16 Iyul 2020 22:50
1624
Elm və texnika
A- A+

AMEA: Alimlərimiz Prezidenti və onun rəhbər tutduğu dövlətçilik prinsiplərini dəstəkləyirlər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş çıxış edib. Prezidentin nitqində ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bildirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe haqlı olaraq ictimaiyyətin diqqətini cəlb edib, bütün ölkə vətəndaşları kimi, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən də böyük rəğbət və razılıq hissi ilə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin məlumatında yer alıb.

AMEA-nın rəhbərliyi dövlətimizin başçısının həmin müşavirədəki çıxışına dərhal reaksiya verib və Rəyasət Heyətinin iyulun 16-da keçirilən iclasında Prezidentin nitqi ətraflı müzakirə olunub.

İclası AMEA prezidenti, akademik Ramiz Mehdiyev açaraq dövlətimizin başçısının çıxışının dərin siyasi təhlilini verərək, diqqəti hər kəsin ondan çıxarılmalı olduğu mühüm dərslərə cəlb edib.

Akademik Ramiz Mehdiyev xüsusilə vurğulayıb ki, Prezidentin nitqində ölkəmiz qarşısında dayanan təhdidlər, dövlətin bu problemlərə olan münasibəti dəqiq şəkildə əksini tapıb. Ölkəmizin taleyinə laqeyd olmayan hər kəs bu nitqə diqqətlə yanaşmalı, Prezidentin verdiyi siyasi istiqaməti qavramağa çalışmalıdır.

Daha sonra çıxış edən AMEA-nın Birinci vitse-prezidenti İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, vitse-prezidentlər, akademiklər Dilqəm Tağıyev, İradə Hüseynova və Rasim Əliquliyev dövlətimizin başçısının mövqeyini birmənalı şəkildə dəstəklədiklərini bildirib, qarşıya qoyulan vəzifələrdən söz açıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən başlıca amil onun həmişə olduğu kimi öz xalqı ilə yüksək səviyyədə açıq və səmimi təmas qurmaq mədəniyyəti idi. Dövlətimizin başçısı olduqca mürəkkəb siyasi məsələlərə dair çox aydın və qəti mövqe ortaya qoyub. Ermənistanın təcavüzkar mahiyyətinə, Milli Ordumuzun işğalçı dövlətə verdiyi sarsıdıcı cavab zərbələrinə diqqəti cəlb edən Prezidentin qətiyyəti hər kəsi, o cümlədən də alimləri bir daha əmin etdi ki, Azərbaycan qüdrətli dövlətdir. Müstəqil dövlətimizin öz suverenliyini qorumaq üçün kifayət qədər gücü və iradəsi vardır. Dövlət başçısının eyni qətiyyətlə diplomatik xidmət orqanlarının fəaliyyətini tənqid etməsi isə başqa bir mühüm mətləbi hər kəs üçün növbəti dəfə aydınlaşdırmış oldu – Prezident üçün peşəkarlıq, işə məsuliyyət, vəzifə səlahiyyətlərinin icrası zaman cavabdehlik və yüksək nizam-intizam hər şeydən daha üstündür. AMEA-nın vəzifəli şəxsləri yaxşı bilməlidirlər ki, hər bir Azərbaycan məmuru ölkə rəhbərinin bütün sahələrdəki şəxsi nümunəsini başlıca meyar kimi qəbul etməli, qarşıya qoyulan tapşırıqların icrasında etinasızlığa, pərakəndəliyə qətiyyən yol verməməli, aydın mövqe nümayiş etdirməlidir.

Prezidentin cəmiyyətdə xaos və hərc-mərclik yaratmaq istəyənlərə verdiyi tutarlı cavabdan təxribatçı və məkrli qüvvələrin öz paylarını aldıqları da şübhəsizdir. Hər kəs əmin olmalıdır ki, Azərbaycan heç zaman 90-cı illərin xaosuna qayıtmayacaq. Prezident Azərbaycanı daha işıqlı gələcəyə doğru aparmaqda qətiyyətlidir.

"Dövlətimizin başçısını AMEA-nın Rəyasət Heyəti adından əmin etmək istəyirik ki, alimlərimiz həmişə olduğu kimi, Prezidenti və onun rəhbər tutduğu dövlətçilik prinsiplərini daim dəstəkləyirlər. Prezidentin siyasi iradəsi bizim hər birimiz üçün qanundur. AMEA-nın elmi kollektivləri və alimləri Prezident İlham Əliyevin tarixi nitqində qarşıya qoyduğu vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar”, - deyə AMEA-nın məlumatında qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video