02:07 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının 20 yaşı tamam oldu

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 24.04.2021

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, bank sektorunda da islahatlar aparılmağa başladı.

Aparılan islahatlar nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 14 aprel tarixli sərəncamı əsasında, səhmdarların ümumi yığıncağının 17 aprel 2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının adı dəyişdirilərək “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adlandırılmışdır.

Bu dövr ərzində “Aqrarkredit”i ölkənin kənd təsərrüfatında islahatların aparıldığı, yeni yaradılan özəl qurumların genişləndiyi bir zamanda öz kredit siyasətində əsas diqqəti fermer təsərrüfatlarının və digər özəl qurumların inkişafı üzərində qurmuşdur. “Aqrarkredit” beynəlxalq maliyyə təşkilatları ilə sıx əlaqələr yaradaraq, yeni qurumların maliyyə vəsaitinə olan ehtiyaclarının müəyyən edilməsində yaxından iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq “Aqrarkredit” kənd təsərrüfatının inkişafına yardım göstərmək məqsədilə kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə respublikanın bütün ərazisini əhatə etməklə kredit xidməti göstərərək kənd təsərrüfatı və emal sahələrinin maliyyələşdirilməsində aktiv rol oynayır.

“Aqrarkredit” QSC öz fəaliyyətinin ilk dövründə əsasən 3 layihənin icrasını həyata keçirmişdir. Bunlar Dünya Bankının respublikamızda ilk həyata keçirdiyi kənd təsərrüfatı layihəsi olan “Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi”nin kredit komponentinin icrasında agent funksiyalarının yerinə yetirilməsi, Yaponiya hökumətinin 2KR proqramı çərçivəsində ölkəmizə ayrılmış qrantlar hesabına alınmış kənd təsərrüfatı texnikalarının lizinq qaydasında icarəyə verilməsi, icarə haqqının toplanması, eləcə də 3 dövlət bankının problemli kreditlərinin idarə edilməsi idi. Bu layihələri və digər xidmətləri həyata keçirmək üçün “Aqrarkredit”in respublikanın bütün ərazisini əhatə edən 12 regional filial yaradıldı.

Daha sonra Nazirlər Kabinetinin 2003-cü il 9 oktyabr tarixli sərəncamına əsasən, taxıl və digər kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət göstərən keçmiş “Aqrar Kredit Fondu” Bank olmayan Kredit Təşkilatının “Aqrarkredit” Təşkilatına qoşulması ilə bağlı kredit təşkilatı yenidən təşkil edildi.

“Aqrarkredit” QSC ölkəmizin kənd təsərrüfatına xidmət edən ən böyük maliyyə qurumlarındandır. Kredit Təşkilatının nizamnamə kapitalı 100 faiz dövlətə məxsus olmaqla 22,7 milyon manat təşkil edir. “Aqrarkredit” QSC-nin səhmdarının ümumi yığıncağının qərarına əsasən, Kredit Təşkilatı səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalının artırılması üçün maliyyə imkanlarının genişləndirilməsi sahəsində daim ardıcıl və məqsədyönlü iş aparılır.

“Aqrarkredit” QSC-nin əsas strateji hədəfi onu ölkənin aqrar sektoruna bütün növ bank xidməti göstərən dayanıqlı, mənfəətli maliyyə kredit institutuna çevirməkdir. Kredit Təşkilatının əsas məqsədi isə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına dəstək vermək, kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yüksəldilməsinə nail olmaq, yoxsulluğun və işsizliyin azaldılmasına töhfə vermək, yeni iş yerlərinin açılmasına, son nəticədə regionların iqtisadi və sosial inkişafına kömək etməkdir.

Dövlətin iqtisadi siyasətinə uyğun olaraq, Kredit Təşkilatı aqrar sektorda çalışan sahibkarlara kredit və maliyyə xidməti göstərməklə, müştəri bazasının genişləndirilməsi, yenilənməsi və infrastrukturun təkmilləşdirilməsi istiqamətində ardıcıl iş aparmışdır. 

“Aqrarkredit” QSC ölkəmizin regional filialları vasitəsilə istər öz vəsaitləri, istərsə də müvəkkil kredit təşkilatı kimi Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarının, kiçik və orta sahibkarlıq subyektlərinin, ailə-kəndli və fermer təsərrüfatlarının maliyyə və kredit vəsaitlərinə çıxışını təmin edir.

“Aqrarkredit” QSC fəaliyyət dövrü ərzində bir çox layihələrin uğurla həyata keçirilməsinə nail olmuş, bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlığını davam etdirmişdir. Dünya Bankının “Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi” Xaçmaz rayonunun Yergüc, Salyanın Qızılağac, Ucar rayonunun Qulabənd-Xətai, Bərdə rayonunun Qılınclı, Lənkəranın Mamusta və Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Püsyan pilot təsərrüfatlarını əhatə edirdi. Daha sonra layihənin əhatə dairəsi genişlənərək həmin rayonların bütün kəndlərini əhatə etmiş və layihənin ümumi dəyəri 6,3 milyon ABŞ dolları olmuşdur.

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatı bu layihənin kredit komponentinin icrasında agent xidmətini həyata keçirməklə layihə çərçivəsində və layihə üzrə qayıdan kreditlər hesabına formalaşan “Revolver Fondu” hesabına layihənin icrasına başlandığı vaxtdan 5770  fiziki və hüquqi şəxsə heyvandarlıq, əkinçilik, aqrar emal, xidmət sahələrində öz bizneslərini qurmaq və genişləndirmək üçün 11,3 milyon manat məbləğində kredit vermişdir.

“Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi”nin həyata keçirilməsi nəticəsində təsərrüfatlar səviyyəsində layihə, maliyyə və iqtisadi cəhətdən həyat qabiliyyətli təsərrüfatlara məsləhət və kredit xidmətləri göstərilmiş, özəlləşdirilmiş təsərüfatların işgüzar fəaliyyətlərinin istiqamətləndirilməsinə nail olunmuşdur. Bu layihə həyata keçirilərkən nümunəvi özəl təsərrüfatlarda əsas su təchizatı sistemləri, tarla irriqasiya, drenaj sistemləri bərpa olunmuş və xərclərin ödənilməsi mexanizminin tətbiqi yolu ilə tarla səviyyəsində yeni su resurslarının idarə edilməsi anlayışı tətbiq olunmuşdur. Bu layihə 2007-ci ildə başa çatmışdır.

Azərbaycan Hökuməti ilə Yaponiya Hökuməti arasında imzalanmış “Notalar mübadiləsi”nə uyğun olaraq, Yaponiya Hökumətinin 2KR proqramı çərçivəsində 1998-2003-cü illərdə ayrılmış 13,1 milyon manat qrant hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq qaydasında icarəyə verilməsi məqsədilə 773 ədəd  kənd təsərrüfatı texnikaları alınmışdır.

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 1998-ci il 70 saylı qərarına əsasən, Kredit Təşkilatı bu texnikaların sahibkarlıq subyektlərinə 4 il müddətinə lizinqə verilməsi və onların dəyərinin toplanmasında Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə “agent” xidmətini həyata keçirməklə respublikanın 42 rayonunda 230 sahibkara lizinq xidməti göstərmişdir.

Bu layihənin davamı olaraq “Tərəfdaşlıq fondu”na  yığılmış vəsait hesabına 2005-ci ildə yenidən 3,9 milyon manat dəyərində 352 ədəd kənd təsərrüfatı texnikası alınaraq dəyəri 6 il müddətinə ödənilmək şərti ilə “Aqrarkredit” QSC Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hüquqi və fiziki şəxslərə lizinq qaydasında icarəyə verilməsi və həmin vəsaitin yığılmasında agentlik missiyasını həyata keçirmişdir.

Bütün layihə çərçivəsində ümumi dəyəri 13 milyon manatdan artıq 1056 adda kənd təsərrüfatı texnikası alınaraq lizinqə verilmişdir. Layihəni dəyərli edən əsas nüanslardan biri də həmin texnikaların dövrünün ən müasir texnikaları olması və 6 il müddətdən sonra sahibkarların mülkiyyətinə çevrilməsi idi.

Avropa İttifaqının TACIC proqramı çərçivəsində “Əməkdaşlıq Fondu”nun vəsaitlərindən taxılçılığın inkişafı üçün kredit resursu kimi istifadə olunmuşdur. Dünya Bankının “Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi” Azərbaycanda regional masştablı ilk beynəlxalq layihə ünvanını daşıyırdı və onun icrasının uğurla başa çatdırılması Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi digər 3 layihənin - “Şimal-Şərq İnkişaf Layihəsi”nin, “Şimal-Qərb Kənd İnkişaf Layihəsi”nin və “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin də kredit komponentinin icrasının Kredit Təşkilatına həvalə edilməsinə vəsilə oldu.

“Aqrarkredit” QSC 2007-2016-ci illərdə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi 3 layihənin kredit komponentini icra etmişdir. Layihələr başa çatsa da onların kredit portfelinin idarə edilməsi davam etdirilir.

“Aqrarkredit”  həmin layihələrdən biri olan “Şimal-Şərq İnkişaf Layihəsi”nin - Kredit Komitəsinin icrasına 2007-ci ildən başlamış və 2016-cı ilədək davam etmişdir. Bu layihə çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, avadanlıqların alınması üçün Abşeron, Xızı, Şabran və Siyəzən rayonlarında yaşayan və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə - birgə borcalan qruplar, fermerlər, istehsalçı qruplar, kredit ittifaqları və fərdi sahibkarlara Kredit Təşkilatı tərəfindən 1,8 milyon manat kredit verilmişdir. Bu layihə üzrə kredit xidmətindən 582 birgə borcalan qrupu və fərdi sahibkar yararlanmışlar.

Digər layihə - “Şimal-Qərb Kənd İnkişaf Layihəsi”nin icrasına - 2010-cu ildən başlanılmış və onun icrası 2016-cı ilədək davam etmişdir. “Aqrarkredit” bu layihə çərçivəsində bitkiçilik, heyvandarlıq, aqrar emal sənayesi, kənd təsərrüfatı məhsullarının istehsalı, texnika və avadanlıqların alınması, ticarət və xidmət göstərilməsi məqsədilə Qazax, Şəmkir, Ağstafa və Tovuz rayonlarında yaşayan və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə - birgə borcalan qrupları, kredit ittifaqları, fəaliyyətdə olan fiziki və hüquqi şəxslərə (kiçik və orta müəssisələr) Kredit Təşkilatı bu layihə üzrə 8,0 milyon manat kredit vermişdir. Bu layihə üzrə kredit xidmətindən 2732 fərdi sahibkar və birgə borcalan qrupu yararlanmışlar.

Həmin qurumun digər - “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” üzrə aktiv kreditləşməyə 2013-cü ildən başlanılmış 2015-ci ilədək davam etmişdir. Bu layihə çərçivəsində aqrar emal sənayesi, kənd təsərrüfatı məhsullarının istehsalı, texnika və avadanlıqların alınması, ticarət və xidmət göstərilməsi məqsədilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında yaşayan və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə - birgə borcalan qrupları, kredit ittifaqlarına, fəaliyyətdə olan fiziki və hüquqi şəxslərə (kiçik və orta müəssisələr) Kredit Təşkilatı tərəfindən 4,1 milyon manat kredit verilmişdir. Bu layihə üzrə kredit xidmətindən 157 birgə borcalan qrupu, 796 fərdi sahibkar yararlanmışlar.

Bütün bu uğurların məntiqi nəticəsi kimi, dövlət başçısı İlham Əliyevin fərmanı ilə “Aqrarkredit” QSC-yə növbəti dəfə böyük və məsuliyyətli işin icrası həvalə edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli fərmanına uyğun olaraq, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin idarə edilməsi “Aqrarkredit” QSC-yə ötürülmüşdür.

Kredit Təşkilatının fəaliyyəti Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər üzrə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, pambıqçılığın, tütünçülüyün inkişafına dair Dövlət proqramlarının, eləcə də Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı üçün ölkə rəhbərliyi tərəfindən nəzərdə tutulan bütün proqram və tədbirlərin həyata keçirilməsi ilə uzlaşdırılmışdır.

“Aqrarkredit” QSC-də kredit xidməti müasir tələblərə cavab verən daxili qaydalar və prosedurlarla həyata keçirilir. Hər bir proqram və layihə öz şərtlərinə uyğun daxili qaydalarla tənzimlənir. Kredit xidmətini operativ şəkildə və qısa vaxt ərzində həyata keçirmək üçün təşkilatın baş ofisi və filiallarında müvafiq kredit komitələri fəaliyyət göstərir.

Yuxarıda qeyd olunanlardan başqa, “Aqrarkredit” QSC-də “Cinayət yolu ilə  əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakların leqallaşdırılmasının və ya terorçuluğun maliyyələşdirilməsinə qarşı  mübarizə  haqqında qaydalar”, “Korporativ etika məcəlləsi” və s. Daxili Qaydalar da mövcuddur.

Kredit Təşkilatı fəaliyyətə başladığı dövrdən bütün illəri mənfəətlə başa vurmuş və büdcə qarşısında öhdəliklərini yerinə yetirmişdir. Hazırda “Aqrarkredit” QSC də ölkənin bank sisteminə daxildir və fəaliyyətə başladığı dövrdən 2021-ci ilin birinci rübünün sonunadək ümumilikdə 36 mindən artıq biznes layihəsi üzrə 400 milyon manatdan artıq kredit xidməti göstərmişdir. 1 aprel 2021-ci il tarixinə “Aqrarkredit” QSC-nin kredit portfelinin qalığı 89,5 milyon manat təşkil edir.

1 yanvar 2021-ci il tarixinə respublika üzrə ümumi kredit qoyuluşunda “Aqrarkredit” QSC-nin bazar payı 0.65 faizdir. Ölkənin qeyri-bank kredit təşkilatları arasında isə onun bazar payı 25.0 faiz təşkil etməklə aparıcı bank olmayan kredit təşkilatıdır.

Kredit Təşkilatının maliyyə-kredit xidməti bazarı əsasən kənd əraziləridir. Ölkəmizin bütün regionlarında yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər sahibkarlıq fəaliyyəti üçün bu kredit xidmətindən istifadə edə bilərlər. Kredit Təşkilatının xidmət dairəsinə səhmdar cəmiyyətlər, kooperativlər, ailə (kəndli) təsərrüfatları, kiçik və orta sahibkarlar, borcalan qrupları və fərdi sahibkarlarla əməkdaşlıq daxildir.

“Aqrarkredit” QSC hazırda kredit xidmətini öz vəsaitləri, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına həyata keçirilməsi davam etdirilir.

“Aqrarkredit” QSC-nin öz vəsaitləri hesabına kredit xidmətini “Kənd Yerlərinin Kreditləşdirilməsi” Proqramı çərçivəsində həyata keçirir. Bu proqramın məqsədi kənd yerlərində aqrar sahəyə kredit xidməti göstərməklə sosial-iqtisadi inkişafın yaxşılaşmasına nail olmaqdır. “Aqrarkredit” QSC 20 il ərzində bu proqram üzrə kənd yerlərində fəaliyyət göstərən, ümumilikdə, 27 mindən çox sahibkarlıq subyektlərinə biznes fəaliyyətinin inkişafı üçün 317,8 milyon manat kredit verilmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dəstək üçün nəzərdə tutulan Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitlərinin sahibkarlara çatdırılmasında “Aqrarkredit” QSC 2004-cü ildə müvəkkil kredit təşkilatı hüququ qazanmışdır. Həmin ildən başlayaraq ardıcıl olaraq bu fondun vəsaitlərindən geniş istifadə edilmişdir. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa başlandığı dövrdən indiyədək kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 4193 kiçik, orta və iri sahibkarlıq subyektinə 59,9 milyon manat məbləğində SİF-in vəsaitləri hesabına güzəştli şərtlər verilmişdir.

“Aqrarkredit”  QSC - həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitlərinin istifadəsi hesabına ölkənin regionlarının sosial-iqtisadi inkişafı çərçivəsində  kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, suvarılan torpaqların meliorasiyası, onların meliorasiya və irriqasiya avadanlığı ilə təchizatının yaxşılaşdırılması, yeyinti məhsulları sektorunun modernləşdirilməsi və inkişafı, kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınması, özəl damazlıq təsərrüfatlarının yaradılması və inkişafı, heyvandarlıqda süni mayalanma tədbirlərinin  həyata keçirilməsi və aqrar sektorun digər sahələrində kredit xidməti göstərir. Agentlik ilə əməkdaşlığa başlandığı dövrdən indiyədək “Aqrarkredit”  QSC-nin müvafiq filialları vasitəsilə kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 209 sahibkarlıq subyektinə 8 milyon manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir.

Müasir dövrdə Azərbaycanda  gedən sürətli inkişaf tempini, bununla bağlı kənd təsərrüfatının kreditləşməsi sahəsində istehlakçıların dəyişən tələblərini nəzərə alaraq “Aqrarkredit”  QSC öz işini günün tələblərinə uyğun quraraq yenilikləri tətbiq etməkdə davam edir. Təşkilatın bu günə qədər əldə etdiyi nailiyyətlər, kollektiv üzvlərinin qoyulan hədəfə çatmaq üçün işə məsuliyyətlə yanaşmalarının, peşəkarlığın və intellektual potensialın nəticəsidir.

Hazırda “Aqrarkredit” QSC-də 300 nəfərdən artıq şəxs çalışır ki, onlardan 120 nəfəri kredit xidməti və ön ofis işçiləridir. Kredit Təşkilatının inkişaf strategiyasına uyğun olaraq işçilərin peşəkarlıq səviyyəsini yüksəltmək, əmək funksiyalarının tələb olunan standartlara uyğun yerinə yetirilməsini təmin etmək məqsədilə onlar mütəmadi olaraq treyninqlərə,  seminarlara, “dəyirmi masa”lara, təqdimatlara cəlb olunurlar.

Kredit Təşkilatında mövcud olan vakant vəzifələrə peşəkar mütəxəssislərin işə cəlb edilməsi üçün müxtəlif vasitələrdən, xüsusilə də internet resurslarından geniş istifadə olunur.

Kredit Təşkilatında biznes məqsədlərinin yerinə yetirilməsinə xidmət edən, funksional modulların inteqrasiyasından ibarət, optimal və daim inkişaf edən arxitekturaya malik, kibertəhlükəsizliyi təmin edən etibarlı proqram kompleksindən istifadə olunur. Proqram kompleksi Kredit Təşkilatının bank əməliyyatlarının və inzibati-təsərrüfat fəaliyyətinin tam avtomatlaşdırılmasını təmin edir.

“Aqrarkredit” QSC-nin fəaliyyəti üçün risklərin idarə edilməsi təşkilatın əməliyyatlarının mühüm elementidir.  Kredit Təşkilatı üçün səmərəli risk idarəetmə sisteminə malik olmaq vacib şərtdir. Bu məqsədlə “Aqrarkredit” QSC-nin rəhbərliyi Risklərin İdarə Edilməsi Komitəsi yaratmışdır. Komitənin əsas məqsədi Kredit Təşkilatını ehtimal edilən risklərə qarşı qorumaq və ona qarşıda qoyulan hədəflərə çatmaq imkanı yaratmaqdır.

Daxili nəzarət və risklərin idarəedilməsi siyasəti ilə Kredit Təşkilatının filialları və struktur bölmələri tərəfindən normativ aktlara, daxili prosedur qaydalara riayət olunmasına,  gündəlik əməliyyatlara nəzarət edilir.

Hər il “Aqrarkredit” QSC-nin tamamlanmış il üzrə kənar auditi nüfuzlu aduit şirkətləri tərəfindən aparılır və müvafiq rəy verilir. 20 il ərzində “Aqrarkredit” əsas maliyyə göstəriciləri üzrə sabit artım nümayiş etdirmiş və ölkənin kənd təsərrüfatının maliyyələşməsi sahəsində liderlərdən birinə çevrilmişdir. Kredit Təşkilatı minlərlə borclulara, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin flaqmanları olan tərəfdaşlara, eləcə də peşəkar, dərin bilikli və işinə sadiq əməkdaşlardan ibarət güclü komandaya malikdir. “Aqrarkredit” QSC borcalanların və tərəfdaşlarının hər birinə inam və etimada görə dərin minnətdarlığını bildirir, gələcəkdə onlarla birlikdə yeni-yeni uğurlara imza atacağını inanır.

“Aqrarkredit” Təşkilatı qarşısına yeni hədəflər qoymuş və bu hədəflərə nail olmaq, öz missiyasını həyata keçirmək məqsədilə korporativ idarəetmə sistemini daim təkmilləşdirir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti sayəsində ölkəmizin işğal altındakı torpaqları azad olunmuşdur. Ölkəmizin hər bir vətəndaşı kimi “Aqrarkredit” QSC-nin hər bir əməkdaşı da bu tarixi qələbə ilə qürur duyur.

Məlumdur ki, ölkə rəhbərinin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, tikinti-abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində işlərə başlanılmışdır. “Aqrarkredit” təşkilatı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi başa çatdıqdan sonra infrastrukturun, xüsusilə kənd təsərrüfatı sahəsinin dirçəldilməsi istiqamətindəki üzərinə düşən maliyyə vasitəçisi funksiyasının icrasını səbirsizliklə gözləyir və indidən bu istiqamətdə həmin ərazilərə yaxın yerləşmiş filiallara xüsusi tapşırıqlar verir, regionun kənd təsərrüfatı potensialının öyrənilməsi üçün aidiyyəti strukturlarla müzakirələr aparır və aqrar sahəsinin maliyyələşməsi üzrə hazırlıq işləri görür.

“Aqrarkredit”  QSC-nin kollektivi bundan sonra da müştərilərinə nümunəvi kredit xidməti göstərməyə və ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.  

 

Məmməd MUSAYEV,

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı İdarə Heyətinin sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM