15 Noyabr 2011 02:11
533
Səfərlər
A- A+

Ali ordenlərlə təltif olunma mərasimi

 

Noyabrın 14-də Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimindən sonra Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident!

Mən bir daha Sizi səmimiyyətlə salamlayıram.

Bu gün Bolqarıstan-Azərbaycan münasibətlərinin tarixində çox əlamətdar bir gündür. Siz ölkəmizdə rəsmi səfərdəsiniz və çox vacib sənədlər imzalanmışdır. Bir dost kimi bu əlamətdar gündə Sizin Bolqarıstana rəhbərlik etdiyiniz dövrdə gördüyünüz işlərlə bağlı bir neçə kəlmə demək istərdim.

Siz on ildir ki, Bolqarıstana rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında ölkəniz böyük və uğurlu yol keçmişdir. Ölkənizdə aparılan siyasi və iqtisadi islahatlar Bolqarıstanın inkişafını şərtləndirən amillər olmuşdur.

Bu illər ərzində Sizin ölkəniz həm NATO-ya, həm Avropa İttifaqına üzv olmuşdur. Hesab edirəm ki, ölkəniz üçün bu, tarixi nailiyyətlərdir. Bolqarıstan dünyada çox etibarlı dost və tərəfdaş ölkə kimi tanınır. Siz də dövlət xadimi kimi, dünyada çox böyük nüfuza maliksiniz.

Qeyd etməliyəm ki, bu illər ərzində bizim ikitərəfli münasibətlərimiz də çox uğurla inkişaf etmişdir. Biz Sizinlə demək olar ki, hər il görüşürük və şəxsi dostluq əlaqələrimiz ikitərəfli əlaqələrin inkişafına da müsbət təsir göstərir. Son illər ərzində münasibətlərimiz, yəni, Bolqarıstan-Azərbaycan münasibətləri çox yüksək səviyyəyə qalxmışdır. Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyiniz xidmətlərə və verdiyiniz töhfəyə görə Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilirsiniz.

İcazə verin, bu yüksək mükafatı Sizə təqdim edim.

Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev" ordenini Bolqarıstan Prezidenti Georgi Pırvanova təqdim etdi.

* * *

Prezident Georgi PIRVANOV minnətdarlığını bildirərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli nazirlər, xanımlar və cənablar. Apardığım fəaliyyətə və göstərdiyim xidmətlərə verdiyiniz belə bir yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm.

Bəli, bu, həqiqətdir ki, iki xalqın arasında tarixən ənənəvi dostluq münasibətləri mövcud olubdur. Lakin qeyd etmək istəyirik ki, son on il ərzində ikitərəfli əlaqələrimiz ən yüksək səviyyəyə qalxıb.

Mən bu ali mükafatı böyük minnətdarlıq hissilə qəbul edirəm, eyni zamanda, mənə verilən bu ordeni mən, həmçinin Bolqarıstan Respublikasının, bolqar xalqının keçdiyi şanlı yola və bizim son illər ərzində apardığımız gərgin fəaliyyətin nəticəsinə verilən qiymət kimi qəbul edirəm.

Digər tərəfdən, hörmətli cənab Prezident, biz Sizin də bu istiqamətdə göstərdiyiniz səyləri, Azərbaycanın rəhbəri kimi apardığınız fəaliyyəti də yüksək dəyərləndiririk. Mən Azərbaycana tez-tez səfər edirəm, Siz də Bolqarıstana dəfələrlə səfər etmisiniz. Hər dəfə gələndə görürəm ki, ölkənizdə dəyişikliklər baş verib. Mən görürəm ki, müasir Azərbaycan necə inkişaf edir. Mən deyərdim bu inkişaf illərlə deyil, hətta saatlarla baş verir. Qeyd etmək istəyirik ki, şəxsən mən və Bolqarıstanın bir çox qurumları Sizin Avropa miqyasında qazandığınız nüfuzu bilirik, bunu alqışlayırıq və eyni zamanda, ölkənizin Avropa təsisatlarına daha da yaxınlaşması istiqamətində göstərdiyiniz səyləri olduqca mühüm hesab edirik.

Burada şəxsən Sizin qarşınızda bəyan etmək istəyirəm ki, Bolqarıstanda mövcud olan bütün təsisatlar, Bolqarıstan cəmiyyəti Sizi bolqar xalqının ən yaxın dostu hesab edir.

İndi isə mən Sizin apardığınız fəaliyyətə minnətdarlıq əlaməti olaraq Bolqarıstanın ali mükafatını - "Stara Planina" ordenini Sizə təqdim edirəm.

Cənab Prezident, Sizi təbrik edirik.

Prezident Georgi Pırvanov Bolqarıstan Respublikasının ən ali mükafatını - "Stara Planina" ordenini dövlətimizin başçısına təqdim etdi.

* * *

Prezident İlham ƏLİYEV minnətdarlığını bildirərək dedi:

- Çox sağ olun, hörmətli cənab Prezident! Bu yüksək mükafata görə Sizə minnətdaram. Bolqarıstan dövlətinin yüksək mükafatını almaq mənim üçün böyük şərəfdir. Siz də qeyd etdiyiniz kimi, biz Bolqarıstana, bolqar xalqına böyük rəğbətlə yanaşırıq. Bolqarıstan bizim üçün dost ölkədir, yaxın ölkədir. Mən çalışacağam ki, bundan sonra da Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün öz səylərimi əsirgəməyim. Bir daha Sizə minnətdaram.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video