18:09 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avtomobillərin işlənmiş qazlarının yaratdığı ekoloji fəlakətlərin qarşısının alınmasının effektiv yolu

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:27 09.10.2021

 

Müasir dövrdə ətraf mühitin həddindən artıq çirklənməsi və Yer kürəsi temperaturunun günü-gündən yüksəlməsi ilə bağlı meydana çıxan problemlər, dünya enerji istehsalında 90 faizdən çox payı olan neftdən istehsal edilən karbohidrogen tərkibli yanacaqların yerüstü, dəniz və hava nəqliyyatının, traktorların və iş maşınlarının daxiliyanma mühərriklərində (DYM), qaz turbinlərində və təbii qazla işləyən elektrik stansiyalarında  tətbiq edilən mövcud yanma metodunun qüsurları ilə bağlıdır.

Keçən əsrin 60-cı illərinədək benzin və təbii qazla işləyən mühərriklərin işlənmiş qazlarının ən zəhərli komponenti dəm qazı, dizel mühərriklərinkinin isə, əsasən, tüstü dumanı - qurum olduğu hesab edilirdi. Bu ziyanlı qazların atmosferə atılan miqdarını azaltmaq üçün bugünədək qüvvədə olan yanma kamerasında yanacaqla havanın yanmadan əvvəl tam - homogen qarışdırılması əsas üsul sayılmışdır. DYM ilə işləyən nəqliyat vasitələrinin, xüsusi olaraq minik avtomobillərinin istehsalının gündən-günə  sürətlə artması, işlənmiş qazların ətraf mühitə vurduğu ekoloji ziyan nəticəsində təbiətdə anormal hadisələrin yaranması bu qazların tərkibində daha təsirli digər qazların mövcud olduğunu göstərirdi. Zəncirvari yanma reaksiyaları mexanizminin kəşfinə görə Nobel mükafatına layiq görülmüş akademik N.Semyonovun adını daşıyan Rusiya EA Kimyəvi Fizika İnstitutunun əməkdaşı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, akademik Y.B.Zeldoviç tərəfindən ətraf mühit üçün dəm qazından daha ziyanlı olan azot oksidlərininin olduğunu və yanma zamanı onun yaranma mexanizmini kəşf etmişdir. Bir çox ekoloji və tibb alimlərinin araşdırmaları ilə aşkar edilmişdir ki, avtomobillərdən ətraf mühitə azot oksidləri, benzindoldurma stansiyalarından, elə avtomobillərin özündən ətrafa yayılan yanacaq buxarları və işlənmiş qazlarla atmosferə atılan yanmamış karbohidrogen birləşmələri ilə reaksiyaya girərək hələ üfüqdə olan günəş şüalarının təsiri ilə kimyəvi duman - smoq əmələ gətirir. Yer səthindən 150-200 metr yüksəkliyə qədər şəhər atmosferini zəbt edən smoq canlı və cansız aləm üçün ziyanlı qaz olaraq ağ ciyər xərçəngi və başqa xəstəliklərin yaranmasına, hətta binaların memarlıq bəzəklərinin pozulmasına belə səbəb olur.

İşlənmiş qazların ətaf mühitə atılması ilə ekoloji tarazlığın pozulmasına nəzarəti və bu qazların miqdarının azaldılması yollarını araşdırmaq üçün ABŞ və Avropanın inkişaf etmiş ölkələrində, həmçinin keçmiş Sovet İttifaqında dövlət agentliyi, nazirliklər yaradılmış və elmi-tədqiqat işlərinin aparılması zərurəti gündəmə gəlmişdir. 1962-ci ildən başlayaraq SSRİ-nin süqutunadək Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Daxiliyanma mühərrikləri kafedrasının əməkdaşı olaraq Qorki Avtomobil Zavodu (QAZ) və SSRİ EA Kimyəvi Fizika İnstitutu ilə təsərrüfat müqavilələri əsasında ortaq elmi-tədqiqat işlərini yerinə yetirmişik. Bu imkan daxilində institutun laboratoriyasında elmi-tədqiqat işləri yerinə yetirmək fürsətimiz olmuşdur.

Əldə etdiyimiz tədqiqat nəticələri ilə bağlı daha dərin elmi bilgilər əldə etmək üçün keçmiş SSRİ ETK-nin qərarı ilə Varşavaya - Polşa Elmlər Akademiyası ilə Varşava Texniki Universitetinin nəzdində fəaliyyət göstərən “Termodinamika və Yanma” ET İnstitutuna elmi ezamiyyətə göndərildim. Burada yanma kamerasının müxtəlif fiziki modelləri (“bomba”), müasir həssas təzyiq sensorları ve osiloskop, alovun yayılmasını göstərən Şileren - sürətli fotoqraf cihazı və s. istifadə olunaraq Kimyəvi-Fizika İnstitutunda aldığım nəticələri təsdiq etmək üçün ətraflı araşdırma aparmaq imkanımız oldu. Bu tədqiqatlarla yanacağın kamerada yer aldığı həcm nisbətinin, başqa sözlə, yanıcı qarışığın homogenlik dərəcəsinin yanma sürəti və təzyiqinin dəyişməsinə, zəhərli və ziyanlı qaz tullantılarının yaranmasına təsirini müəyyənləşdirmək üçün bir sıra təcrübələr apararaq təbəqələşdirilmiş yanıcı qarışığın yanma mexanizminin elmi əsaslarını ortaya çıxara bildik.

1981-ci ildə Leninqrad Texniki Universitetində keçmiş ittifaqın yalnız “İstilik mühərrikləri” mövzusunda texnika elmləri doktoru elmi dərəcəsi verən Elmi Şurasında yeni yanma mexanizminin elmi əsaslarını və QAZ-da istehsal edilmiş ilk prototip mühərrikin test nəticələrini müdafiə etdim. Bununla da mühərrikin yanma odasında homogen yanacaq-hava qarışığının yerinə təbəqələşdirilmiş qarışıqdan istifadə etməyin həm yüksək performans və yanacaq qənaətliliyi əldə etmək üçün, həm də ekoloji çirklənməyə səbəb olan ziyanlı qazların emissiyasının heç bir əlavə filtirləyici sistemdən istifadə etmədən azaldılması üçün daha təsirli olduğu təsdiqləndi. Bu yanma mexanizmin tətbiqi üçün QAZ zavodu ilə yanaşı, Zavolji Motor Zavodu (ZMZ), Tolyati Avtomobil Zavodu (VAZ) və Ulyanov Avtomobil Zavodu (UAZ) ilə SSRİ-nin süqutunadək təsərrüfat müqavilələri əsasında ortaq elmi-tədqiqat işləri apararaq Azərbaycan, Ukrayna, Rusiya ilə yanaşı, xarici ölkələrdən - Hindistan, İraq və KXDR-dən gödərilmiş aspirantların yetişdirilməsində istifadə edildi. 

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev hələ SSRİ vaxtı Azərbaycanda avtomobil sənayesinin yaradılması üçün uzun müddət mübarizə aparmış, nəhayət, Sovet İKP MK Siyasi Bürosunun qərarı ilə Gəncə Avtomobil Zavodunun açılmasına nail olmuşdur. 1992-ci ildə fəaliyətə başlaması planlaşdırılan zavodda istehsal ediləcək avtobillərdə Moskva Mərkəzi Avtomotor İnstitutunun (NAMİ) təklif etdiyi dizel motoru ilə yanaşı, bizim ixtiramız əsasında prototipi QAZ zavodunda hazırlanmış ikimərhələli yanma mexanizmi ilə çalışan benzinli mühərrikin də tətbiqi nəzərdə tutulmuşdu. Bu mühərrik SSRİ ETK-nin qərarı ilə AzTU, Kimyəvi-Fizika İnstitutu və QAZ adından ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Yaponiyada patentləndirilmişdir. Patentlər elan olunar-olunmaz, bu əqli mülkiyyəti satın almaq üçün ABŞ avtomobil nəhəngi FORD və Avstriyanın AVL şirkətləri, necə deyərlər, qapımıza qədər gəldilər. Məlumdur ki,  SSRİ-nin süqutu ilə inşası qurtarmaqda olan Gəncə Avtomobil Zavodu fəaliyyətə başlaya bilmədi və ildə 120 min avtomobil istehsalı proqramı yarı yolda qaldı.

Təxmini olaraq keçən əsrin 80-cı illərində benzinlə çalışan avtomobillərin zəhərli və ziyanlı işlənmiş qazlarının standartın tələb etdiyi səviyyəyə qədər azaltmaq üçün üçyollu katalitik konvertolu səsbatırıcısının kəşfi və istehsalı başladıqdan sonra təklif etdiyimiz yanma mexanizmin tətbiqi yanacaq sistemində karbüratorun əvəzinə  yanacağı birbaşa silindirə püskürdəcək nasos-forsunka sistemi tələb olunduğu üçün sənayeçilərin marağının azalmasına səbəb oldu. Çünki bu sistemin tətbiqi üçün heç də az olmayan yatırım və vaxt tələb olunduğu halda, mövcud olan mühərriklərdə heç bir dəyişiklik etmədən üçyollu katalitik konvertorlu səsbatırıcını avtomobilə bağlamaq çox sadə bir iş olduğu və belə səsbatırıcıların geniş miqdarda istehsalını mənimsəmiş şirkətlərin yaranması bizim təklif etdiyimiz yanma mexanizminə olan marağı sıfra endirdi. Lakin hələ keçən əsrin sonlarından etibarən konvertorlu səsbatırıcının çox da effektiv olmadığı aşkar edildi. Belə ki, konvertorun hər üç katalizatorlarının maksimum effekt verməsi üçün səsbatırıcıda işlənmiş qazların temperaturunun ən az 400-450 0C olması tələb olunur. Bunun üçün isə mühərrikin bütün yük rejimlərində yanma kamerasında yanıcı qarışığın tərkibini göstərən hava artıqlıq əmsalı 1 həddini aşmamalıdır, yəni yanıcı qarışıq kasıblaşdırılmamalıdır. Bu isə mühərrikin yanacaq sərfini artırmaqla yanaşı, işlənmiş qazların tərkibindəki karbon qazının miqdarının  maksimum həddə çatmasına səbəb olur. Dünyada aparılan tədqiqatlarla sübut edilib ki, zəhərləyici təsiri olmayan karbon qazının atmosferdə miqdarının artması Yer kürəsində temperaturun yüksəlməsinə və Antarktidada buzlaqların əriməsiylə getdikcə okeanın səviyyəsinin qalxaraq ətraf ölkələrin su altında qalmalarına səbəb ola bilər.

Yeri gəlmişkən, 2021-ci il avqustun 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Komissiyasının hesabatında vurğulandığı kimi, son 20 il ərzində Yer kürəsinin temperaturu 1,1 dərəcəyə qədər artmışdır. Hesabatda xüsusi olaraq vurğulanır ki, əgər asmosferə atılan karbon qazının miqdarı kəskin azaldılmasa, Yer kürəsinin bir çox şəhərləri, o cümlədən Venesiyanın tamamı, İstanbulun isə yarısı su altında qala bilər. Bu xəbərdarlıq Bakı, Lənkəran və digər sahilyanı şəhərlərimiz üçün də keçərli həyəcan siqnalıdır.

Nisbətən ağır yanacaqlarla çalışan müasir dizel mühərriklərində işlənmiş qazların tərkibində olan ziyanlı tüstü dumanını azaltmaq üçün də yanacaq-hava qarışığının homogen hala gətirilməsi effektiv üsul hesab edilir. Bunun üçün BOSCH, SIEMENS və DELPHI kimi məşhur şirkətlər tərəfindən son 15-20 ildə istehsalı mənimsənilmiş Common Rail (Ortaq Yollu) elektron yanacaq püskürmə sistemi geniş istifadə olunur. Sistemin çox dəlikli (5, 8, hətta 12) forsunkalarının köməyi ilə 1500-2500 bar təzyiqlə porşen üzərindəki “açıq” tipli yanma kamerasına püskürülən yanacağın mikrotoz halına gətirilərək sıxılmış hava ilə mümkün qədər homogen qarışdırılması təmin edilir. Bununla mühərrikin performans və yanacaq qənaətliyinin artırılması, işlənmiş qazlarla atmosferə atılan tüstü (qurum) dumanının xeyli azaldılması təmin edilsə də, yanma zamanı yaranan azot oksidlərin miqdarı işlənmiş qaz emissiyası standartlarının tələb etdiyi müasir səviyyədən dəfələrlə yüksək olur. Bunun səbəbi çoxdelikli forsunkadan yanacağın püskürmə təzyiqi artdıqca alışmanın gecikmə müddəti ərzində mikrotoz halında yığılan yanacağın miqdarı da artaraq daha çox yanacağın anidən partlama xarakterli öz-özünə alışmasıdır. Nəticədə yanma təzyiqi yüksək sürətlə qalxaraq yanmış qazların temperaturunu yüksəldir və hava ilə silindirə sorulmuş azotun oksidləşmə reaksiyalarını, Y.B.Zeldoviç nəzəriyyəsində ispat edildiyi kimi, sürətləndirərək işlənmiş qazlarla atmosferə atılan azot oksidləri qazlarının miqdarını artırır.

Dizel mühərriklərində də işlənmiş qazların tərkibindəki ziyanlı qazların miqdarını standartın tələb etdiyi səviyyəyədək azaltmaq üçün üçyollu katalitik konvertor tətbiq edilir. Lakin bu mühərriklərdə yaranan azot oksidlərinin miqdarı daha çox olduğu üçün bu səsbatırıcıya SGR sistemi adlandırılan amonyak (NH3) tərkibli özəl maye püskürtmək də tələb olunur. Elektron idarəetmə proqramına sahib olan SGR katalitik konvertorunun tətbiqi mühərrikin istehsal və istismar maliyətlərini ən az 50 faiz artırmaqla yanaşı, çox keçmədi ki, SGR sisteminin də atmosferin çiklənməsinin azaldılmasında təsirinin yetərsiz olduğu aşkar edildi. Bunun ən bariz örnəyi Volsvagen alman şirkətinin ABŞ-da texnoloji yenilik kimi böyük səs çıxarmaqla qurduğu dizel motorlu minik avtomobillərini istehsal edən zavodunun bütün dünyaya aşkar olmuş skandalı ola bilər. 10 ildən artıq bir zaman ərzində fəaliyyət göstərən zavodun  istehsal etdiyi avtomobillərinin işlənmiş qazlarının guya ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) standartına tam cavab verdiyi iddia edilirmiş. Lakin EPA-nın apadığı monitorinqlə aşkar olundu ki, Volsvagen şirkətinin fəaliyəti sayəsində ABŞ-ın atmosferində azot oksidlərinin miqdarı ildən-ilə yüksəlmişdir. Bunun səbəbini araşdıran EPA özəl qurğu ilə Volsvagen markalı dizel avtomobillərinin həm stasionar laboratorya şəraitində, həm də yolda hərəkət zamanı işlənmiş qazlarının tərkibi ölçülərək aşkar olunur ki, mühərrikin elektonik “beyninə” edilən xüsusi müdaxilə hesabına bu ölçülərdə böyük fərq mövcuddur. Belə ki, Volsvagen - VW PASSAT markalı avtomobilin laboratoriyada azot oksidin ölçümü 127, yolda hərəkət zamanı isə 620 mg/km olmuşdur, yəni 4,9 dəfə daha yüksək. Məlumdur ki, Volsvagenin bu saxtakarlığı onun başına böyük bəla gətirmişdir: Şirkət 70 milyard avro məbləğində cərimə olunmuş, satılmış bir milyona qədər avtomobil geri qaytarılmışdır. Üstəlik, zavodun fəaliyyəti də dayandırılmışdır.

EPA Almaniyada istehsal edilən başqa marka dizel mühərrikli minik avtobillərinin də eyni yolla saxtakarlıqlarını aşkar etmişdir. Məsələn, BMV-də (2016 istehsalı) azot oksidinin ölçüsü laboratoriyada 154, yolda hərəkət zamanı 563 g/km-3,655 dəfə yüksək, Mersedes avtomobilində (2016-cı il istehsalı) laboratoriyada 154, yolda hərəkət zamanı 553 mg/km, yəni 3,6 dəfə daha yüksək olduğu aşkarlanmışdır. Hazırda Volsvagenlə yanaşı, Peugeot, Renault, Nissan və s. şirkətlərin dizel mühərrikli avtomobillərinin azot oksidləri ilə zəngin olan işlənmiş qazları zəhərli kimyəvi duman yaratdığı üçün istehsalları dayandırılmaq ərəfəsindədir. Bu şirkətlərin istehsal etdikləri benzinlə işləyən avtomobilləri də yanacaq sərfinin və işlənmiş qazlarla atmosferə atılan karbon qazının çox olması ilə seçilir. Ona görə də Avropanın Paris, London, Düsselldorf və s. kimi mərkəzi şəhərlərində dizel və benzinlə çalışan avtomobillərin istifadəsi tədricən azaldılır.

Beləliklə, həm benzinli, həm də dizelli avtomobillərdə üçyollu katalitik konvertorlu səsbatırıcılarının təsirinin yetərsiz olması səbəbindən ətraf mühitin çirklənməsinin günü-gündən daha da sərtləşməsi, atmosferdə karbon qazının miqdarının artması ilə Yer kürəsi temperaturunun artması zəminində əvvəlcə Tokioda, sonra isə 2015-ci ilin dekabrında Parisdə 195 ölkə nümayəndələrinin qəbul etdikləri ilk qlobal və qanuni olaraq məcburi sayılan Qlobal İqlim Sazişinə imza atıldı. 21-ci əsrin ilk böyük çoxtərəfli müqaviləsi olan sazişdə hökumətlər tərəfindən qlobal istiliyin orta səviyyəsinin 2 dərəcədən aşağı səviyyədə qalması və artımın 1,5 dərəcəyə qədər məhdudlaşdırılması, iqlim dəyişikliyinin risk və təsirlərinin əhəmiyyətli dərəcədə azaldılması barədə uzun müddəti əhatə edəcək qərar qəbul edildi. Sazişdə ətraf mühitin çirklənməsinin pik həddə çatmaması üçün ən uyğun texnologiyaları ən qısa müddətdə tətbiq edərək tullantıların vaxt itirmədən azaldılması tələb olunur.

Paris sazişinə imza atmış Azərbaycan bu tələbləri yerinə yetirərək ekoloji təsirinə görə krizis dövrü yaşayan qlobal avtomobil sənayesinin yenidən dirçəlişi üçün öz qəti sözünü deməyə qadirdir. Bunun üçün 45 il AzTU-nun Daxiliyanma mühərrikləri kafedrasının əməkdaşları və tələbələrinin, eləcə də 20 il dəvətli professor olaraq İstanbul Texnik Unvesitetinin Makina fakültəsinə bağlı “Motorlar və Taşıtlar” bölümü və tələbələrinin iştirakı ilə Türkiyənin Avtotraktor Sənayeçiləri ilə dövlət dəstəkli elmi-tədqiqat işlərini yerinə yetirməklə qazandığımız bilik və təcrübə yetərlidir. Qazandığımız bu bilik və təcrübə tam məsuliyyətlə onu deməyə imkan verir ki, qlobal avtomobil sənayesinin dirçəlişi yenə də daxiliyanma mühərrikləri ilə bağlıdır. Məşhur rus motorçu alimi Sannikovun dediyi kimi, daxiliyanma mühərriklərinin sonunun çatdığını iddia edənlərin dünyanın sonunun çatdığını iddia edənlərdən heç bir fərqi yoxdur.

Məlumdur ki, dünya enerji istehsalında 90-95 faiz payı olan daxiliyanma mühərriklərini 160 il bundan əvvəl kəşf olunmasına baxmayaraq, faydalı iş əmsalına görə hazırda əvəz edə biləcək başqa bir güc qurğusu yoxdur. Yanacaq olaraq isə təbii qaza daha çox üstünlük verilməlidir. Məlumdur ki, bu qazın ekoloji keyfiyyəti yüksək olmaqla Yer kürəsində ehtiyatı maye yanacaqlarla müqayisədə bir neçə dəfə artıqdır.

Türkiyədə 20 illik fəaliyyətimlə Ford-Otosan, Fiat-Tofaş, Başak Traktor, MOTOSAN, TÜMASAN, TÜLOMSAŞ, Anadolu Motor firmalarının və Arifiye Tank Palet Fabrikasının  istehsal etdikləri müxtəlif ölçülü avtotraktor, lokomotiv, gəmi və tank mühərriklərinin təkmilləşdirilməsi ilə bağlı dövlət dəstəkli elmi-tədqiqat və yerli sənayədə tətbiqi üçün texnoloji altyapının hazırlanması sahəsində İstanbul Texnik Universiteti (İTU) əməkdaşları və tələbələrinin iştirakı ilə çalışmaq fürsətim olmuşdur. Buradakı fəaliyyətimin ən diqqətəlayiq nəticəsi olaraq İTU və TÜMOSAN şirkəti ilə ortaq çalışmalarımız ilə dünyada bir ilk olaraq TÜMASAN traktorlarının 100 faiz maye qaz yanacağı - LPG ilə işləyə bilmə üsulunun - yeni üstün motor texnologiyasının sənayedə tətbiqi oldu. Türkiyə patenti ilə qorunan bu üsulun əsas fərqli cəhəti porşen üzərindəki yanma kamerasının təxmini olaraq bir yarısında zəngin tərkibli yanıcı qarışığın, digər yarısında isə sadəcə havanın yer alması ilə yanma mexanizminin iki mərhələ şəklində cərəyan etməsi təmin edilir. Simvolik olaraq “MR-Proses” adlandırılan bu yanma mexanizmi ilə işləyən mühərrikli TÜMASAN traktorları bir çox sərgilərdə dünya sənayeçilərinin marağına səbəb olmuş və bu texnalogiyanın satın alınmasına maraq göstərilmişdir. Hətta 2019-cu ilin ortalarında Niderlandın məşhur Rolls-Royce gəmi şirkətinin məsul nümayəndələri bu çalışmamız haqqında SAE dərgisində (ABŞ) dərc olunmuş məqaləmizlə tanışlıqdan sonra məni İstanbulda ziyarət edərək bu üsulla ağır gəmi dizel motorlarını təbii qazla işləməyə çevirmək sahəsində müştərək çalışmaq təklifi etmişlər. Lakin mən artıq Prezident İlham Əliyevin “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncamı ilə tanış olduğuma görə fəaliyyətimi 2020-ci ildən etibarən Azərbaycanda davam etdirməyə qərar verdiyim üçün onların uyğun bilərlərsə, Bakıya gəlmələrini təklif edirəm.

Məlumdur ki, “Azərmaş” ASC-də “MADE IN AZERBAIJAN” brendi ilə məhsul istehsal etməklə Azərbaycanı regionun avtomobil istehsalı sənayesi mərkəzinə çevirmək strategiyası qəbul edilmişdir. Neft sənayesi qədər əhəmiyyətli olan bu strategiyanın həyata keçirilməsi ilə Azərbaycan nəinki iqtisadi cəhətdən inkişaf etmiş ölkələr səviyyəsinə yüksələcək, həm də biz üstün intellektual səviyyəli xalq olaraq özümüzü dünyaya daha yaxından tanıtdıracağıq.

Azərbaycanın avtomobil istehsalı sahəsində bu möhtəşəm strategiyanı uğurla həyata keçirmək üçün keçən il mühərrikçi elm adamı kimi elmi-tədqiqat layihəsi hazırlayaraq hökumətə təqdim etmişəm. Bu lahiyələrdən biri “Azərmaş” ASC-nin istehsalı olan Khazar (Xəzər) avtomobilinin Peugeot tipli mühərrikinin “MR-Proses” yanma mexanizmini tətbiq etməklə modernizə edib işlənmiş qazların yüksək ekoloji təmizliyi və az yanacaq sərfi ilə dünya səviyyəsində seçiləcək bir avtomobilin ərsəyə gətirilməsinə həsr edilmişdir. LPG yanacağı ilə işləyən TÜMASAN traktor mühərrikindən fərqli olaraq bu layihədə özel cüt sorma klapanları, silindr başlığı və sorma kollektoru olan mühərrikin layihələndirilməsi nəzərdə tutulmuşdur. Bu konstruksiya İTU-də qurduğumuz özəl laboratoriyada təksilindrli prototipinin hərtərəfli sınağı aparılmış və çoxsilindirli motor variantlarının layihələndirilməsi üçün lazımi parametrlər və texnoloji altyapı təyin edilmişdir. Sınaqlarda olduqca önəmli olan başqa bir keyfiyyət də aşkar edilmişdir: benzinin oktan sayından asılı olmayaraq, mühərrikin sıxma dərəcəsini detonasiya qorxusu olmadan optimal hədlərdə (14/1 - 16/1) götürmək mümkündür. Yəni sıxma dərəcəsi dizelin sıxma dərəcəsi səviyyəsində olan bu mühərrikdə heç bir əlavə konstruktiv dəyişiklik aparmadan həm qığılcımla alışma - Otto prinsipi (benzin və qaz yanacaqlarından - CNG, LNG və LPG istifadə etməklə), həm də özü-özünə alışma - dizel prinsipi ilə (dizel yanacağından istifadə etməklə) yüksək performans və yanacaq qənaətliyi və çox az miqdarda ziyanlı qaz emissiyası ilə işləmə imkanı əldə edilir. Bu keyfiyyət daxiliyanma mühərrikləri tarixində ilk dəfə əldə olunmuş nailiyyət sayılır. Yanma nəzəriyyəsi sahəsində elmi kəşf səviyyəsində olan bu texnoloji yeniliyi patentləmək üçün müvafiq sənədlər Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim edilmişdir.

Onu da qeyd edək ki, təqdim etdiyim elmi-tədqiqat layihələri Energetika və İqtisadiyyat nazirliklərində müzakirəyə çıxarılmalı idi. Lakin layihələrin müzakirəsi koronavirus pandemiyasına görə müvəqqəti təxirə salınmışdır. Ümidvaram ki, bu bəşəri bəla səngiyəndən sonra bütün dünyanı maraqlandıran və Azərbaycan patenti ilə qorunan yeni mühərrikin layihələndirilməsi və istehsalı ilə əlaqədar çalışmalara başlamaq mümkün olacaqdır. Bununla həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qabaqcıl avtomobil sənayesini inkişaf etdirmək arzusu reallaşacaqdır.

 

Rafiq MEHDİYEV,

texnika elmləri doktoru, professor, Beynəlxalq KEYS Akademiyasının (ABŞ) və Beynəlxalq Avtomobil Mühəndisləri Cəmiyyətinin - SAE (ABŞ) üzvü



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM