16 Noyabr 2021 00:09
1664
Oxucu məktubları
A- A+

“Akt tərtib olunmuş və mülkiyyətçiyə məktub göndərilmişdir”

 

Qəzetimizin 19 avqust 2021-ci il tarixli nömrəsində dərc edilmiş “Paytaxtın mərkəzindəki sahibsizlik abidəsi” başlıqlı məqalə ilə bağlı redaksiyamıza Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən cavab gəlmişdir. Xatırladaq ki, məqalə paytaxtdakı keçmişdə “Fantaziya” hamamı kimi tanınan tarixi əhəmiyyətli binanın baxımsızlıq üzündən bərbad hala düşməsindən, təsirli tədbir görülməzsə tezliklə dağılıb gedəcəyindən bəhs olunurdu.

Xidmətin rəisi Azad Cəfərlinin imzaladığı məktubda yazılır:

“Bakı şəhəri, Yasamal rayonu, D.Əliyeva küçəsi, 114 ünvanında yerləşən “Fantaziya” hamamının (inventar №-si 3731) baxımsız vəziyyətdə olması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığınız məktuba Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır.

Bildiririk ki, Dövlət Xidmətinin əməkdaşları tərəfindən sözügedən hamama baxış keçirilmiş və hamamın mövcud vəziyyəti ilə bağlı akt tərtib edilmişdir.

Eyni zamanda hamamın balans mənsubiyyətinin və mülkiyyətçisi barədə məlumatın müəyyən edilməsi üçün tərəfimizdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, eləcə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktublar ünvanlanmış və abidənin xüsusi mülkiyyətdə olduğu müəyyən edilmişdir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər.

Qanunun qeyd olunan maddəsinə uyğun olaraq, abidənin qorunmasının təmin edilməsi məqsədilə mülkiyyətçiyə müvafiq məktubla müraciət olunmuşdur”.

 

Problem isə akt və məktubla həll olunan deyil

 

Vəssalam! Adından da göründüyü kimi, təkcə Bakıda yox, bütün ölkə ərazisində mədəni irsin qorunması, inkişafı və bərpasına birbaşa cavabdeh olan dövlət qurumu paytaxtın mərkəzindəki tarixi binanın göz görə-görə dağıdılmasının qarşısını yalnız “akt” tərtib etmək və mülkiyyətçiyə “müvafiq məktub” göndərməklə almaq istəyir, o da hələ doğrudursa. Lap doğru olsa belə, kim zəmanət verə bilər ki, kimliyi nədənsə gizlin saxlanılan mülkiyyətçi həmin akt və məktuba məhəl qoyaraq alqı-satqı zamanı üzərinə götürdüyü öhdəliyə əməl etmək üçün təsirli tədbirlər görəcək. İnanılası deyil. Əvvəla, ona görə ki, məqalənin dərcindən xeyli (təxminən 3 ay!) vaxt keçsə də, binada hər hansı yenidənqurma və təmir işlərinin getdiyini görən yoxdur. Sonrası da, xüsusən Bakıda birinci hal deyil ki, şəhərin tarixi memarlıq abidələri sayıla bilən binalar özəlləşdirildikdən sonra ən müxtəlif bəhanələrlə yerləyeksan olunaraq yerində ya hündürmərtəbəli yaşayış binaları, ya da ticarət mərkəzləri (bundan savayı əllərindən nə gəlir ki!?) tikiblər.

Göz gördüyündən qorxar. İndi bundan sonra bizi heç kim əmin edə bilməz ki, məqalədə haqqında söz açılan “Fantaziya” hamamının da taleyi belə olmayacaq. Zarafat deyil, bu tarixi bina Bakının mərkəzində yerləşir və həmin ərazidə torpağın kvadratmetri “od qiyməti”nədir. Bizim iş adamlarının hamısını demirik, əksəriyyəti üçün isə qazancın tarixdən irəli olması sirr deyil.

Elə ona görə də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti problemin həllini istəyirsə, akt tərtib etməklə və mülkiyyətçiyə məktub göndərməklə kifayətlənməməli, bu işə özəlləşdirməyə birbaşa cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini cəlb etməlidir. Lazım gələrsə, alqı-satqı müqaviləsi ləğv olunaraq bina yenidən dövlətə qaytarılmalıdır. Bunun üçün əsas binanın hazırkı baxımsız vəziyyətidir. Üstəlik, problemin bu cür həlli həm də gələcəkdə belə sevdaya düşmək istəyənlər üçün dərs olar. Dərs olar ki, ölkənin, xalqın tarixi irsi alver predmeti deyil. Yalnız bu yolla Bakının növbəti tarixi memarlıq incilərindən məhrum olmasının qarşısını almaq mümkündür.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video