27 Yanvar 2012 01:01
471
İQTİSADİYYAT
A- A+

Azərbaycan 2011-ci ildə sosial-iqtisadi sahədə böyük uğurlara imza atmışdır

 

Hər bir xalqın milli sərvəti sayılan müstəqillik onun ümumi inkişafının strateji istiqamətlərinin müəyyənləşməsini təmin edir. Tarixi təcrübə sübuta yetirmişdir ki, öz taleyi ilə bağlı müstəqil şəkildə qərar verən xalqların tərəqqisi daha dinamik xarakter daşımışdır. Yeni yüzillikdə dünyanın mövcud siyasi xəritəsinə nəzər yetirməklə də müstəqil və qeyri-müstəqil dövlətlər arasında tərəqqi səviyyəsinin, bu kontekstdə qeydə alınan inkişaf göstəricilərinin nə dərəcədə fərqli olduğunu aydın görmək mümkündür. Bütün bunlar bir daha təsdiqləyir ki, inkişaf meyarının məzmun və əhatə dairəsini müəyyən edən ən önəmli amillər sırasında müstəqillik amili həlledici əhəmiyyətə malikdir.

Ötən il dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünu təntənə ilə qeyd edən Azərbaycan Respublikası özünəməxsus milli inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza atmış, Cənubi Qafqazda lider ölkə statusu qazanmışdır. Uğurla gerçəkləşdirilən iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artımı təmin etmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasət sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş, nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev son 8 ildə ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşdirmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlaması üçün çox iş görmüşdür. Ötən müddətdə iqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmləndirmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Bu siyasətin davamı olaraq 2011-ci ildə respublika iqtisadiyyatında islahatlar inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası bunu əminliklə söyləməyə əsas verir. Keçən il dövlət büdcəsi 20 milyard, strateji valyuta ehtiyatları isə 40 milyard ABŞ dollarını ötən Azərbaycan iqtisadiyyatı hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Keçən il bir obyektiv səbəblə - neft hasilatının azalması ilə bağlı iqtisadi artım 0,1 faiz təşkil etsə də, qeyri-neft sektoru 9,4, qeyri-neft sənayesi 11,1 faiz artmışdır. Ötən il vətəndaşların sosial rifahı baxımından vacib olan inflyasiyanın birrəqəmli - 7,9 faiz olması, eyni zamanda əhalinin pul gəlirlərinin 19,6 faiz artması da hökumətin ötənilki fəaliyyətinin səmərəliyinə dəlalət edir.

Azərbaycandakı dinamik inkişafı hazırda dünyanın bir sıra nüfuzlu maliyyə təşkilatlarının 2011-ci il üzrə hesabatlarına nəzərən də aydın görmək mümkündür. Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətlilik 2010-2011 hesabatında" Azərbaycan 57-ci yeri tutmuşdur. Bu nəticəyə görə respublikamız MDB məkanında  liderliyini qorumuşdur. Bundan başqa, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Buziness 2011: Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında 54-cü yeri tutmuşdur. "Moods İnvestors Servises" beynəlxalq reytinq agentliyi isə respublikamızın istiqrazlarına təyin etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta üzrə "Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərinin proqnozunun sabitdən pozitivə qaldırılması barədə qərar qəbul etmişdir. Bütün bunlar, şübhəsiz, uzun illər ərzində formalaşmış əlverişli biznes və investisiya mühitinin nəticəsi sayılmalıdır. "Fitch Ratings" və "Moody's" reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.

2011-ci ildə 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına ümumilikdə 20 milyard dollar investisiya yatırılması da bunun əyani təsdiqidir. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 16-da keçirilən iclasında 2011-ci ildə ölkəmizin investisiyaların cəlbi sahəsində də mühüm uğurlara imza atdığını vurğulamışdır: "...Biz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır".

Keçən ildə iqtisadiyyatın qeyri-neft sektorunda müşahidə edilən əsaslı artım uğurlu təməlini ilk növbədə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. İnkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətdə regional inkişaf məsələlərinə xüsusi diqqət yetirməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramları, fərman və sərəncamlar imzalaması məhz bu reallığa əsaslanmışdır. 2004-cü il fevralın 11-də imzalanmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Dövlət proqramı regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial infrastruktur layihələrinin həyata keçirilməsi sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin müşavirələri keçirilmişdir. Dövlət proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu və əvvəlki regional inkişaf proqramlarının icrası sayəsində 2004-cü ildən sonrakı dövrdə  respublikada 40 mindən çox yeni müəssisə, 950 mindən artıq yeni iş yerləri yaradılmışdır. Bundan başqa, son illər iqtisadiyyatda baş verən struktur dəyişiklikləri ilə bağlı dövlət sektorunda çalışanların xüsusi çəkisinin azalması müşahidə olunur.  1995-ci ildə bu göstərici 56,1 faiz olduğu halda, 2011-ci ildə 26,4 faiz təşkil etmişdir. Eyni zamanda, qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi 43,9 faizdən 73,6 faizədək artmışdır.

Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 20 milyard dollar investisiya yönəldilmiş, yüzlərlə layihə uğurla icra olunmuşdur. Ümumilikdə, 2003-cü ildən ölkədə qeyri-neft sektoru 3 dəfəyədək artmışdır. Qeyri-neft sektorunun inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının möhkəmləndirilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı xeyli yüksələrək 44,4 faizə çatmışdır.

2011-ci ildə də dövlət başçısının regionlara mütəmadi səfərləri, 200-dən çox müxtəlif təyinatlı obyektlərlə tanışlığı, o cümlədən yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı regionların tarazlı inkişafının təmini və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Bu dövrdə regionlarda 100-ə yaxın müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

2011-ci ildə yoxsulluğun səviyyəsinin 7,6 faizə düşməsini, 100 minə yaxın yeni iş yerinin açılmasını həm də Azərbaycan hökumətinin sosialyönümlü siyasətinin uğuru kimi səciyyələndirmək olar. Ümumiyyətlə, müasir dövrdə dövlətin hər kəsi layiqli həyat səviyyəsi ilə təmin etmək vəzifəsi inkişaf etmiş dövlətlərin sosial xərclərinin yüksək həcmində praktik ifadəsində tapır. Sosial xərclərin payı İsveçdə üçdə bir, Almaniya və İtaliyada dörddə bir, ABŞ və Böyük Britaniyada beşdə bir hissə təşkil edir. Azərbaycanda 2011-ci il üçün büdcə xərclərinin strukturunda sosialyönümlü xərclərin 33 faiz təşkil etməsi də (büdcənin üçdə biri) ölkəmizdə sosialyönümlü siyasəti bariz şəkildə təcəssüm etdirir. 

Hesabat ilində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış mühüm addımlardan biri də dövlət başçısının 2011-ci il 8 aprel tarixli fərmanı ilə əhalinin su təchizatı və kanalizasiya xidmətlərinə görə borclarının silinməsi olmuşdur. Fərmana əsasən, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinmişdir. Bu fərman əhali qrupuna aid olunan abunəçilərin 85 faizini əhatə etmişdir.

Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunları ilə bağlı hökumətin iclasında 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiyalarının yenidən hesablanması ilə bağlı göstəriş vermiş, beləliklə, sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində mühüm addım atılmışdır. Bununla əlaqədar 2011-ci ilin may-iyun aylarında büdcədə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri də dəqiqləşdirilmişdir: dövlət büdcəsindən DSMF-ə ayırmaların məbləği 691000,0 min manatdan 886000,0 min manata çatdırılmışdır. Bu artım sayəsində fondun büdcəsində transfertin xüsusi çəkisi təqribən 5 faiz bənd yüksələrək 40,9 faizə çatmışdır. Dəyişiklik nəticəsində fondun ümumi xərcləri 2165540,0 min manat olmuşdur. Bu, ilkin müəyyən edilmiş məbləğlə müqayisədə 195000,0 min manat və ya 9,9 faiz artım deməkdir.

Dövlət başçısının verdiyi tapşırığın icrası ilə əlaqədar Milli Məclis vətəndaşların pensiya ilə təminatını nəzərdə tutan mövcud qanunlara müəyyən əlavə və dəyişikliklər etmişdir. Nəticədə 2011-ci ilin 1 iyul tarixindən 900 minədək pensiyaçının pensiyası 40 faiz artmışdır. Prezident İlham Əliyev bunu Azərbaycan hökumətinin iqtisadi siyasətinin sosialyönümlü olması ilə izah etmişdir: "Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaqdır".

Azərbaycanın milli sığorta-pensiya modelinin insanpərvər və humanist səciyyə daşıması özünü həm də pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələbləri ilə uzlaşdırılmasında qabarıq göstərir. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sisteminə əsasən, pensiyaların baza hissəsinin artırılması zamanı istehlak qiymətləri indeksinin illik səviyyəsinın nəzərə alınması, habelə sığorta hissəsinin istehlak qiymətləri indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə resurslarının əmək pensiyaçıları arasında ədalətli bölgüsü məqsədinə xidmət edir. Son 5 ildə Azərbaycan Respublikası Prezidenti yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam imzalamışdır. Prezident İlham Əliyevin 2011-ci il 15 fevral tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncamı əsasında Azərbaycanda ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmənin aparılması təmin edilmişdir.

Ümumilikdə 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatmışdır. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil etmişdir.

Azərbaycan bütün sahələrdə yeniləşən və müasirləşən islahatçı ölkə kimi 2011-ci ildə dövlət əsaslı kapital qoyuluşu siyasətini də uğurla davam etdirmişdir. Dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya yatırılmışdır.

İnfrastrukturun müasirləşdirilməsi tədbirləri çərçivəsində 2011-ci ildə respublikanın bir çox magistral, şəhər, rayon, qəsəbədaxili yolları yenidən çəkilmişdir. Paytaxt Bakı şəhəri yaxınlığında böyük, yeni, müasir dəniz və hava limanlarının təməli qoyulmuş, gəmiqayırma zavodunun inşasına başlanmışdır. İl ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilmiş, hazırda 200-dən çox müəssisə tikilməkdədir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı üzrə təkcə ötən il 53 məktəbin, 47 uşaq bağçasının, 6 səhiyyə obyektinin təmir-tikinti işləri yekunlaşdırılmış və bu istiqamətdə işlər davam etdirilir. Həm Bakı qəsəbələrində, həm də regionlarda elektrik enerjisi, qaz və istilik təchizatı, rabitə və informasiya, kənd təsərrüfatının infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat, sosial infrastruktur sahələrində zəruri tədbirlər həyata keçirilmişdir.

Ötən il Azərbaycan neft-qaz strategiyasını da uğurla həyata keçirmiş, ilin əvvəlində Avropa İttifaqı ilə strateji enerji əməkdaşlığına dair Bəyannamə imzalamışdır. Eyni zamanda, Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağında zəngin qaz ehtiyatlarının kəşf olunması respublikamızın Avropanın enerji təhlükəsizliyindəki həlledici rolunu daha da gücləndirmişdir. "Ümid" yatağının aşkarlanması münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev demişdir: "Yeni böyük qaz yatağının kəşfi Azərbaycanın enerji təhlükəsizliyinə də böyük töhfədir. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bir müddət bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmış "Ümid" yatağı da böyük potensiala malikdir. Orada qazın həcmi 300 milyard kubmetrdən artıqdır. Bizim ən böyük və dünya miqyasında böyüklərin sırasında yer almış "Şahdəniz" yatağında işlər uğurla gedir. "Şahdəniz" yatağının ikinci fazasının işlənməsi ilə əlaqədar bütün hazırlıq işləri aparılır. Xarici tərəfdaşlarla bu məsələlərlə bağlı ciddi müzakirələr aparılır. Bir sözlə, Azərbaycanın qaz potensialı nəinki ölkəmiz üçün, region üçün, dünya üçün öz əhəmiyyətini göstərməkdədir".

Ümumilikdə 2011-ci ilin uğurlu nəticələri hökumətə 2012-ci ilin dövlət büdcəsində müxtəlif sahələr üzrə ayrılan vəsaitləri artırmağa da geniş imkanlar yaratmışdır. "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanunu respublikadakı sürətli inkişafın bariz göstəricisidir. 2012-ci ilin dövlət büdcəsi deməyə əsas verir ki, bu il respublikamızın bütün sahələr üzrə dinamik inkişafında mühüm dövr olacaq. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyunkturasından asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2012-ci ildə qarşıda duran vəzifələrdəndir. Bundan başqa, dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət vergilərinin dərəcələrinin optimallaşdırılması, əməkhaqqıdan gəlir vergisinin vergi tutulmayan məbləğinin minimuma yaxınlaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi, vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcək.

Ümumilikdə 2012-ci ildə dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaq. 

2012-ci ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizini təşkil edəcəkdir. Bu da 2011-ci ilə nisbətən 1,1, 2010-cu ilin faktiki icrasına nisbətən 10,4 faiz çoxdur. Mütləq ifadədə bu ilin dövlət büdcəsinin gəlirləri 16436,4 milyon manat proqnozlaşdırılmışdır. Bu, 2011-ci illə müqayisədə 882,2 milyon  manat və ya 5,7 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 5033,4 milyon manat, yaxud 44,1 faiz çoxdur. Gəlirlərin 12035,0 milyon manatı və 73,2 faizi neft, 4401,4 milyon manatı, yaxud 26,8 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Cari ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 548 milyon manat həcmində vəsait nəzərdə tutulmuşdur ki, bu da ÜDM-in 1,3 faizini təşkil edir.

2012-ci ildə əsas məqsədlərdən biri kimi dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında əhəmiyyət kəsb edən məhsulların istehsalının genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payını artırmaq, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük vermək, dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə mənbələri hesabına turizmin inkişafını stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək, alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq prioritetlər sırasındadır.

2012-ci ildə xam neftin bir barelinin qiyməti bu ilin dürüstləşdirilmiş büdcəsində olduğu kimi 80 ABŞ dolları, habelə ortamüddətli dövrdə bu məbləğ daha az, yəni 75 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdur. Xam neftin bir barelinin qiymətinin 100 ABŞ dollarından yuxarı olmaqla qərarlaşan qiymət səviyyəsi ilə müqayisədə proqnoz məbləğlərin əhəmiyyətli dərəcədə aşağı səviyyədə göstərilməsi neftin qiymət konyunkturundakı ciddi risklərdən sığortalanmanın təminatçısı və mühafizəkar yanaşma kimi müsbət dəyərləndirilməlidir.

Cari ildə ümumi investisiyanın 44,8 faizi qeyri-neft sektoru tərəfindən qoyulacaq. Başqa sözlə, qeyri-neft sektorunun ölkə iqtisadiyyatına yatırdığı investisiyanın xüsusi çəkisi 7 faiz artacaq. Eyni zamanda, ümumi investisiyanın 68,4 faizinin qeyri-neft sektoruna qoyulması nəzərdə tutulmuşdur. Bütün bunlar ölkənin investisiya imkanlarının tam həcmdə iqtisadiyyata cəlb edilməsi və bu amillər hesabına bütün sahələrin inkişafına müvafiq təminatın yaradılması tədbirləri kimi xarakterizə oluna bilər.

Hazırda sosial-iqtisadi inkişaf prosesinin davamlılığının təmini nöqteyi-nəzərindən respublikanın perspektiv inkişaf strategiyasının yaxın və uzaq dəqiq hədəflər əsasında düzgün müəyyənləşdirilməsi, reallığa adekvat elmi-iqtisadi proqnozların, təhlillərin irəli sürülməsi son dərəcə vacib məsələlərdən biridir. Bu reallığı düzgün müəyyənləşdirən Prezident İlham Əliyev də hər bir mərhələ üçün respublikanın qarşısında duran vəzifələri dəqiq müəyyənləşdirməklə ölkənin bütün resurslarını bu istiqamətdə səfərbər edir. 2011-ci il aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasında alimlərlə keçirdiyi görüşdə dövlət başçısı bu məsələ ilə bağlı demişdir: "Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun".

2011-ci il 29 noyabr tarixdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncam cənab İlham Əliyevin uzaq hədəflərə hesablanmış səmərəli iqtisadi siyasət yürütdüyünü bir daha təsdiqləyir. Dövlət başçısı tarixi əhəmiyyətli bu sərəncamı ilə qarşıdakı 10 ildə hökumət səviyyəsində reallaşdırılması vacib kompleks tədbirlər sisteminin əhatə dairəsini və müddətini, habelə icra mexanizmlərini müəyyənləşdirmək məramını izhar etmişdir.

Sərəncamın preambula hissəsində vurğulandığı kimi, son dövrdə ölkədə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Sənəddə həmçinin vurğulanır ki, bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Sərəncamda yeni mərhələnin əsas hədəfi kimi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunması vacibliyi önə çəkilmişdir.

Sərəncamla 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası layihəsinin hazırlanmasına ümumi rəhbərlik, təşkilati və əlaqələndirici səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə olunmuşdur. Eyni zamanda, Administrasiya İnkişaf Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. İnkişaf Konsepsiyası layihəsinin hazırlanması prosesinə müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması; bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlər görülməsi, vətəndaş cəmiyyəti təsisatlarının iştirakı, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsi təmin edilməlidir.

Prezident İlham Əliyev çıxışlarında və nitqlərində 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoyan müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas hədəflərini açıqlamış, qarşıda dayanan strateji məqsədlərdən söz açmışdır. Nazirlər Kabinetinin 2011-ci ilin 9 aylıq sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab İlham Əliyev daha bir iqtisadi hədəf müəyyənləşdirərək 2020-ci ilədək respublikada ümumi daxili məhsulun 10 dəfəyədək artırılması vacibliyini hökumət qarşısında mühüm vəzifə kimi qoymuşdur. Eyni zamanda, dövlət başçısı Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş dövlətlər sırasında görmək niyyətini böyük əzmlə bəyan etmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması da məhz bu istəyin reallaşdırılmasının fundamental mexanizmi kimi nəzərdən keçirilir.

Uzunmüddətli inkişaf strategiyasının təmini baxımından ölkədə güclü sənaye kompleksinin formalaşdırılması da vacib məsələlərdən biri kimi qarşıda durur. Dövlət başçısının 2011-ci il 21 dekabr tarixdə imzaladığı "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında" fərmanı da bu və digər məqsədlərin gerçəkləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Preamblua hissəsində göstərildiyi kimi, belə bir fərmanın imzalanması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədinə xidmət edir.

Son illər Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları istehsalı, eləcə də alüminium, kondensator, MDF, "Müasir Tikinti Materialları", qlükoza istehsalı zavodlarının istifadəyə verilməsi, "Qaradağ Sement" zavodunun yenidən qurulması və 2 yeni sement, bərk məişət tullantılarının yandırılması, gəmiqayırma, günəş panelləri, "Xovlu İplik", gübrə zavodlarının və digərlərinin tikintisinin davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Bütövlükdə 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir, 100-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir. Energetika sənayesinin inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür. Hazırda yaradılan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır.

2012-ci ildə də respublikamızın davamlı inkişaf yolunda olacağını müxtəlif beynəlxalq təşkilatlar da birmənalı təsdiqləyirlər. Belə ki, dünya ölkələrində iqtisadi artım 1-2 faizlik templə müşahidə olunduğu halda, respublikamızda inkişaf indiqatoru 6 faizdən aşağı proqnozlaşdırılmır. Bütün bunlar deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi uğurlu iqtisadi siyasət bu il də müsbət nəticələr verəcəkdir.

 

Asəf NADİROV,

akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video