01 Oktyabr 2021 00:35
1102
SİYASƏT
A- A+

Anım günü Zəfərimizin ideoloji cəbhədə davamıdır

 

Anım günü Vətən müharibəsində həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq paytaxtda keçirilən yürüş mahiyyət etibarı ilə düşmənə ideoloji cəbhədə endirilən ən ağır mənəvi zərbə oldu.

Ermənistanın siyasi elitası, mətbuatı, erməni maraqlarına xidmət edən KİV nə yazırsa, yazsın, nə deyirlərsə, desin, “əzabkeş, müdrik erməni xalqı”nı necə məsum və günahsız təqdim etmək istəyirsə, etsin, bu yürüş növbəti dəfə erməni nasist ideologiyasını, erməni faşizmini bütün çılpaqlığı ilə ifşa etdi. Bu tədbir zahirən hüznlü görünsə də, əslində, xalqımızın nikbinliyini, ordumuzun rəşadətini və bütün Azərbaycan vətəndaşlarının birliyinin əzəmətini nümayiş etdirən aksiya kimi tarixə düşdü. Bu baxımdan yürüşün fəlsəfəsi adi tədbirin çərçivələrinə sığmır.

Anım yürüşünə Ali Baş Komandan Vətən Müharibəsi Qəhrəmanı kimi misilsiz igidliklər göstərən şəhid Adil Asəm oğlu İbrahimlinin, birinci xanım Mehriban Əliyeva hələ heç bir yaşı tamam olmayan şəhid Narin Teymur qızı Xalıqovanın fotoları əks olunmuş plakatlarla qatıldılar. Gənc kursantlar və hərbçilərimiz isə yürüşdə yalnız Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin və itkin düşən hərbçilərimizin yox, həm də erməni nasistləri tərəfindən qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla iştirak etdilər. Bu plakatlar erməni faşizmini bir daha ifşa etdi, erməni cəlladlarının dinc əhaliyə - qocalara, qadınlara və uşaqlara, hətta günahsız körpələrə qarşı döyüşdüklərini göstərdi. Eyni zamanda işğalçıların nə qədər qəddar və amansız olduğunu əyani olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu baxımdan anım yürüşü, sözün əsl mənasında, məkrli erməni təbliğatını ifşa edən, özlərini dünyaya “qədim və mədəni xalq” kimi sırımağa çalışan erməni ideologiyasına qarşı aparılan savaş kimi zəruri siyasi aksiya sayıla bilər.

Neftçilər prospektindən başlayan yürüşün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinədək davam etməsi isə erməni təbliğatına qarşı aparılan mübarizənin yeni mərhələyə yüksəldiyini göstərdi. Söz yox ki, burada nümayiş olunacaq ən kiçik detal belə, həm erməni millətçilərinə gözdağı, həm də erməni faşizmini ifşa edən əyani vasitə olacaq.

Ali Baş Komandan, Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində demişdir: “Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Dövlət başçısı müraciətində Ermənistanın döyüş meydanında məğlub olarkən ən çirkin əməllərə əl atdığını, mülki şəxslərə qarşı hərbi təxribat törətdiyini, şəhər və kəndlərimizi daim atəş altında saxladığını, qadağan olunmuş silahlardan - ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə etdiyini xatırlatmış və ardınca da bəyan etmişdir ki, Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi: “Bizi heç kim və heç nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq”.

 Prezident 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərarinin olmadığı halda Ermənistan ordusunda xidmətdən yayınanların sayının 10 min nəfəri keçdiyini bildirərək xalqımızın milli və döyüş ruhunun qələbənin qazanılmasında əsas meyar olduğunu vurğulamışdır: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın

9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın”.

Bu gün Azərbaycan Prezidentinin “dəmir yumruğ”u işğalçı Ermənistanın başı üstündə asılan Damokl qılıncıdır. Yəqin bu səbəbdəndir ki, Ermənistanın işğalçı siyasəti ifşa olunduqca siyasi rəhbərliyi sülhə alternativin olmadığını anlamağa başlayır. Artıq bu gün ermənilər arasında mövqeyini dəyişənlərin, reallıqları qiymətləndirməyə çalışanların sayı artır. Bir çox erməni ekspertləri açıq qeyd edirlər ki, 3 milyondan yuxarı əhalisi olan Ermənistanda indi heç milyon yarım adam qalmayıb. Bu üzdən ölkə rəhbərliyinin müharibəni davam etmək niyyətləri Ermənistanın dünya xəritəsindən birdəfəlik silinməsinə səbəb ola bilər.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video