlayiqdir ki, Azərbaycan-Bolqarıstan arasında əlaqələr, həmçinin mədəni, humanitar, elm və təhsil sahələrində də uğurla inkişaf etməkdədir. Məhz bunun sayəsində xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənir və ölkələrimizin gələcək rifahına xidmət edir.

Sənədlərin imzalanma mərasimindən sonra ali ordenlərlə təltif olunma mərasimi keçirildi. Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Bolqarıstan Prezidentinə, Prezident Georgi Pırvanov isə Bolqarıstan Respublikasının ali mükafatını - "Stara Planina" ordenini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirmişdir: "Biz bu gün Sizinlə həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə geniş fikir mübadiləsi apardıq, mühüm məsələləri müzakirə etdik və bir daha gördük ki, Bolqarıstan-Azərbaycan əlaqələri çox sürətlə və uğurla inkişaf edir.

Biz Sizinlə demək olar ki, hər il görüşürük. Bizim təmaslarımız mütəmadi xarakter daşıyır və Bolqarıstan-Azərbaycan əməkdaşlığının inkişafı üçün bu əlaqələr çox vacibdir. Müzakirə etdiyimiz məsələlər sonradan qərarlara çevrilir və əməkdaşlığımızın inkişafı üçün müsbət rol oynayır. Son illər ərzində ikitərəfli münasibətlərimiz yeni pilləyə qalxmışdır, siyasi əlaqələr çox yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin inkişafı sahəsində və digər sahələrdə  də inamlı inkişafa nail ola bilmişik".

Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana növbəti rəsmi səfəri ikitərəfli əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqlədi. Əldə edilən nəticələr deməyə əsas verir ki, Bolqarıstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Bolqarıstan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Bolqarıstan üçün də vacib önəm daşıyır. Prezident Georgi Pırvanov ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivini yüksək qiymətləndirmişdir: "Ölkələrimiz arasında münasibətlərin yaxşı ənənələri vardır. Bu münasibətlər əvvəlki vaxtlarda inkişaf etmişdir. Son illər ərzində biz bu siyasəti davam etdirmişik. Bu siyasət yaxşı nəticələr vermişdir. Aramızda mövcud olan siyasi dialoq, fikrimcə, digər münasibətlərə də şamil edilə bilər. Çünki görürük ki, nazirlərimiz, parlamentlərimiz arasında fəal təmaslar mövcuddur. Münasibətlərimiz get-gedə inkişaf edir, yeni sənədlər imzalanır. Bu, özlüyündə müsbət bir siqnaldır. Bu, xalqlarımız qarşısında görülən işdir və cəmiyyətlərimizə yönəlmiş bir siqnaldır".

Azərbaycan-Bolqarıstan münasibətləri inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlarla səciyyələnir. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını rəhbər tutan Bolqarıstan Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir.

Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında mövcud olan əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaqdır.

 

E.HACIALIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video