04 Noyabr 2011 01:11
245
Mədəniyyət
A- A+

Alim ömrünün görünməyən səhifələri

 

Xalqımız akademik, əməkdar elm xadimi Asəf Nadirovu yaxşı tanıyır. O, Azərbaycan elminin tərəqqisinə, iqtisadiyyatının inkişafına böyük töhfələr vermiş görkəmli alimdir.

Akademikin bu günlərdə təzəcə çapdan çıxmış "Həyat insanlara xidmət edəndə və onlara səmimi olanda daha mənalı və cəlbedicidir" kitabı isə onu bizlərə daha yaxından tanıtdı. Burada müəllif xalqa və elmə xidmətdə keçən ömrünün ibrətamiz səhifələrini vərəqləyir, elmi-ictimai fikir tariximizin çağdaş günlərimizdə yaşanan dərslərini oxucularla bölüşür.

Asəf Nadirovun yaradıcılığı ilə ilk dəfə deyil ki, üz-üzəyik. İndiyədək onun elmin aktual məsələlərinə aid kitablarını, çoxsaylı məqalə və monoqrafiyalarını oxumuşuq. Bu dəfə isə müəllif özünü oxucusuna tamamilə başqa bir ampluada təqdim edir, onun qarşısına bədii-publisistik, həyat həqiqətləri və fəlsəfəsi ilə zəngin bir kitabla çıxır. Topluda maraqlı bir insan ömrünün hekayəti öz əksini tapıb. Məqsədimiz həmin kitabı təhlil etmək deyil, indiyədək bilmədiklərimizi öyrəndikdən sonra akademikin mənalı ömür yolundan və şəxsiyyətindən bir daha söhbət açmaqdır.

Böyük alimin soykökünün xoş əks-sədası əsrlərin dərinliyindən eşidilir. Asəf müəllimin atası Abbasqulu Allahverdi oğlu ata tərəfdən Nadir şah nəslinin bir qoluna mənsubdur. Ana tərəfdən isə Şərur mahalının tanınmış insanlarından sayılan Əlixanın nəticəsi idi.

Abbasqulu Nadirov sovet hakimiyyətinin ilk dövrlərində bir müddət təhlükəsizlik xidməti orqanlarında çalışmış, sonra isə əsasən partiya sistemində müxtəlif vəzifələrdə işləmişdir. Ötən əsrin 30-cu illərində Şərur rayon partiya komitəsində şöbə müdiri, uzun müddət Şərur və Ordubadda rayon partiya komitəsinin birinci katibi olmuşdur. Xalq arasında onun müxtəlif sahələrdə gördüyü böyük işlər, adamlarla səmimi münasibətləri və onlara göstərdiyi qayğılar, ümumi iş və ədalət naminə lazım gəldikdə atdığı qətiyyətli və cəsarətli addımları barədə çoxlu xatirələr gəzib-dolaşmaqdadır.

Bu ailənin yetirməsi akademik Asəf Nadirovun alnına isə alim olmaq, taleyini birmərrə elmə həsr etmək yazılmışdı. Belə olmasaydı, universiteti bitirib Ali Sovetin Rəyasət Heyətində işə qəbul olunduqdan sonra məhz bu istiqamətdə pillə-pillə "yuxarı"ya qalxmağa can atardı. Lakin Asəf Nadirov burada az müddət çalışdıqdan sonra dərk edir ki, yüksək dövlət orqanında işləmək onun ürəyincə deyil. Çünki orada çox yeknəsəq və yaradıcılıqdan uzaq bir iş mühiti hökm sürürdü. Beləliklə, 1952-ci il dekabrın 1-də A.Nadirov Elmlər Akademiyasının qapılarından içəriyə daxil olur və həyatını, fəaliyyətini həmişəlik bu elm məbədinə bağlayır. O, indi də Elmlər Akademiyasını həyatının ən böyük seçimi hesab edir.

Asəf Nadirov öz qabiliyyəti ilə elmdə zirvələr fəth edə bilir. SSRİ Elmlər Akademiyasının aspiranturasında təhsilini alaraq 1956-cı ildə vaxtından üç ay əvvəl Moskvada namizədlik dissertasiyası müdafiə edir.

Cəmi iki il sonra 1958-ci ildə EA-nın İqtisadiyyat İnstitutunun ən böyük şöbəsinə müdir təyin olunur. Bundan da iki il sonra - 1960-cı ildə fəaliyyətinə daha bir yol qovuşur. BDU-da dərs deməyə başlayır və qeyd edək ki, görkəmli alim yaşının bu ixtiyar çağında da biliyini gənclərlə bölüşməkdən yorulmur.

1964-cü ildə EA-nın İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunur. 1968-ci ildə o, "Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir, iqtisad elmləri üzrə alimlik dərəcəsi alır. 1970-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülür.

10 il sonra - 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilir. Daha bir il keçdikdən sonra Akademiyanın Rəyasət Heyətinin baş elmi katibi vəzifəsində çalışmağa başlayır. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olur.

Bütün bunlar Asəf Nadirovun elmin çətin yollarında irəliləyərkən qazandığı uğurlar müqabilində əldə etdiyi elmi dərəcə və vəzifələrin qısa xronologiyasıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, görkəmli alim "Şöhrət" (2004) və "Şərəf" (2009) ordenlərinə layiq görülüb, onlarla kitabın, yüzlərlə məqalənin müəllifidir. İstər SSRİ dövründə, istərsə də Azərbaycan müstəqillik qazanandan sonra saysız-hesabsız diplomlar, fəxri fərmanlar, təşəkkürnamələr və s. alıb. Həm dövlət, həm də mötəbər elmi təşkilatlar, xarici ölkələrin elmi cəmiyyətləri tərəfindən verilmiş bu yüksək qiyməti alim öz dərin düşüncə və axtarışları, gəldiyi uğurlu nəticələr, halal zəhməti, hətta deyərdik ki, sanbalı və nüfuzu ilə qazanıb.

Keçən əsrin 50-ci illərindən başlayaraq sənayenin inkişafının iqtisadi səmərəliliyinin müəyyən olunması, əmək ehtiyatlarından hərtərəfli və faydalı istifadə edilməsi, xalq təsərrüfatının aparıcı istehsal komplekslərinin intensivləşdirilməsi və digər istiqamətlərdə çox maraqlı və həyatda öz tətbiqini tapan tədqiqatlar aparıldı. 70-80-ci illərdə daha böyük nailiyyətlər əldə edildi. İqtisadçı alimlərin, onların ilk sıralarında isə Asəf Nadirovun da hörmət və nüfuzu artdı. O, respublikanın inkişafı ilə əlaqədar yüksək səviyyəli müzakirələrə dəvət alan, irəli sürdüyü mülahizələri və fikirləri məmnunluqla qəbul edilən, gələcək inkişaf yollarının müəyyənləşdirilməsində, dövlət planlarının elmi əsaslar üzərində tərtibində yaxından iştirak edən alimlərin ön cərgəsinə keçdi. Akademik xatırlayır ki, ümumiyyətlə, keçən əsrin ikinci yarısından sonra tədricən ehkamçılıq buxovlarından yavaş-yavaş xilas olmağa başlayan bütün ictimai və humanitar elmlər kimi iqtisadiyyat elmi də nəzəriyyədə və zəruri təsərrüfat məsələlərinin həllində öz qiymətli tövsiyələrini hazırlamaq yolunda böyük uğurlar qazandı.

Müxtəlif illərdə Asəf Nadirov yüksək vəzifələrdə çalışmağa, müxtəlif postları tutmağa dəvət olunur. Amma alim bunların hamısından özünəməxsus yüksək mədəniyyət və etika ilə imtina edir.

Bir faktı da qeyd edək ki, görkəmli akademikin fəaliyyəti yalnız axtarış və tapıntılarla bitməyib. O, bir sıra mühüm dövlət sənədlərinin, planlarının hazırlanmasında yaxından iştirak edib. Onların bir çoxu ölkəyə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrlərə düşüb və bununla bağlı xatirələr tanınmış alimin qəlbində ömrünün ən unudulmaz çağları kimi yaşayır.

SSRİ dönəmində, Azərbaycanda sovet hakimiyyəti qurulmasının 60 illiyi ərəfəsində ümummilli lider bir qrup alimi qəbuluna dəvət edir. Onların sırasında Asəf Nadirov da olur. Yubiley münasibəti ilə Azərbaycan KP MK-da hazırlanmış qərarın layihəsi işlənmək və redaktə olunmaq üçün onlara təqdim edilir. Akademik bu hadisəni belə xatırlayır: "Heydər Əliyevin qısa şərhindən sonra bizə sənədin layihəsini verdilər, hərəmizi ayrı-ayrı otaqlarda oturtdular və qeydlərimizi çap etmək üçün makinaçıların otağını göstərdilər. Təxminən üç saat işlədikdən sonra yenidən Heydər Əliyevin yanında toplaşdıq. O, qayda qoydu ki, hər birimiz verilən mətnə iradlarımızı və əlavələrimizi deyək, sonra onlar ümumi müzakirədən keçərək ya qəbul olunsun, ya da kənara qoyulsun. Biz hamımız hiss edirdik ki, sərbəst və işgüzar şəraitdə keçən bu müzakirə Heydər Əliyevin də çox xoşuna gəlir. Son dərəcə səmimi keçən toplantıda arada müxtəlif xatirələrə və hadisələrə qayıdış da olurdu, bəzən onların ətrafında yeni mülahizələr, bizə məlum olmayan müəyyən məqamlar da üzə çıxırdı. Ümumiyyətlə, bu görüşdə mən ilk dəfə Heydər Əliyevin xarakterini səciyyələndirən bir çox keyfiyyətləri gördüm. Onun son dərəcə sadəliyi, həmsöhbətlərinin fikrinə olduqca diqqətlə yanaşmaq və qarşı tərəfin rəyini, düzgün mövqeyini böyük həssaslıqla qiymətləndirmək xüsusiyyəti məni valeh etdi".

Bu tədbirdə Asəf Nadirov ona verilmiş mətnə bir sıra əlavələr və düzəlişlərlə bərabər, nisbətən irihəcmli mətnlər də təklif etmişdi. Təkliflərin hamısı bəyənilmiş və qəbul olunmuşdu.

Asəf Nadirov xatırlayır: "Olduqca maraqlı keçən bu görüş axşam saat 10.00-a qədər davam etdi. Pilləkənləri birgə düşərkən Cəmil müəllim mənə dedi ki, sən bu gün Heydər Əliyevin yanında böyük nüfuz qazandın. Çox geniş və əhatəli çıxışını hər kəs hiss etdi.

Akademik Asəf Nadirovun bütün həyatı öz xalqının gözü qarşısında keçib və bu gün də belədir. Onu çoxdan tanıdığımız üçün yüksək insani keyfiyyətlərinə də yaxından bələdik. Dərin bilik və böyük nüfuza malik görkəmli alimin sadə, təvazökar, ətrafındakı insanlarla mehriban münasibəti, xoş ünsiyyəti ona daim hörmət qazandırıb.

Asəf müəllimin həyatında çətinliklərlə mübarizə apardığı vaxtlar da az olmayıb. Bununla belə, reallıq onun tərəfindən həmişə dərindən dərk edilərək qəbul olunub: "...Akademiyada tutduğum yüksək vəzifələrin öz şəxsi məqsədlərim üçün hər hansı elə bir ürəkaçan şirinliyini dadmadığım kimi, onlardan azad olanda da, hər hansı bir ürəkağrıdan acılığını da duymamışam. Cəmiyyətdə az-çox qiymətləndirilən, davranışlarımda təbiətimə xas olan bir xüsusiyyət həmişə nəcib və ləyaqətli insanlar arasında müəyyən nüfuz qazanmağıma səbəb olmuşdur".

Bütün insanlar kimi Asəf müəllimin də ömrü yalnız sevinc və uğurlardan ibarət olmayıb. Tale ona gənc oğul itkisi kimi böyük bir kədər də yaşadıb. Lakin Asəf Nadirov özündə mənəvi güc taparaq elmimiz, Vətənimiz üçün yaşamaqda, yaratmaqda davam edib. Akademik onu tanıyanlara bir zəhmətsevərlik, Vətən təəssübkeşliyi, seçdiyi sənətə və tutduğu yola sadiqlik, bir sözlə, insanlıq nümunəsi göstərərək yaşayır.

 

İ.ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video