26 Noyabr 2021 00:31
668
İQTİSADİYYAT
A- A+

Avtomobillə təmin olunmuş Qarabağ müharibəsi qaziləri “Zəfər” avtoyürüşü ediblər

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunmuş Qarabağ müharibəsi qazilərinin “Zəfər” avtoyürüşü təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib. Sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarları ziyarət edilib.

Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında yekunlaşıb.

Avtoyürüşdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, bir il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarix yazaraq möhtəşəm Zəfər əldə etdi. Cəmi 44 gün ərzində dünya hərb tarixinə misilsiz döyüş nümunəsi kimi həkk olunan uğurlu hərbi əməliyyatlar keçirdi, doğma yurd yerlərimizi Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad etdi. 25 noyabr tarixi Zəfərimizin məntiqi nəticəsi olaraq imzalanmış üçtərəfli Bəyanata əsasən, daha bir yurd yerimizin - Kəlbəcərin hərbi əməliyyat keçirilmədən azadlığına qovuşduğu gündür. Xalqımız artıq doğma Kəlbəcərimizin azad edilməsinin birinci ildönümünü böyük sevinclə qeyd edir.

H.Abdullayev nazirliyin təşkil etdiyi, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şərəfli döyüş yolu keçmiş igid qazilərimizin nazirlik tərəfindən onlara verilmiş avtomobillərlə iştirak etdiyi bu avtoyürüşün də möhtəşəm Zəfərimizə həsr olunduğunu vurğulayıb.

Qeyd edib ki, “Zəfər” avtoyürüşü əsl qəhrəmanlıq, mərdlik nümunəsi göstərmiş qazilərimizə yüksək dövlət qayğısını da ifadə edir. Prezident İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlilləri, qazilərimizlə bağlı genişmiqyaslı dəstək işləri aparılır. Artıq 33 min şəxs bu dəstəklə əhatə olunub. Onlara sosial ödənişlərin təyinatı, məşğulluq, reabilitasiya, sosial-psixoloji dəstək və s. istiqamətlərdə xidmət göstərilib və hazırda da bu işlər davam edir.

Nazir müavini şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının 2021-ci ildə 5 dəfə genişləndiyini deyib. Bildirib ki, təkcə bu il həmin kateqoriyalardan olan vətəndaşlarımıza 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1900 mənzil təqdim edilib. Ümumilikdə indiyədək 11100 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunub.

Bildirilib ki, bu il 150, ümumən, indiyədək isə 7350 müharibə əlili dövlət tərəfindən minik avtomobilləri ilə təmin edilib. Onların sırasında 44 günlük Vətən müharibəsinin qaziləri də var ki, “Zəfər” avtoyürüşündə onlar da iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video