04 Avqust 2021 22:32
612
CƏMİYYƏT
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son günlər baş vermiş məişət zorakılığı hadisələri ilə bağlı açıqlaması

 

Ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır. Ailənin əsaslarını, gələcək nəslin rifahını zəiflədən ailə münaqişələrinin fəsadları illərlə davam etməkdədir. Əksər hallarda zorakılıq qurbanları mövcud hüquq müdafiə imkanlarından yararlanmadan ailənin bütövlüyünü qorumaq, ictimai qınağa məruz qalmamaq üçün öz həyatlarını təhlükəyə atırlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılıb, çoxsaylı maarifləndirici layihələr həyata keçirilib, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilib.

Görülən tədbirlər məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına müraciət etmələrinə imkan yaradıb. Dövlət Komitəsi və tabeçiliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il 100-ə yaxın məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də ailələrdə baş verən zorakılıq halları əsasən gizli qalır.

Bir neçə illərin təcrübəsi göstərdi ki, zorakılıq hallarında tərəflərin barışdırılması heç də həmişə müsbət nəticə vermir və bir sıra hallarda cinayətlə nəticələnir. Halbuki barışdırmaqdan öncə ailədə zorakılığın təkrarlanma riskinin qiymətləndirilməsi və hər bir ailəyə fərdi və həssas yanaşma vacibdir. Dövlət Komitəsi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil edir və onları məişət zorakılığı hallarının araşdırılmasının xüsusiyyətləri, o cümlədən tərəflərin barışdırılmasının mümkün şərtləri barədə məlumatlandırır. Eyni zamanda, müvafiq dövlət orqanları tərəfindən zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün onlara qanunvericiliyin tələblərinə əsasən mühafizə orderlərinin 24 saat ərzində verilməsini tövsiyə edir.

Dövlət Komitəsinin və beynəlxalq təşkilatların apardığı çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır.

Baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir. 2020-ci il 27 noyabr tarixində Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırda bu istiqamətdə təkliflər hazırlanaraq, razılaşdırılması üçün cavabdeh dövlət orqanlarına göndərilib.

3 avqust 2021-ci il tarixində Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib. Bu hadisə digər məişət zəminində baş vermiş cinayət hadisələri kimi ölkə ictimaiyyətini dərindən sarsıdıb.

3-4 avqust 2021-ci il tarixlərində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, eyni zamanda, Bakı şəhəri Xəzər və Pirallahı rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri tərəfindən hadisə baş vermiş ünvana və uşaqların hazırda olduğu ailəyə səfər edilib və onların psixo-emosional vəziyyətləri qiymətləndirilib. Hər iki uşağın psixoloji dəstək xidmətinə və Pirallahı rayonunda yerləşən "Bulaq” körpələr evi-uşaq bağçasına cəlb edilməsi nəzərdə tutulub. Uşaqların vəziyyətinin yoxlanılması üçün mütəmadi olaraq Dövlət Komitəsi tərəfindən öz səlahiyyətləri çərçivəsində Pirallahı rayon İcra Hakimiyyəti ilə birlikdə monitorinqlər keçiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video