01 Oktyabr 2016 03:10
1675
Milli Məclis
A- A+

Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurmuşdur. Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Azərbaycan Respublikasının Milli Məclisi 2015-ci il sentyabrın 14-də qərar qəbul etmişdir. Qərarda Avropa Parlamentində müəyyən qüvvələr tərəfindən Azərbaycan barəsində sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasına qiymət verilmiş, bu qüvvələrin Avropa İttifaqı-Azərbaycan münasibətlərinə qarşı pozuculuq fəaliyyətinə son qoyulması üçün zəruri tədbirlər müəyyənləşdirilmişdir. Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmamasını qərara almışdır. Eyni zamanda, həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı  Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulmuşdur.

Milli Məclis Avropa Parlamentindən tələb etmişdir ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı real addımlarla nümayiş etdirsin. Bununla birlikdə, Avropa Parlamentindəki konstruktiv və sağlam qüvvələrə müraciət edilmişdir ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən bu cür fəaliyyətin qarşısını almaq üçün səylərini artırsınlar.

2016-cı ilin aprel ayında Avropa Parlamentinin rəhbərliyi Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqu bərpa etmək üçün Avronest Parlament Assambleyasının nümayəndə heyətini Azərbaycana ezam etmişdir. Bu istiqamətdə danışıqların davam etdirilməsi üçün sentyabr ayının 19-21-də Avropa Parlamentinin deputatlarından ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycana səfər etmiş və dövlətimizin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirmişdir.

Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir. Dövlət başçısı Avropa Parlamentinin göstərilən qətnaməsi ilə bağlı tənqidi qeydlərini açıq və qəti surətdə ifadə etmiş, Avropa Parlamenti ilə əlaqələrin bərpa edilməsi və bu əlaqələrin qarşılıqlı hörmət, bərabərlik və anlaşma əsasında inkişaf etdirilməsi barədə mülahizələrini söyləmişdir.

Səfərin yekunlarına əsasən, qəbul olunmuş bəyanatda Avropa Parlamentinin nümayəndə heyəti bir ildən bəri Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun olmamasından təəssüfləndiyini bildirmiş, qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlər görüləcəyinə əmin etmişdir. Nümayəndə heyəti bunu da birmənalı olaraq bəyan etmişdir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir.

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun və əməkdaşlığın bərpa edilməsi istiqamətində Avropa Parlamenti tərəfindən atılan addımlar Avronest Parlament Assambleyasında Milli Məclisin üzvlüyünün və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı  Komitəsinin fəaliyyətinin bərpasına zəmin yaradır.

Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 14 sentyabr tarixli qərarının 10-cu və 11-ci bəndləri qüvvədən düşmüş sayılsın. 

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 30 sentyabr 2016-cı il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video