28 Sentyabr 2021 01:41
822
DÜNYA
A- A+

Almaniya: seçkilərdə mütləq qalib olmadı

 

Bu səbəbdən Angela Merkeli kimin əvəz edəcəyini indidən demək çətindir

 

Sentyabrın 26-da Bundestaqa keçirilən seçkilər AFR kansleri postunda Angela Merkelin kim tərəfindən əvəzlənəcəyi sualına birmənalı cavab verməyib. Səsvermənin nəticələrinə əsasən bu posta Almaniya Sosial Demokrat Partiyasının (ASDP) nümayəndəsi - hazırkı hökumətdə maliyyə naziri və vitse-kansler Olaf Şolts və Xristian-Demokrat İttifaqının (XDİ) sədri Armin Laşet namizədliklərini irəli sürüblər. Xatırladaq ki, bu mühafizəkar partiyaya - XDİ-yə uzun müddət Merkel özü rəhbərlik etmişdi.

Hazırda mühafizəkarlar və sosial demokratlar hökumətdə tərəfdaşdırlar və onlar yeni Nazirlər Kabineti formalaşanadək öz vəzifələrini yerinə yetirməkdə davam edəcəklər. Angela Merkel də parlamentin yeni tərkibinin növbəti hökumət başçısını seçməsindən sonra postunu tərk edəcək.

Rəsmi ilkin nəticələrə əsasən, 25 faiz səs toplayan sosial-demokratlar seçkinin formal qalibləridirlər. Bu, əvvəlki - 2017-ci ildəki seçkilərin nəticələri ilə müqayisədə təxminən 5 faiz çoxdur. Hələ yazda partiyanın reytinqinin təxminən 15 faiz təşkil etdiyini nəzərə alsaq, coxları üçün ASDP-nin bu uğuru sürpriz oldu. Hesab edilir ki, sosial-demokratların seçki yarışının lideri olmasında Olaf  Şoltsun rolu danılmazdır.

Bununla yanaşı, birinci və ikinci yerlər arasındakı fərq 2 faizdən azdır ki, bu da XDİ/XSİ-nin mühafizəkar blokunun namizədi Armin Laşetə gələcək hakim koalisiyanın lideri roluna iddia etməyə əsas verir. Amma 24,1 faizlik nəticə partiya bloku tarixində ən aşağı göstəricidir. Belə ki, blok Bundestaqa keçirilmiş 19 seçkinin 13-də 40 faizdən çox səs qazanmışdır. Ümumilikdə bu rəqəm  heç vaxt 30 faizdən az olmamışdı.

Üçüncü yerdə 14,8 faiz nəticə ilə “Yaşıllar” Partiyasıdır. Bu, 2017-ci ilin nəticəsindən (8,9 faiz) yüksək olsa da, partiyanın gözlədiyindən xeyli aşağıdır.  Buna baxmayaraq, “Yaşıllar” tarixində ilk dəfə öz həmsədri Annalen Berboku kanslerliyə namizəd irəli sürüb. Xatırladaq ki, may ayında “yaşıllar” ən yüksək partiya reytinqinə (28 faiz) malik idi.

Sonrakı yerdə gələn Liberal Azad Demokrat Partiyası da 2017-ci illə müqayisədə (10,7 faiz) nəticəsini bir qədər yaxşılaşdırıb - 11,5 faiz. Əvəzində sağçı  ifrat populist “Almaniya üçün alternativ” Partiyasının nəticəsi 4 il əvvəl olduğundan aşağıdır - 12,6 faiz əvəzinə 10,3 faiz. Solçu Partiya da ciddi itkilər verib. Postkommunistlər səslərin yalnız 4,9 faizini (2017-ci ildə - 9,2 faiz) alıblar və 5 faizlik həddi dəf edə bilməyiblər. Lakin onlar Bundestaqda öz fraksiyasını formalaşdıra biləcəklər, çünki solların 3 namizədi birbaşa (majoritar) mandat qazanıb.

Seçkilərdə iştiraka gəldikdə, almanlar fəal olublar - 76 faiz.

Seçkinin nəticələri prinsip etibarilə son 8 ilin hökumət koalisiyasını bərpa etməyə imkan verir. Lakin bu dəfə rolların dəyişməsi gözlənilir - sosial-demokratlar əsas, mühafizəkarlar isə kiçik tərəfdaş olacaq. Bu variantı həm Olaf Şolts, həm də Armin Laşet hələ ki, istisna edirlər.

İfrat populistlərlə  hökumət qurmaq  barədə heç kimin danışıqlar aparmayacağını, postkommunistlərin mövqelərinin isə xeyli zəiflədiyini nəzərə alsaq, yalnız 2 üçlüyün (Olaf Şolts kansler olmaqla “yaşıllar” və liberallarla sosial-demokratlar və  ya Armin Laşet hökumət başçısı olmaqla “yaşıllar” və liberallarla mühafizəkarlar) yeni hökumət quracağı daha real görünür. Bu iki variantdan hansının sonda reallığa çevriləcəyi yaxın həftələrdə dörd siyasi qüvvənin nümayəndələrinin aparacağı danışıqların gedişində məlum olacaq.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video