04 Dekabr 2011 12:12
630
Mədəniyyət
A- A+

Alim və istehsalatçı

 

Hər bir insanın şəxsiyyət kimi dəyəri onun elmi, ziyalılığı, vətənə və  xalqa xidmət məramı ilə ölçülür. Belə adamlar hədsiz dərəcədə qayğıkeş və əltutan olur, ətrafındakılara daim kömək edir, öz yaradıcı potensiallarını ölkəsinin gələcəyinə yönəldir, istək və arzularını reallaşdırmaq üçün hər cür çətinliklərə sinə gərirlər. Sonradan qazandıqları uğurlar onları yüksəklərə qaldırır, kamilləşdirir, müdrikləşdirir, cəmiyyət üçün gərəkli bir insana çevirir. Belə ziyalılardan biri də Rafik Mirağa oğlu Məmmədovdur. İstər elm aləmində, istərsə də çalışdığı müəssisələrdə onun haqqında bir fikir söyləyirlər: sadə, təvazökar, iddiasız, bütöv şəxsiyyəti və xarakteri ilə diqqət çəkən maraqlı insandır. R.Məmmədov hər şeydən öncə, mülayim davranışı, dərin fikirləri, hər bir hadisəyə, prosesə yaradıcı yanaşan, daim axtarışda olan bir alimdir.

O, 1936-cı il dekabr ayının 25-də Ordubad rayonunun Vənənd kəndində müəllim ailəsində dünyaya gəlib. 1954-cü ildə kənd orta məktəbini bitirərək Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, əvvəlcə əyani, sonra isə qiyabi yolla (istehsalatda işləməklə) təhsilini davam etdirmişdir. 1963-cü ildə institutu bitirərək mühəndis-elektrik ixtisasına yiyələnmişdir. 1961-ci ildə Bakı Elektrik Maşınqayırma Zavoduna (BEMZ) fəhlə kimi işə qəbul olunmuşdur. Orada 15 il işləyərək fəhləlikdən "Metrologiya və ölçmə texnikası" şöbəsinin rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. Bu müddət ərzində zavodun əsas məhsulu olan elektrik mühərriklərinin keyfiyyətinin yüksəldilməsi üçün onların əsas göstəricisi olan küy və titrəyişlərin ölçülməsindən ötrü xüsusi qurğular hazırlamışdır. Bu qurğular keçmiş SSRİ-nin elektrotexnika sənayesinin bir sıra müəssisələrində uğurla tətbiq olunmuşdur. Bu qurğu SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilmiş və bürünc medala layiq görülmüşdür.

15 il BEMZ-də işlədikdən sonra Rafik müəllim elmi-tədqiqat işlərinə üstünlük vermişdir. 1976-cı ildə Sumqayıt şəhərində yerləşən neft-kimya sənayesinin kompleks avtomatlaşdırılması üzrə Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuş, elə orada işlə təmin edilmişdir. Qısa müddətdə Rafik Məmmədov mühəndis vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksələrək 1981-ci ildə "Alkilbenzin istehsalında propan rektifikasiya kalonunun həyəcanlandırıcı təsirə görə optimal idarəetmə sisteminin tədqiqi və işlənməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya mövzusu neft-kimya proseslərinə həsr olunduğu üçün Rafik Məmmədov 1982-ci ildə o vaxtkı Yeni Bakı Neftayırma Zavoduna (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) işə qəbul olunmuş və əmək fəaliyyətinin qalan hissəsini burada davam etdirmişdir. O, 27 il ərzində (1982-2009) İnformasiya Hesablama Mərkəzinin (İHM) rəis müavini, rəisi, zavod direktorunun sosial məsələlər üzrə müavini vəzifələrində çalışmışdır.

Rafik Məmmədov İHM-in rəisi vəzifəsində işləyərkən müəssisənin və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi üçün xeyli işlər görmüş, ən mütərəqqi üsulların zavoda gətirilməsinə çalışmışdır. R.Məmmədovun İHM-ə rəis təyin olunduğu vaxtlar müəssisədə ES və SM tipli elektron hesablama maşınlarından (EHM) istifadə olunurdu. Keçən əsrin 90-cı illərində fərdi kompyuterlər respublikamızda geniş yayılmışdı. Alim müəssisədə fərdi kompyuterlər parkı yaratmaqla idarəetmənin özülü olan informasiya emalının bilavasitə yerlərdə aparılmasına nail olmuşdu. Bununla da, FK-da işləməyin asanlığı, əvvəlki nəhəng EHM-in başqa peşə sahiblərində yaratdığı səddin - "qorxu"nun aradan götürülməsi təmin olunmuşdu. Artıq FK-lar əvvəlki kimi müəyyən qrup mütəxəssislərin yox, müxtəlif peşəyönümlü mühəndis-texniki işçilərin ən yaxın köməkçisinə çevrilmişdi.

Bundan sonra zavodda çoxsəviyyəli lokal kompyuter hesablama şəbəkələri (LKHŞ) yaradıldı. Bunun sayəsində istehsalatın müasir tələblər səviyyəsində idarə olunmasına geniş imkanlar açıldı. Belə ki, LKHŞ-lər kompyuter parkından, onların proqram və informasiya resurslarından daha səmərəli istifadəni önə çəkdi. O zaman məhz Rafik Məmmədovun rəhbərlik etdiyi İHM-in kollektivinin böyük əməyi sayəsində müəssisənin müxtəlif bölmələrinin internetə daxil olması ilə beynəlxalq informasiya mərkəzlərinin resurslarından da istifadə etməyə şərait yarandı. Daha sonra kompyuterlərdən ilk növbədə müəssisə üçün tez mənfəət gətirən, yəni, səmərəsi göz qabağında olan işlərə başlanıldı. Rafik Məmmədovun böyük əməyi və səyi nəticəsində kompyuter texnologiyası əsasında İHM-in nəzdində mətbəə yaradıldı. Bununla, müəssisəyə lazım olan çoxtirajlı direktiv və normativ sənədlərin, broşürlərin, kitabların, texniki hesabatların və digər işlərin görülməsi üçün nəşriyyat təşkil olundu.

Zavodun "Neftayıran" qəzeti uzun illər müəssisədən kənarda çap olunurdu. Yenə də Rafik Məmmədovun təklifi ilə bu çətinlik də aradan qaldırıldı. "Neftayıran" qəzeti İHM-in mətbəəsində çap olunmağa başladı və vaxtında zavod əməkçilərinə çatdırıldı. Müəssisənin və texnoloji proseslərin müasir idarəetmə sisteminin və mətbəə texnikasının tətbiqi zavodda yüksək texniki-iqtisadi səmərə əldə etməyə başladı. Əsas məsələlərdən biri texnoloji qurğuların LKHŞ-yə qoşulması oldu. Bununla da, qurğularda gedən prosesləri bilavasitə kabinetlərdən izləmək və idarə etmək üçün şərait yarandı. Müntəzəm olaraq yeni FK-lar alınaraq zavodun bütün şöbələrində və sexlərində avtomatlaşdırılmış iş yerlərinin (AİY) açılmasına başlanıldı. Bu işlərin yerinə yetirilməsi üçün İHM-də bəzi tətbiqi proqramlar paketi yaradıldı, bəziləri isə müvafiq təşkilatlardan alınaraq istehsalata tətbiq olundu.

Bununla belə, kompyuter texnologiyasında baş verən yeniliklərlə ayaqlaşmaq heç də asan deyildi. Tezliklə İHM-in texniki bazasının möhkəmləndirilməsində əhəmiyyətli işlərin görülməsi tələb olunurdu. O zaman zavodun şöbə, istehsalat sahələrində yüksək ixtisaslı mütəxəssislər çalışsa da, onların sırasında müasir FK-da müstəqil işləyə bilən işçilər çox az idi. Bu, təbii idi. Axı, FK-nın respublikamızda yayılmasına son illərdə başlanılmışdı. Rafik Məmmədovun böyük səyi nəticəsində tezliklə müəssisədə hər bir kəsin kompyuterdən müstəqil istifadə edəcəyinə inam yaratdı. Planlaşdırma, mühasibat-uçotu, kadr və s. məsələlərin həllinə tam ehtiyac artdıqca yeni kompyuter sistemlərinin yaradılması üçün yüksək səviyyəli mütəxəssislər lazım idi. Artıq bu işləri bilən kadr çatışmazlığı hiss olunurdu. Belə mütəxəssislərə çox ehtiyac duyulurdu. Lakin zavoda kənardan mütəxəssis qəbulu son dərəcə məhdud olduğundan həmin problem də həll edilməli idi. Onun həllinə İHM-in say tərkibinin artırılması ilə deyil, onların daxili imkanlar hesabına ixtisas səviyyələrini təkmilləşdirməklə nail olundu. Bunun üçün İHM-in nəzdində kompyuter kursları təşkil olundu və zavod əməkçiləri həmin kurslarda çalışaraq test imtahanları verib, xüsusi sertifikatlar almağa başladılar. Nəticədə zavodda fəaliyyət göstərən İnformasiya-Hesablama Mərkəzi respublikada istehsalat sahəsində fəaliyyət göstərən qabaqcıl elm müəssisəsinə çevrildi.

Rafik Məmmədov Azərbaycan Dövlət Neft Akademiyasının və Neft Kimya Sənayesinin Kompleks Avtomatlaşdırılması üzrə Elmi-Tədqiqat İnstitutunun müqavilə əsasında zavodda apardığı bütün işlərin istehsalata tətbiq olunmasında yaxından iştirak etmişdir. Eyni zamanda, o, elmi işləri davam etdirməklə tədris proseslərinin fəal iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Neft Akademiyasının və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun birgə əmri əsasında tələbələrin istehsalatla yaxından təmasda olması üçün zavodun nəzdində İHM-də üç kafedranın ("İstehsalat proseslərinin avtomatlaşdırılması", "İnformasiya ölçmə və hesablama texnikası" və "Avtomatlaşdırılmış idarəetmə sistemləri") filialları açılmışdır. Rafik müəllim bu kafedraların hər üçündə dərs yükü aparmışdır. O, uzun müddət Neft Akademiyasında çalışmış, maraqlı mühazirələr oxumuşdur. Elmi-pedaqoji fəaliyyətinə görə SSRİ Xalq Təhsili üzrə Dövlət Komitəsinin 4 noyabr 1989-cu il tarixli qərarı ilə ona informasiya-ölçmə və hesablama texnikası kafedrasının dosenti elmi rütbəsi verilmişdir.

Rafik müəllim həmçinin uzun illər Azərbaycan Dövlət Neft Akademiyasında müdafiə üzrə elmi şuranın üzvü və dövlət attestasiya komissiyasının sədri olmuşdur. İHM-in səmərəli fəaliyyətinin göstəricilərindən biri də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmin istehsalata tətbiqinə həsr olunmuş bir neçə elmi konfransının məhz burada keçirilməsidir. Bundan başqa, Rafik müəllim avtomatlaşdırma və hesablama texnikası üzrə dünyada aparılan elmi işlərlə də tanış olmuş və beynəlxalq konfranslarda iştirak etmişdir. O, Almaniya, İtaliya, İspaniya, Finlandiya və Türkiyədə olan beynəlxalq elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Eyni zamanda, bu işçilərin çalışdığı zavodda tətbiqinə nail olmuşdur.

Rafik müəllim çox xeyirxah insandır. O, İHM-in işçilərinə böyük qayğı ilə yanaşmış, onların işdə və həyatda yüksəlmələrinə öz köməyini əsirgəməmişdir.

1993-cü ildə zavodun təsis konfransında YAP Nizami rayonu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ərazi ilk partiya təşkilatının sədri seçilmiş və 16 il (1993-2009) bu vəzifədə çalışmışdır. Fəaliyyətə başlayanda 7 nəfərdən ibarət olan YAP üzvlərinin sayı 800 nəfəri ötmüşdür. Nəhayət, 2003-cü ildə zavoda Rövnəq Abdullayev direktor təyin olundu. O, Rafik müəllimə direktorun sosial məsələlər üzrə müavini vəzifəsini təklif etdi və uzun illər çalışdığı İHM-in kiçik kollektivindən ayrılaraq bütün zavod işçilərinin qayğısını çəkməyə başladı. İşlədiyi müddət ərzində zavod əməkçilərinin məişət şəratinin yaxşılaşdırılmasında fəal iştirak etdi. Rafik Məmmədov 2009-cu ildən isə təqaüddədir. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Azərbaycan neft sənayesində səmərəli fəaliyyətinə görə Prezident təqaüdü verilmişdir. Bax, bunu Rafik müəllim uzun illik, gərgin əməyinə verilən ən yüksək qiymət hesab edir, möhtərəm Prezidentə dərin təşəkkürünü və minnətdarlığını bildirir.

Rafik müəllimin 75 yaşı tamam olur. Alim bu gün də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir.

 

Telman ƏLİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Kibernetika İnstitutunun direktoru

 

Sabit KƏRİMOV,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyasının kompyuter texnologiyası və proqramlaşdırma kafedrasının müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video