16 Oktyabr 2021 00:55
554
İQTİSADİYYAT
A- A+

Aqrar sığorta ekspertlərinin gəlirləri açıqlanıb

 

Azərbaycanda aqrar sığortanın əhatə dairəsinin genişlənməsi bu sahə ilə əlaqədar tərəflərin də gəlirlərini artırmağa başlayıb. Yeni mexanizmin tətbiqi nəticəsində sürətlə inkişaf edən və faydalanan tərəflərdən biri də ölkəmizdə ilk dəfə fəaliyyətə başlayan müstəqil aqrar sığorta ekspertləri qrupudur. Hazırda qüvvədə olan aqrar sığorta qaydalarına əsasən, müstəqil ekspertlərin fəaliyyəti aqrar sığorta sistemi üçün mühüm əhəmiyyət daşıyır.

Sözügedən ekspertlər sığortalanma prosesində təsərrüfatlara baxış keçirir, buradakı vəziyyəti və riskləri qiymətləndirir, sığorta hadisəsi baş verdikdə isə hadisənin səbəbini müəyyən edərək dəyən zərəri hesablayırlar. Hadisə nəticəsində ödənişin edilib-edilməyəcəyi barədə qərar verilərkən ekspertin rəyi nəzərə alınır.

Müstəqil aqrar sığorta eksperti xidməti ödənişlidir. Xidmətin müqabilində Aqrar Sığorta Fondu tərəfindən ekspertlərə xidmət haqqı və onların təsərrüfatlara gedişi zamanı qət edilən məsafəyə görə yol xərci ödənilir. Aqrar Sığorta Fondu tərəfindən aqrar sığortanın tətbiqi genişləndikcə sistemlə əməkdaşlıq edən aqrar sığorta ekspertləri də yüksək gəlirlər əldə etməyə başlayıb. Ekspertlər qısa müddət ərzində ölkənin müxtəlif ərazilərində minlərlə kənd təsərrüfatı heyvanına, böyük əraziyə malik əkin sahələrinə  baxış keçirib, onlarca sığorta hadisəsini araşdırıb, bu zaman minlərlə kilometr yol qət ediblər. Nəticədə onlara təkcə avqust ayında böyük məbləğdə xidmət haqqı və yol xərci ödənilib.

Bunu avqust ayında ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertinin nümunəsində görmək mümkündür. Avqustda ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertinin aylıq gəlirləri - 7 795, 5 225 və 4 366 manat olub. Aqrar sığorta prosesində çalışan digər ekspertlərin də aylıq gəlirləri bu göstəricilərdən asılı olaraq 1 000 - 4 200 manat arasında dəyişib.

Qeyd edək ki, müstəqil aqrar sığorta ekspertlərinin gəlirləri onların aktivliyindən - təsərrüfatlara çıxışları və müayinə etdikləri heyvanların sayından, qət etdiyi məsafədən asılı olaraq dəyişir. Ümumiyyətlə, müstəqil aqrar sığorta eksperti bütün dünyada, o cümlədən qardaş Türkiyədə də yüksəkgəlirli peşələrdən sayılır. Aqrar sığortanın əhatə dairəsi genişləndikcə aqrar sığorta ekspertlərinin sifarişləri və gəlirləri də artacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video