20 Iyul 2021 18:30
1131
SİYASƏT
A- A+

Azərbaycan-Avropa İttifaqı münasibətləri: yeni reallıqların doğurduğu əməkdaşlıq imkanları

Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf etməkdədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də ölkəmizə səfərini də ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində atılan mühüm addım kimi dəyərləndirmək olar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Azərbaycan-Avropa İttifaqı münasibətləri: yeni reallıqların doğurduğu əməkdaşlıq imkanları” sərlövhəli məqaləsində yer alıb.

Azərbaycan-Avropa İttifaqı əlaqələri: Müsbət dinamika

əsasında inkişaf edən tərəfdaşlıq

“Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir. Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır”. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə iyulun 18-də keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi bu fikirlər tərəflər arasındakı əməkdaşlığın dünənini, bu gününü və gələcəyini aydın şəkildə izah edir.

Əlbəttə ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmiş oldu. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi. Hazırda isə Azərbaycan ilə İttifaq arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlar davam etdirilir. Əminəm ki, hazırlanan yeni saziş əməkdaşlığın yeni mərhələyə qədəm qoyması üçün önəmli sənəd olacaq.

Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Əlbəttə ki, Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Azərbaycanın yaxın tərəfdaşı olan Avropa İttifaqı ilə münasibətlərdən danışarkən ilk əvvəl iqtisadi sahədəki əlaqələrə nəzər yetirmək lazımdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı da iqtisadi sahədə əməkdaşlığa dair məsələlər əsas müzakirə mövzusu idi. Enerji təhlükəsizliyi, nəqliyyat, ticarət kimi məsələlər hazırda ikitərəfli gündəlikdə duran əsas iqtisadi mövzulardır.

Nəzərə almaq lazımdır ki, hazırda ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi təxminən 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, İttifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir.

2020-ci ilin sonu böyük tarixi əhəmiyyətə malik layihə hesab olunan Cənub Qaz Dəhlizinin tam istifadəyə verilməsi ilə yadda qaldı. Təbii ki, bu qlobal əhəmiyyətli layihənin reallaşmasında Azərbaycan ilə Avropa İttifaqı arasındakı tərəfdaşlıq münasibətləri mühüm rol oynadı. Çünki uzun illərdir məhz Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir və Şura bu iki tərəfin rəhbərliyi ilə layihənin uğurla həyata keçirilməsində önəmli rola malik olub. Onu da qeyd etmək lazımdır ki, uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rola malik Azərbaycanın təşəbbüsü ilə bu layihənin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.

Qalib ölkə və etibarlı tərəfdaş olan Azərbaycan

ilə tərəfdaşlığa artan maraq

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihələri uğurla icra edən ölkəmizin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici də daha da möhkəmlənib. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır.

Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə daha da inkişaf etdirilə bilər. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycana dost və tərəfdaş ölkələr Ermənistanın işğalından azad edilən ərazilərimizin bərpasında iştirak edə bilərlər. Artıq sıralarında Avropa dövlətlərinin də olduğu bir sıra ölkələrin şirkətlərinin bu prosesə qoşulduqları məlumdur.

Digər tərəfdən müharibədən sonra kommunikasiyaların açılması regionda yeni əməkdaşlıq üçün imkanlar yarada bilər. Bu səbəbdən də 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında əksini tapan kommunikasiyaların açılması məsələsinin həllini tapması da genişmiqyaslı əməkdaşlıq üçün yaxşı imkanlar vəd edir. Elə Prezident Şarl Mişel də ölkəmizə səfəri zamanı Avropa İttifaqının regional əməkdaşlıq səylərində iştirak etmək arzusunu ifadə etdi. Həmçinin o, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsində də Avropa İttifaqının yaxından iştirak etməyə hazır olduğunu bəyan etdi. Bu da İttifaqın xoş niyyətindən xəbər verir.

Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqlarını azad edib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Dövlətimizin başçısı İlham Əliyev Prezident Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında bir daha bəyan etdi ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.

Lakin Ermənistan tərəfindən səsləndirilən fikirlər bu ölkənin sülh tərəfdarı olmadığından xəbər verir. Anlamırlar ki, Ermənistan nə qədər tez öz çirkin niyyətindən əl çəkib Azərbaycanın təklif etdiyi regional əməkdaşlıqdan faydalansa, bir o qədər tez bir zamanda bu acınacaqlı vəziyyətdən qurtulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video