28 Noyabr 2021 00:25
411
CƏMİYYƏT
A- A+

Ailənin səkkiz oğlundan biri...

 

Qarabağ savaşında peşəkar jurnalist Kazımağa Kərimov yalnız qələmini deyil, qəlbini də silaha çevirərək düşmən üzərinə gedirdi

 

Qələbənin sevincini dadmaq hər igidimizə, qəhrəmanımıza qismət olmasa da, candan əziz bildikləri Vətən torpaqları ötən il cəmi 44 gün davam edən müharibədə azad edildikcə onların ruhları sevindi: “Qarabağ Azərbaycandır!”

 Qısa döyüş yolunda vətənpərvərliyi ilə yadda qalan, əzmkarlığı nümunəyə çevrilən, Milli Qəhrəman kimi adı tarixə yazılan Kərimov Kazımağa Möhsün oğlu 1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində dünyaya göz açmışdı. Ailənin səkkiz oğlundan biri idi. Atası Möhsün müəllimlə anası Səmər xanım övladlarına gözəl tərbiyə vermiş, onları xalqına, milllətinə layiq böyütmüşdü.

 

Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi, orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitirdikdən sonra öz arzusu ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olub. Sevərək arxasınca getdiyi peşəsində püxtələşən Kazımağanın ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Görünür, bu da onun taleyinə yazılmış qismət, alın yazısı idi...

Universiteti bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışdı.

1988-ci ildə Vətənin başını “qara bulud”lar alanda Kazımağa da vətənpərvər övlad kimi bu torpaqların müdafiəsinə qalxmağı özünə borc bildi. Evini, ailəsini və hər  şeydən uca tutduğu peşəsini arxada qoyaraq, ön çəbhəyə yollandı. Döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa Kərimov baş leytenant rütbəsini yenicə almışdı.

Vətənə, torpağa məhəbbət təsadüfi  yaranmır. Kazımağada da belə idi. O, hələ XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində ali hərbi məktəb bitirən, 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan savaşlarında doğma torpaqlarının müdafiəsinə qalxan, Zəngəzur mahalında  ad-sanı ilə tanınmış İsmayıl bəyin nəvəsi idi.

Kazımağa  Kərimov döyüşlərə atıldığı ilk gündən bir çox hərbi əməliyyatlarda iştirak etdi. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən Kazımağa üçün bu, sanki bir sınaq meydanı idi. O,  döyüşçüləri ilə birlikdə bu sınaqdan alnıaçıq çıxdı.  Hazırladığı yeni əməliyyat planı düşmən tapdağı altında olan indiki Ağcakənd qəsəbəsini ətraf kəndləri ilə birlikdə azad etdi.

Təəssüf ki, elə həmin məşhur əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu döyüş kimi yazıldı tarixə. Bu tarixi qələmlə olmasa da, əməli ilə yazan komandir Kazımağa Kərimov 1992-ci il iyunun 12-13-də  keçmiş Şaumyankənd (indiki Ağcakənd) rayonunun azad olunması uğrunda aparılan əməliyyatda ağır yaralanmışdı. Yaralı-yaralı o, döyüşlərin sonadək aparılması əmrini vermişdi.

Əsl komandirlik şücaəti göstərən, yarasının ağır olmasına baxmayaraq, sonadək döyüşən əsgər və zabitlərini tək buraxmayan Kazımağa əməliyyat bitdikdən sonra Bakıdakı hərbi hospitala çatdırılmışdı. Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək, həmin an əllərini havaya qaldıraraq “yaxşı ki, yazan əlim var”

deyirmiş.

Lakin, sən demə, Kazımağa tək bir ayağını yox, sonradan həyatını itirəcəkmiş. O, 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə ucalmışdır.

Son dəfə Bakıda tələbə yoldaşları və eyni zamanda qələm dostları ilə görüşən Kazımağa onlara yaxınlarda Qarabağ müharibəsində dönüşün təməlinin məhz Goranboy cəbhəsində qoyulacağını da deyib. Düşmən tapdağı altında qalan bütün torpaqlarımız azad olduqdan sonra qələmi yenə əlinə alaraq onlarla çiyin-çiyinə çalışacağına söz verib, növbəti dəfə Bakıya iyun ayının 16-da gələcəyini söyləyib, hətta görüş yerini də özü seçib - Şəhidlər xiyabanı!

Özündən sonra bir oğlu yadigar qalan Kazımağa ilə görüşmək üçün Şəhidlər xiyabanına gələn qələm dostarı gözləmədikləri mənzərə ilə üz-üzə qalırlar: gələn Kazımağanın özü deyil, şəhidlik taxt-tacı idi, üçrəngli bayrağımıza bükülmüşdü...

Vətən, xalq və dövlətimiz belə igidlərini heç vaxt unutmayıb. Kazımağa Kərimov da şəhidlik zirvəsinə ucaldığı gündən bir həftə sonra, Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəman fəxri adına layiq görülür.

Onu da qeyd edək ki, Kazımağa Kərimov bu ada layiq  görülən ilk jurnalistimizdir. Qəhrəmanımızın adının əbədiləşdirilməsi də unudulmayıb. Bakı şəhərində adını daşıyan küçə var. Həmçinin doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolu keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi Kazımağa Kərimovun adını daşıyır. Goranboy şəhərində həmişə tər gül dəstələri ilə ziyarət edilən bir bust var. Bu da şəhid Milli Qəhrəman Kazımağa Kərimova goranboyluların əbədi ehtiramının təcəssümüdür.

İndi Kazımağa Kərimov kimi qəhrəman Azərbaycan oğullarının ruhu şaddır, çünki 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  formalaşmış “Dəmir yumruq”la ordumuz Zəfər qazanmış, işğal altında qalan torpaqlarımızı, o cümlədən Kazımağa Kərimovun doğulduğu Qubadlını faşist xislətli erməni vandallarından azad etmişdir. Ruhun şad olsun, şəhid komandir!

 

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video