28 Yanvar 2012 12:01
418
Mədəniyyət
A- A+

Avazı gözəl, səsi zil

 

Ömrünün 60 ilini Azərbaycan və klassik Şərq musiqisinin inkişafına həsr edən Məşədi Məmməd Fərzəliyev milli mədəniyyətimizin görkəmli nümayəndələrindən biridir. Uzun illər onunla sənət dostluğu etmiş musiqiçi və xanəndələr - Qurban Pirimov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları öz xatirələrində həmişə Məşədi Məmməd Fərzəliyevi yüksək dəyərləndirərək onun çox zil və gözəl səsə malik olduğunu ehtiramla dilə gətirərdilər. İndi anadan olmasının 140 ili tamamlanan Məşədi Məmməd Fərzəliyevin adı görkəmli xanəndələr - Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər və Zabul Qasımla yanaşı çəkilir.

Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə qədim Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu dilbər guşədə keçsə də, çox erkən doğma şəhərini tərk edib. Gəncədə, Tiflisdə, Batumda, Vladiqafqazda, İstanbulda və başqa şəhərlərdə yaşayaraq xanəndəliklə məşğul olub. Onu təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda, Orta Asiyada, bütün türk dünyasında, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanıyırdılar. Musiqişünas Firidun Şuşinski "Azərbaycan xalq musiqiçiləri" kitabında bu unudulmaz xanəndə haqqında yazırdı: "Onun gözəl zəngulələri, uzun nəfəsləri dinləyiciləri həmişə valeh etmişdir. O, nadir hallarda təsadüf edilən güclü nəfəsə, geniş diapazonlu gur səsə malik olmuşdur. Bir neçə forma və mərtəbədə sürəkli, fəvvarə kimi çağlayan zəngulələr vurmaqda bənzərsiz idi". Elə bu məlahətli səsinə görə də dövrünün tanınmış xanəndələri ona həsəd aparırdılar. Hətta Cabbar Qaryağdıoğlu sənət dostunun məlahətli səsini yüksək qiymətləndirərək onu özünə "rəqib" hesab etmişdir. Musiqi məclislərinin birində (deyilənə görə, bu, Cənubi Azərbaycanda olub - F.X.) ürək və ehtiramla etiraf edib ki, Qafqazda mənə rəqib olan iki xanəndə vardır: biri Zabul Qasım, o birisi isə Məşədi Məmməddir.

Bu unudulmaz sənətkarın çox zəngin və orijinal repertuarı olub. Onun nəfəsində çağlayan "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Heyratı", "Mənsuriyyə", "Simayi-şəms", "Qarabağ şikəstəsi", "Arazbarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən məhəbbət və rəğbətlə qarşılanarmış. O, Azərbaycan vokal sənətində ən çox da "Şüştər"in mahir ifaçısı kimi tanınıb və adını mədəniyyət tariximizə əbədi həkk etdirib. Əgər Cabbar Qaryağdıoğlu "Mahur", Seyid Şuşinski "Çahargah", İslam Abdullayev "Segah" ustası kimi ad-san qazanmışdırsa, Məşədi Məmməd də məhz "Şüştər"ə öz möhürünü vurdu. Bu, bir həqiqətdir ki, hər bir ifaçının sənət taleyində fəth etdiyi zirvə olur. Bir mahnını onlarla, yüzlərlə oxuyan olar, amma  elə ifalar var ki, məhz o, əvəzsizdir, bənzərsizdir. Biz öz zəmanəmizdə belə ifaçıları da gördük. Məsələn, Fatma Mehrəliyevanın "Kəsmə Şikəstə"si, Rübabə Muradovanın "Heydərbabaya salam"ı, Qədir Rüstəmovun "Sona bülbüllər"i, Arif Babayevin "Segah"ı... öz möhtəşəmliyi ilə musiqi tariximizə dərin iz saldı.

Azərbaycan vokal sənəti tarixində Məşədi Məmməd Fərzəliyevin xidmətləri çoxdur. O, özünəməxsus zəngin yaradıcılıq yolu keçmişdir. Apardığı məclislər adla deyilərdi. Çoxunun ürəyindən keçərdi ki, övladının toyunda kaş Məşədi Məmməd oxuyardı. Açığı, bu, hər kəsə nəsib olan xoşbəxtlik də deyildi. Çünki Məşədi Məmmədin dəvət əlindən vaxtı olmazdı ki, hər çağırılan toya gedə bilsin.

Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət aldı. Şöhrəti ellər dolaşan azərbaycanlı xanəndənin səsini burada vala yazdılar. Məşədi Məmməd tarzən Qurban Pirimovun müşayiəti ilə 40-dək muğam, təsnif və mahnı ifa etdi. Bu uğurdan sonra Kiyev şəhərindən də növbəti dəvət gəldi. Görkəmli sənətkar burada "Ekstrafon" şirkəti tərəfindən muğam və xalq mahnılarını qrammafon valına yazdırdı. Müasirləri yazırlar ki, Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş. O qədər gözəl, səlis, təsirli, məlahətli şəkildə Xan qızının şeirlərinə səsdən libas tikərmiş ki, onun nəfəsindən qopan sözlər dillər əzbərinə çevrilərmiş. Məşədi Məmməd qonaq getdiyi bölgələrdə bəzən onun özündən əvvəl oxuyacağı qəzəli el arasında zümzümə edərək sənətkara  ehtiramlarını bildirirdilər:

 

Fələk, mən tək bu dünyada qəmi-möhnət çəkən yoxdur,

Bu qədər səfheyi-rüxsarə göz yaşı tökən yoxdur...

 

Natəvanın bu məşhur beyti ilə başla

nan qəzəl Məşədi Məmmədin demək olar ki, bütün konsertlərinin proloqu olardı.

Sonralar şuşalı sənətkarın sorağı Tiflisdən gəlib. Məlumdur ki, ötən əsrin əvvəllərində Tiflis Azərbaycan mədəniyyətinin beşiyi sayılırdı. Bir çox məşhur sənətkarlar, yazıçılar, musiqiçilər, şairlər, ictimai xadimlər məhz bu şəhərdə yaşayıb yaradaraq milli mədəniyyətimizin çiçəklənməsinə öz töhfələrini verirdilər. O dövrdə Tiflisdə tez-tez "Şərq konsertləri" təşkil olunardı. 1913-cü ildə keçirilən belə konsertlərin birində Məşədi Məmməd Fərzəliyev də iştirak edib. Arxivdə o dövrün afişaları qalmaqdadır. Məlum olur ki, K.Y.Zubalov adına Xalq Evində Sidqi Ruhullanın rejissorluğu ilə "Leyli və Məcnun" operasının son pərdəsi tamaşaya qoyulur. Əsərdə Zeyd rolunu Məşədi Məmməd Fərzəliyev yaradıb. Tamaşa zamanı Məşədi Məmməd opera həvəskarlarının xahişi ilə bir sıra muğamları da ifa edib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Məşədi Məmməd Fərzəliyev yenə də öz sənəti ilə məşğul idi. Hətta fəaliyyətinin sahəsini də genişləndirmişdi. Məşədi Cəmil Əmirovun (Fikrət Əmirovun atası, məşhur tarzən - F.X.) dəvəti ilə Gəncədə - şəhər musiqi məktəbində bir müddət muğamatdan dərs deyib. Gənc xanəndələrin yetişməsində onun da əməyi olub. Həmin vaxt ətraf bölgələrdə toylarda, el şənliklərində tez-tez çıxış edən Məşədi Məmmədin zövqlə oxuduğu mahnılar dinləyiciləri vəcdə gətirirdi. Seyid Şuşinski yazırdı: "Məşədi Məmmədin "Axşam oldu" təsnifini dinləmək musiqini sevənlər üçün böyük səadət idi". Onun əzəmətli və nikbin səsi, coşqun zəngulələri çox qüdrətli səslənirdi. İfa etdiyi hər bir mahnıya, təsnifə, muğama öz möhürünü vururdu. Artıq şöhrəti Azərbaycanın sərhədlərindən çox-çox uzaqlara yayılmışdı. Moskvada keçirilən konserti də çox yaddaqalan oldu. O dövrdə çap edilən qəzetlərdə Məşədi Məmmədin ünvanına xoş sözlər deyilirdi. Məhz Moskva konsertindən sonra onun xarici ölkələrə qastrol səfərləri başladı. Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Rumıniya, Türkiyə və İran ölkələrində azərbaycanlı bülbülün şirin avazına heyrət kəsilənlərin sayı çoxalırdı. Hətta Londonda Üzeyir Hacıbəylinin tamaşaya qoyulan "Arşın mal alan" musiqili komediyasında Əsgərin ariyasını məhz Məşədi Məmməd böyük ustalıqla tamaşaçılara çatdırdı.

Bütün bu bəxtəvərliklə dolu məqamların sırasına təəssüf ki, ürəkağrıdıcı hadisələr də qoşuldu. Ölkəni bürümüş repressiyaların caynaqları ünvanlara ilişdikcə hər gecə bir ziyalının, şairin, sənətkarın, aktyorun, ictimai xadimin ömrünə balta çalınır, həbsinə, qətlinə fərman verilirdi. Yük qatarları silahlı əsgərlərin nəzarəti altında soydaşlarımızı Sibirə - gedər-gəlməzə aparırdı. Dostla düşmənin qarışıq düşdüyü bir zamanda Məşədi Məmməd Fərzəliyevin də qulağına xoş sədalar gəlmirdi. Doğrudur, sovet dövründə onun haqqında qələmə alınmış xatirələrdə söylənilir ki, məhz ölkədə Oktyabr inqilabının qələbəsindən sonra xanəndənin də yaradıcılığında bir çiçəklənmə baş verib. Bizim apardığımız araşdırmalar isə tamamilə başqa həqiqətləri aşkarlayır. Bir müddət Məşədi Cəmilin köməyi sayəsində Gəncədə pedaqoji fəaliyyətlə məşğul olsa da, səsi, ünü toydan, düyündən gəlsə də, xarici ölkələrə qastrol səfərinə getsə də, bu quruluşda yaşadığı 9 il ərzində əvvəlki dövrlə müqayisədə o qədər çox böyük uğurları olmayıb. Səsinin ahənginə qatılan kədərin, xiffətin notlarında oxuduğu sözlərin dərinliyində narahatlıq və narazılıq duyulub. Sağ-solundakı dostları, tanışları "yoxa" çıxdıqca onun da şuxluğu itirdi. Bəlkə də elə buna görə 1929-cu ildə xarici ölkəyə getdiyi qastrol səfərindən sonra bir daha Vətəninə qayıtmadı Məşədi Məmməd. Uzun illər Türkiyənin İstanbul şəhərində yaşayan və 1962-ci ildə 90 yaşında dünyasını dəyişən Məşədi Məmməd Fərzəliyev, əslində, sovet hökumətinin, onun repressiyalarının, ağır təzyiqlərinin əlindən bu ölkəyə pənah aparmışdı. Uzun illər gözü yolda, qulağı səsdə qalsa da, İstanbulda oxuduğu muğamların sədası Qarabağa çatmırdı. Harada yaşayıb yaratmasından asılı olmayaraq, Məşədi Məmməd Fərzəliyev milli vokal məktəbinin ən yaxşı ifaçılarından idi. O, Azərbaycan mədəniyyətinin unudulmaz simalarından biri kimi xatirələrdə yaşamaqdadır. Yaxşı ki, onun ötən əsrin əvvəllərində qrammafon vallarına yazılmış səsinə bu gün də qulaq asmaq mümkündür. Geniş araşdırma aparılsa, qardaş Türkiyədə də onun haqqında bizə məlum olmayan yeni faktlar, bilgilər əldə etmək də olar. Bir qərinədən artıq qardaş ölkədə yaşayan şuşalı xanəndə susan bülbül ola bilməzdi ki?!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video