29 Mart 2021 16:56
661
Səhiyyə
A- A+

Apreldən Bakı, Sumqayıt və Abşeronda tibbi sığortanın tətbiqinə başlanılır

 

Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı hazırlıq işlərinin aparılması ilə əlaqədar İşçi Qrupunun üzvü, Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovun sözlərinə görə, səhiyyənin maliyyə imkanlarının artırılmasına xidmət edən icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tibb müəssisələrində təkmilləşdirilmə işləri aparılır: “Beynəlxalq qaydalara uyğun olaraq, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək. Bu məqsədlə xəstəxanaların stasionar şöbələrində ambulator-poliklinik xidmət göstərən heyətin poliklinikalara köçürülməsi işləri icra olunur. Bu əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”.

A.İsmayılov bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub.

Məlumat üçün bildirək ki, yuxarıda qeyd olunan ərazilərdəki tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması, kompüter avadanlıqları ilə təchizatı və internetə çıxışın təmin olunması üzrə işlər aparılır.

İcbari tibbi sığortanın məlumat bazası, habelə müvafiq proqram təminatı yaradılır. Qəbul və qeydiyyat şöbələrinin işçilərinə tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlər keçirilir. Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Habelə, vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

Əlavə olaraq bildirək ki, aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar anket dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur.

Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən yararlana bilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video