29 Oktyabr 2011 02:10
452
PARLAMENT
A- A+

Azərbaycan BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə yeni nəfəs və fəallıq gətirəcək

 

Aydın MirzƏzadƏ: "Ölkəmizin bu mötəbər orqana üzv seçilməsi üşünülmüş və məqsədyönlü siyasətin məntiqi nəticəsidir"

 

Müstəqilliyimizin arxada qalan 20 ili ərzində müasir Azərbaycanın ən yeni tarixinə çoxlu sayda uğur həkk olunub. Başlanğıcını Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra götürən bu uğurlar sırasında Azərbaycanın diplomatik nailiyyətləri də az deyil. Oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermə nəticəsində Azərbaycanın Şərqi Avropa bölgəsindən bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilməsi isə ölkəmizin diplomatik qələbələrinin zirvə nöqtəsi oldu.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə ilə söhbətimiz də bu barədədir. O, Azərbaycanın bu diplomatik nailiyyətini yüksək qiymətləndirərək dedi:

- Azərbaycanın BMT TŞ-nin on qeyri-daimi üzvündən biri seçilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məntiqi nəticəsi, ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisidir. Nəzərə alsaq ki, Təhlükəsizlik Şurasının üzvü olmaq təyinatla və növbəlilik prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə baş verir, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə olduğunu görmək mümkündür. BMT üzvü olan digər ölkələr bu qədər səs ala bilmədikləri halda, Azərbaycan səsvermənin ilkin mərhələlərində 100-dən çox, sonda isə 155 ölkədən səs toplamaqla faktiki olaraq dünyanın bütün bölgələrinin etimadını qazandı, iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Prinsipcə Azərbaycanın bu posta seçilməsi ölkəmizin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətinin məntiqi sonluğudur. Azərbaycan 20 illik müstəqilliyi ərzində hüquqi, dünyəvi və demokratik dövlət kimi böyük inkişaf yolu keçib. Torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsinə, müstəqilliyinin ilk illərində idarəçilikdə baş verən neqativ proseslərə baxmayaraq, Azərbaycan 1993-cü ildən sonra özünün dövlətçilik modelini çox düzgün seçdi. Bu dövrdə bir çox diplomatik uğurlara nail olan Azərbaycan həm də beynəlxalq aləmdə təhlükəsizliyin və sülhün bərqərar edilməsi üçün ciddi səylər ortaya qoyan ölkələrdən biri olduğunu sübut etdi. Azərbaycan son illərdə iqtisadi inkişaf dinamikasına görə hazırda dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. İqtisadi inkişafla paralel olaraq ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ən effektli addımlar atılır. Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verir, ən mükəmməl dini və milli tolerantlıq ənənələrinin bərqərar edildiyi ölkə kimi tanınır.

Azərbaycana, demək olar ki, müntəzəm olaraq hər həftə gələn müxtəlif dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizdə gedən inkişafı, bu istiqamətdə milli dəyərlərlə yanaşı, bəşəri prinsiplərin əsas götürülməsini öz gözləri ilə görürlər.  O cümlədən Azərbaycan nümayəndə heyətlərinin xarici dövlətlərə çoxsaylı səfərləri zamanı keçirilən görüşlərdə ölkəmizin beynəlxalq səviyyədə oynadığı rol, enerji təhlükəsizliyinə, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafı təqdir olunur.

Bu mənada BMT TŞ-yə keçirilən səsvermədə Azərbaycana səs verənlər sadəcə Cənubi Qafqazın sıradan bir ölkəsinin deyil, beynəlxalq miqyasda özünün müsbət imici ilə tanınan, bütün dünyada hər bir sahə üzrə ciddi nüfuz qazanan bir respublikanın namizədliyini dəstəkləmiş oldular. Ona görə bir daha qeyd etmək istəyirəm ki, bu səsvermə nəticəsində BMT Təhlükəsizlik Şurasına seçilmək Azərbaycanın dünyadakı nüfuzunun göstəricisi, beynəlxalq aləmdə ciddi və etibarlı bir ölkə olduğunu nümayiş etdirdi.

- Hazırda bu məsələdə daha aktual diskussiya mövzusu BMT TŞ üzvü olmağın Azərbaycana öz maraqlarının beynəlxalq səviyyədə güclü təminatı  üçün verəcəyi imkanlardır. Bununla bağlı sizin də mövqeyinizi bilmək istərdik.

- Gəlin məsələni başqa cür qoyaq. Yəni Azərbaycanın BMT TŞ-yə üzv olması bu qurumun işini nə dərəcədə səmərəli edəcək? Qeyd etdiyim kimi, TŞ-yə seçilməyin özü Azərbaycanın siyasi reytinqinin, diplomatik uğurlarının səviyyəsini göstərdi. Hər bir ölkə üçün digər dövlətlərin etimadını qazanmaq, seçkili orqanda təmsil olunmaq, əlbəttə ki, böyük nəticə hesab olunmalıdır. Azərbaycan kimi gənc, bununla belə, demokratik dəyərlərə, Avropa prinsiplərinə üstünlük verən bir ölkənin BMT TŞ-yə üzv seçilməsi bu qurumun fəaliyyətinə yeni nəfəs və fəallıq gətirəcək. Ən əsası isə, bu, gənc dövlətin beynəlxalq siyasətin təhlükəsiz olmasına verəcəyi töhfənin göstəricisidir.

Azərbaycanın BMT TŞ-nin 5 daimi üzvünün hər biri ilə çox sıx əlaqələri mövcuddur. Azərbaycanın bu gün Avropada gedən proseslərdə özünəməxsus yeri və eşidilən səsi var. Onu da fəxrlə deməliyik ki, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Afrika və Asiya dövlətləri arasında böyük nüfuzu və ən ağır gündə onlardan dəstək ala biləcək bir ölkə imici formalaşıb. Ona görə də Azərbaycan kimi bir ölkənin BMT TŞ-də təmsil olunması bu orqanın nüfuzunun daha da artmasına, hazırda Şuradan kənarda qalan ölkələrin səsinin orada eşidilməsinə imkan yaradacaq. Azərbaycana səs verən dövlətlər iki il ərzində ölkəmizin timsalında TŞ-nin onların da səsini eşidəcəyini bildirirlər.

- Bəs BMT TŞ-yə üzv olmaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin milli maraqları çərçivəsində yoluna qoyulması üçün nə dərəcədə vacib faktor sayıla bilər?

- Bu gün dünyanın ən ağrılı problemlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalmasıdır. Təbii ki, Azərbaycan bu problemin həll olunması üçün həm işğala məruz qalan ölkə, həm də BMT TŞ-nin üzvü olan ölkələrdən biri kimi öz mövqeyini bildirəcək.

Danışıqlar prosesində daim qeyri-konstruktivlik nümayiş etdirən Ermənistan uzun illərdir ki, bu məsələdə dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Bu işğalçı ölkə daxil olduğu Şərqi Avropa ölkələri qrupundan  BMT TŞ-yə öz namizədliyini irəli sürsə də, səsverməyə qədər namizədliyini geri götürdü. Azərbaycan isə 155 ölkənin səsini qazanaraq TŞ-yə seçildi. 155 ölkənin səsini qazanmaq həm də o deməkdir ki, bu qədər ölkə Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ məsələsi ilə ədalətli mövqeyini dəstəkləyir. Bu məsələdə Azərbaycanın söykəndiyi beynəlxalq ictimaiyyət sektoru kifayət qədər böyükdür. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsini bundan sonra da daim beynəlxalq hüquq normalarına söykənərək həll etməyə çalışacaq.

- Azərbaycanın BMT-də qazandığı bu möhtəşəm uğurun dəyərini azaltmağa cəhd edənlər də tapılır...

- Bu gün Azərbaycanın qazandığı diplomatik nailiyyətə kölgə salmaq istəyənlər də var. Bunlardan biri, təbii ki, Ermənistandır. Ermənistan həm rəsmi təbliğatda, həm xaricdəki erməni diaspor təşkilatları vasitəsilə ya Azərbaycanın BMT TŞ-yə üzvlüyünün əhəmiyyətini azaltmağa çalışır, ya da Azərbaycan haqqında qaragüruhçu fikirlər yaymağa cəhd edir. Lakin dünya Ermənistanın bu yalanlarına inanmır. İş burasındadır ki, bu yalanları heç Ermənistan cəmiyyətinin özü də qəbul etmir.

Digər beynəlxalq təşkilatlardan fərqli olaraq, BMT TŞ-yə üzvlük ayrı-ayrı qruplar daxilində deyil, bütün təşkilat daxilində keçirilir. Nüfuzu olan və öz potensialını ortaya qoya bilən, digər ölkələrin etimadını qazana bilən dövlətlər TŞ-yə üzv seçilə bilirlər. BMT-yə üzv olan onlarla ölkə var ki, dəfələrlə cəhd göstərmələrinə baxmayaraq, bir dəfə də olsun TŞ-yə seçilə bilməyiblər. TŞ-yə hər dövlətlər qrupundan bir neçə ölkənin mübarizə aparmasının özü bunun məhz seçki olduğunu, ilk növbədə etimad seçkisi olduğunu göstərir.

Azərbaycan demokratik, dünyəvi və hüquqi ölkədir, iqtisadi baxımdan yüksək dinamizmlə inkişaf edir. Azərbaycan digər ölkələrlə mehriban dostluq münasibətləri quran ölkədir. Dünyanın hansısa ölkəsində təbii fəlakət baş verərsə, ona ilk yardım əlini uzadan Azərbaycandır. Bu gün Azərbaycan özünün dövlətçilik təcrübəsini digər gənc dövlətlərlə bölüşür. Respublikamızın ali məktəblərində minlərlə əcnəbi tələbə təhsil alır. Odur ki, Azərbaycanın nailiyyətlərinə heç bir halda kölgə salmaq mümkün deyil. Azərbaycanın nailiyyətinə kölgə salmaq istəyənlər onun düşmənləridir, uğurlarına sevinməyənlərdir. Azərbaycan bundan sonra da vaxtaşırı bu quruma seçiləcək və böyük diplomatik uğurlar əldə edəcək.

 

Söhbəti yazdı:

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video