02 Oktyabr 2012 12:10
575
Milli Məclis
A- A+

Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

 

Macarıstanın Budapeşt Məhkəməsi tərəfindən məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun verilməsinə və daha sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilməsinə görə Azərbaycana qarşı kampaniya aparılması, xüsusən Avropa Parlamentinin 2012-ci il  sentyabrın 13-də "Ramil Səfərovun işi" adlı qətnamə qəbul etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bildirməyi zəruri hesab edir.

Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı olan sırf hüquqi məsələyə siyasi rəng verilməsi cəhdlərinin davam etməsi dərin təəssüf və narahatlıq hissi doğurur. Bu cəhdlər Avropada bəzi siyasi dairələrin ermənilərin və ermənipərəst qüvvələrin təbliğatının təsiri altında hərəkət etdiklərini, bir çox hallarda Azərbaycanla bağlı məsələlərdə ikili standartlardan əl çəkə bilmədiklərini göstərir.    

Yaxşı məlumdur ki, Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi bu mötəbər təşkilat çərçivəsində iş birliyinin ən fəal iştirakçılarından biridir. Bu baxımdan ölkəmiz Avropa qitəsində uzun illər boyu formalaşmış cinayət işləri üzrə hüquqi yardım məsələlərində bir çox dövlətlərlə hərtərəfli əməkdaşlıq edir. Məhz bu cür əməkdaşlığın  nəticəsidir ki, Ramil Səfərov 8 ildən çox müddətdə cəzasını çəkdikdən sonra Avropa Şurasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" 1983-cü il 21 mart tarixli Konvensiyası əsasında ölkəsinə qaytarılmış və daha sonra milli qanunvericiliyə uyğun olaraq əfv edilmişdir.

Bu proseslər işğalçı Ermənistanın rəsmi dairələri, erməni diasporu və onların havadarları tərəfindən misli görünməmiş çılğınlıqla qarşılanmışdır. Azərbaycan torpaqlarını işğal edən, bu torpaqlarda etnik təmizləmə siyasəti yürüdərək on minlərcə azərbaycanlını qətlə yetirən, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salan, onların bütün mülkiyyətini talan edən bir dövlətdən başqa münasibət gözləmədiyimiz halda, Avropa Parlamentinin mövqeyini başa düşmək çətindir. Xüsusən də ona görə ki, Ramil Səfərovun Azərbaycana verilməsinin və əfv edilməsinin "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının müddəalarına uyğun gəldiyi qətnamənin müvafiq bəndlərində etiraf edilmişdir.

Digər tərəfdən, biz bilirik ki, törətdikləri cinayət əməllərinə, xüsusən terror aktlarına və qətllərə görə ayrı-ayrı ölkələrdə ittiham edilərək məhkum olunmuş erməni milliyyətli cinayətkarların ekstradisiyası, əfv edilməsi və milli qəhrəmana çevrilməsi ilə bağlı çoxsaylı faktlar vardır. 1983-cü il iyulun 15-də Fransanın Orli hava limanında törədilmiş terror aktına görə həmin ölkənin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Varujan Karapetyanın 2001-ci ildə Ermənistan Prezidenti Robert Koçaryanın müraciətindən və ASALA erməni terror təşkilatının hədələrindən sonra vətəndaşı olmadığı Ermənistan Respublikasına verilməsi və əfv edilməsi, onun, eləcə də müxtəlif dövrlərdə Avropa ölkələrində Türkiyə səfirliklərinə, eləcə də Azərbaycan ərazisində dinc sakinlərə qarşı çoxsaylı terror aktlarında iştirak etmiş Suren Nayriyanın, Monte Melkonyanın, Akop Culfayanın, Gevorq Gözəlyanın, Vazgen Sislyanın, Samvel Babayanın və digər qatı cinayətkarların Ermənistan cəmiyyətinə qəhrəman kimi təqdim edilməsi hamıya məlumdur. Əlbəttə, biz Azərbaycan ordusunun zabitini terrorçularla müqayisə etmək fikrində deyilik, amma həqiqəti də söyləməyə bilmərik.

Bütün bunları nəzərə aldıqda Avropa Parlamentinin adıçəkilən qətnaməsinin yalnız ermənilərin və ermənipərəst qüvvələrin təbliğatının təsiri altında siyasi mülahizələrə əsasən qəbul edildiyi aydın olur. Fakt budur ki, mötəbər beynəlxalq təşkilatın məsələyə birtərəfli və qeyri-obyektiv yanaşmasını ortaya qoyan qətnamə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ocağında vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaran amillərdən birinə çevrilmişdir. Bununla əlaqədar təəssüflə qeyd etmək lazımdır ki, sənəddə  Azərbaycan zabitinin əfv edilməsinin bölgədə sülh və barışıq prosesləri üçün təhlükə törətməsi, dinc təmasların gələcəkdə mümkün ola biləcək inkişafının qarşısını ala bilməsi iddia edilir.

Azərbaycan Respublikasının Milli Məclisi bir daha bəyan edir  ki, bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün ən böyük təhlükə mənbəyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin hələ də işğal altında saxlanılması, təcavüzkar dövlətin beynəlxalq hüquqa meydan oxuması və dünya birliyinin qəti ifadə edilmiş iradəsini saya salmamasından ibarətdir. Ramil Səfərovun verilməsinə və əfv edilməsinə  bu cür sərsəmcəsinə münasibət bildirilməsi erməni tərəfinin  həmin məsələdən öz maraqlarına uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş digər ərazilərində mövcud vəziyyəti  qoruyub saxlamaq, danışıqlar prosesini pozmaq üçün istifadə etməyə çalışdığını bir daha sübuta yetirir.  

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamenti üzvlərinin nəzərinə çatdırmaq istərdi ki, Avropa məkanının ayrılmaz hissəsi olaraq Azərbaycan insan hüquqlarının və əsas azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir və qarşıya çıxan bütün problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsinə üstünlük verir. Azərbaycan tərəfi bir daha Avropa Parlamentini ölkəmizlə bağlı bütün məsələlərdə tarazlaşdırılmış, obyektiv mövqe tutmağa, erməni təbliğatına uymamağa, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməməyə çağırır. Bu, həm Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yüksək səviyyəsinə, həm də Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin bərqərar edilməsi mənafelərinə daha çox uyğun gələrdi. 

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il 1 oktyabr tarixli iclasında qəbul edilmişdir.)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video