27 Avqust 2021 16:44
787
CƏMİYYƏT
A- A+

AHİK sədri həmkarlar ittifaqlarının Nabrandakı sağlamlıq-istirahət ocaqlarındakı şəraitlə maraqlanıb

 

Avqustun 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən həmkarlar ittifaqlarına məxsus sanatoriya-kurort müəssisələrində istirahət üçün yaradılan şəraitlə tanış olub, dincələnlərlə söhbətlər apararaq istirahətləri ilə maraqlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə baş çəkən S.Möhbalıyev burada istirahətə gələnlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya baxış keçirib. AHİK sədri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına əməl olunma şəraiti ilə də maraqlanıb.

Bildirilib ki, istirahət mərkəzi müntəzəm olaraq xüsusi məhlulla yuyularaq dezinfeksiya edilir, işçilərə və istirahət edənlərə gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının vacibliyi, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsinin zəruriliyi izah olunur, müvafiq tövsiyələr verilir. İstirahətə gələnlərdən koronavirus əleyhinə vaksinasiya olunmaları (iki dozada) barədə COVID-19 vaksin sertifikatı tələb olunur.

Sədr son zamanlar ölkədə yoluxanların sayının artdığını, buna görə də virusdan qorunmaq üçün tələb olunan bütün qaydalara əməl olunmasının vacibliyini bildirib.

Sonra AHİK sədri mərkəzdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.

Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirilib. 2010-cu ildə inşa olunan istirahət mərkəzi dənizdən bir kilometr məsafədə yerləşir. Burada kotteclər və üç ikimərtəbəli istirahət korpusu qonaqların istifadəsindədir. Mərkəzdə eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insanın istirahət etməsi üçün hər cür şərait yaradılıb.

AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” istirahət mərkəzinə də baş çəkib. 2013-cü ilin iyun ayında istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya üçmərtəbəli yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı üzgüçülük hovuzları, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər tikililər daxildir. Mərkəzdə eyni vaxtda 265 nəfərin istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. Ümumilikdə mövsüm ərzində burada həmkarlar ittifaqının 1500 nəfərə yaxın üzvü dincəlir. İstirahət mərkəzinə baxış keçirən sədr burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırıb.

İstirahət edənlərlə söhbətində və jurnalistlərə müsahibəsində AHİK sədri S.Möhbalıyev bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin təşkili dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir: “Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Hər il həmkarlar təşkilatlarının xətti ilə minlərlə vətəndaşımız öz ailələri ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. İstəyirik ki, gələn qonaqlar buradan məmnun ayrılsınlar, yaradılmış şəraitdən razı qalsınlar. Bizim əsas istəyimiz də budur. Mən burada istirahət edənlərlə söhbətlərim zamanı koronavirusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmələrini xüsusi olaraq tövsiyə etdim. Bu, onların və yaxınlarının sağlamlığını qorumaq üçün vacibdir. Bizim istirahət mərkəzlərimizdə yüzlərlə vətəndaşımız daimi və mövsümü işlərlə təmin edilib, bu da məşğulluğun təmin olunmasına mühüm töhfədir”.

S.Möhbalıyev qeyd edib ki, bu gün yüksək dövlət qayğısı nəticəsində AHİK-in balansında olan bütün istirahət mərkəzləri yenidən qurulur, müasir tələblərə uyğunlaşdırılır, istirahət üçün geniş imkanlar yaradılır. “Təhsil”, “Ülfət”, “Rabitəçi” və digər istirahət mərkəzlərində yeni korpusların tikilməsi nəzərdə tutulur. “Xəzər” İstirahət Mərkəzinin bir hissəsində məcburi köçkünlər yerləşib. Onlar öz yurdlarına qayıtdıqdan sonra burada əsaslı təmir-bərpa işlərinə başlanacaq.

AHİK sədri bildirib ki, işçilərin istirahəti, əmək qabiliyyətinin bərpası, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının yüzlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Bu da, təbii ki, ittifaq üzvləri tərəfindən rəğbətlə qarşılanır və onların daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video