23:11 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa İlham Əliyevin timsalında Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir
ANA SƏHİFƏ / SİYASƏT
01:19 15.11.2018


Azərbaycan Avropa İttifaqının üzvü olmasa da, bu birliyin ölkələri ilə ikitərəfli işgüzar və səmərəli əməkdaşlıq münasibətləri qurmuşdur. İndi ölkəmiz təkcə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirak etmir. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə həm də əksər sahələrdə qarşılıqlı etimada söykənən hərtərəfli əlaqələri mövcuddur.

Bu gün ölkəmizin təkcə xarici ticarət əlaqələrində Aİ ölkələrinin payının kifayət qədər yüksək olmasını xatırlatmaq kifayətdir ki, Azərbaycanla Avropanın iqtisadi sahədəki əməkdaşlığının səviyyəsi məlum olsun. Dövlət Statistika Komitəsinin gömrük orqanlarına istinadən yaydığı son məlumata görə, Azərbaycanın yanvar-avqust aylarında həyata keçirdiyi 20,2 milyard dollarlıq xarici ticarət dövriyyəsinin əksər hissəsi İtaliya, Almaniya, Çexiya, Fransa, Portuqaliya, Böyük Britaniya, İspaniya, Avstriya, Rumıniya kimi Avropa ölkələrinin payına düşmüşdür.

Bu və qoca qitənin digər ölkələri ilə Azərbaycanın eyni zamanda mədəniyyət, incəsənət, turizm və s. sahələrdə də əlaqələri geniş və qarşılıqlı səmərəlidir. Bu cür əlaqələrin qurulmasında və inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Məhz bu fondun səyi nəticəsində Qərb Azərbaycanın yaxın və uzaq tarixi ilə yaxından tanış olur, ölkəmizdə baş verən mədəniyyət-incəsənət yeniliklərindən, eləcə də sosial-iqtisadi sahədə qazandığımız uğurlardan xəbər tutur. Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə, o cümlədən Avropaya çatdırılmasında isə başda Mehriban xanım Əliyeva olmaqla Heydər Əliyev Fondunun fəaliyyəti ayrıca bir tədqiqat mövzusudur. Təkcə onu qeyd etmək istərdik ki, məhz Heydər Əliyev Fondunun düşünülmüş və təmkinli təbliğatı sayəsində dünya, o cümlədən Qərb bu 30 illik savaşda Azərbaycanı haqlı tərəf kimi qəbul etməyə başlamışdır.

Yeri gəlmişkən bildirək ki, uzun sürən savaş şəraitində olmasına baxmayaraq, Azərbaycan həm də xarici, xüsusən də Avropa investorları üçün cəlbedici ölkə olaraq qalır. Ölkəmizdəki davamlı ictimai-siyasi sabitlik və xarici sərmayələrə etibarlı zəmanət əcnəbi iş adamlarını Azərbaycanın, demək olar, bütün sahələrinə investisiya yatırmağa sövq edir. Bu səbəbdən Azərbaycana səfər edən dövlət və hökumət başçılarının özləri ilə çoxsaylı potensial investorlar gətirməsi təsadüfi deyil.

Xəbər verildiyi kimi, Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini Azərbaycana səfər etmişdir. Qeyd edək ki, P.Pelleqrini Slovakiya Respublikasının Baş naziri vəzifəsinə yeni seçilmişdir və bu onun hökumət başçısı qismində xarici ölkəyə ilk səfəri idi. Bu faktın özü bir daha Azərbaycanın Qərb, o cümlədən Avropa İttifaqı üçün etibarlı və perspektivli ölkə olmasından xəbər verir. Elə Prezident İlham Əliyev də slovakiyalı qonaqla təkbətək görüşündə vurğulamışdır ki, iki ölkə arasındakı münasibətlər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından çox önəmlidir.

Peter Pelleqrini də, öz növbəsində, Baş nazir kimi ilk səfərini Azərbaycana etdiyinin təsadüfi olmadığını diqqətə çatdırmışdır. Hələ Slovakiya parlamentinin spikeri olarkən I Avropa Oyunları zamanı Bakıya gəldiyini xatırladan Peter Pelleqrini qeyd etmişdir ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün perspektivlər genişdir və iqtisadi sahədə Azərbaycan-Slovakiya biznes forumu bu əlaqələrin genişlənməsində önəmli rol oynayır.

Həm Azərbaycanla Slovakiya arasında ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivləri Prezident İlham Əliyev və Baş nazir Peter Pelleqrininin geniş tərkibdə görüşündə də əsas müzakirə mövzusu olmuşdur. Görüşdə ikitərəfli münasibətlərlə bağlı çox işlər görülməli olduğunu deyən Azərbaycanın dövlət başçısı biznes dairələrinin bir araya gəlməsi və gələcək planları müzakirə etməsindən məmnun olduğunu vurğulamışdır. Prezident həmçinin nəzərə çatdırmışdır ki, biz siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığı davam etdirəcəyik.

Sonra iki ölkə arasında əməkdaşlığın vacib hissəsi olan Azərbaycan-Avropa İttifaqı münasibətlərindən danışan İlham Əliyev bu münasibətlərin yaxşı formada olduğunu diqqətə çatdırmışdır. "Bu il biz "Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq və Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, nəqliyyat, enerji sahələrini əhatə edəcək yeni razılaşma üzrə danışıqların fəal mərhələsindəyik” deyən Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı tərəfindən çox mühüm tərəfdaş hesab olunur. Ölkəmizin icra etdiyi layihələrin Avropada böyük miqyası olduğunu bildirən Azərbaycanın dövlət başçısı Slovakiyanın Baş nazirinin ölkəmizə səfərinin mövcud münasibətlərin sürətli inkişafı üçün çox yaxşı imkanlar yaradacağını söyləmişdir.

Peter Pelleqrini də Azərbaycan Prezidentinin bu fikri ilə tam razı olduğunu dilə gətirmişdir: "Siz tamamilə düz qeyd etdiniz, biz istərdik ki, səfərimiz münasibətlərimizin daha dinamik inkişafına xidmət etsin”.

Ölkələrimiz arasında münasibətlərin dinamik inkişafına xidmət edən daha bir tədbir isə səfər çərçivəsində keçirilən Azərbaycan-Slovakiya biznes forumu olmuşdur. İqtisadiyyat Nazirliyinin dəstəyi, AzPROMO-nun (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) təşkilatçılığı ilə keçirilən forumda Slovakiyanın Baş naziri Peter Pelleqrininin və AR iqtisadiyyat naziri Şahin Mustafayevin timsalında hökumət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, energetika, İKT, maşınqayırma, kimya, qida, dəmir yolları, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Slovakiyanın da üzv olduğu Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələr barədə: ötən il Azərbaycanın ticarət dövriyyəsində Aİ-nin payı 9,4 milyard dollar, yəni ümumi ticarət dövriyyəsinin 42 faizi həcmində olmuşdur. Cari ilin 9 ayında isə bu göstərici 26 faiz artaraq 9 milyard dolları üstələmişdir.

Konkret Slovakiyaya gəldikdə, hazırda ölkəmizdə xidmət, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə Slovakiya sərmayəli 11 şirkət fəaliyyət göstərir. Amma iki ölkə arasında ticarət, iqtisadi və investisiya əməkdaşlığı sahələrində perspektivlər daha genişdir və sözügedən biznes forumunun məqsədi də həmin imkanları hərəkətə gətirmək idi.

Sözsüz ki, belə də olacaq. Əvvəla, Azərbaycan regionda sıradan bir ölkə deyil. Təkcə bir fakt: bu gün Cənubi Qafqazda istehsal olunan ÜDM-in 60 faizi Azərbaycanın payına düşür. Bundan əlavə, ölkəmizdə xarici sərmayə üçün əlverişli biznes mühiti var və bunu beynəlxalq reytinq agentlikləri və maliyyə institutları da təsdiqləyirlər. Bu yerdə Dünya Bankının "Doing Business 2019” hesabatında 190 ölkə arasında 25-ci yerdə olmağımızı xatırlatmaq kifayətdir. İkincisi də, forumda Slovakiyanın Baş nazirinin öz ölkəsinin iş adamlarının energetika, bərpa olunan enerji, maşınqayırma, kimya, İKT və digər sahələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirməsi həm iki ölkə, həm də Azərbaycanla Aİ arasında gələcək iqtisadi əlaqələrin daha da inkişaf edəcəyindən xəbər verir.

Raqif MƏMMƏDOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM