13 Noyabr 2021 01:25
2001
Mədəniyyət
A- A+

Ağrı

 

Bir müddət sonra Rzadan soraq gəlmədi. Onu xeyli axtardılar. Günlərin birində isə məlum oldu ki, oğlu itkin düşüb. Ana inadla yol gözləyirdi. Təbii ki, ümidlər getdikcə şam kimi əriyib sönməliydi. Amma çox qəribə bir psixoloji hal baş verirdi. Sona getdikcə daha da inadkar olurdu. Daxilindən gələn  səs ona oğlunun sağ olduğunu deyirdi. Bir də axı, Rza söz vermişdi, o, qayıtmalıdır. Odur ki, ana indi artıq evin içində duruş gətirə bilmirdi. Köhnə bir kətili darvazanın kandarına qoyub gün batan vaxtdan gecəyə qədər orada otururdu. Qaş qaralır, şər qarışır, qaranlıq düşürdü. Ana isə əlləri qoynunda nəzərlərini uzaqlara dikib gözləyirdi. Qohum-qonşunun, tanış-bilişin suallarına, söhbətlərinə məhəl qoymurdu, cavab belə vermirdi Sona. Hamının üzünə baxıb “mənə oğlumdan soraq verin”, deyirdi. Gözləri həmişə nəmli olurdu. Hər kəsdən imdad diləyir, cavab gözləyirdi. Kiminsə qapısına qara xəbər gələndə parçalanırdı. Günlərlə xəstə yatırdı. Artıq kənd əhli onun bu hərəkətlərinə vərdiş etmişdi.

Qonşusu Səhər hər gün işdən qayıdanda bir kətili də öz altına qoyub oturur, Sonaya olub-keçənlərdən danışır, kənddə baş verənlərdən, aşağı məhəllədə kimlərin bir-birilə ədavət apardığından, dava-dalaş saldığından söhbət açır, hərdən Pza ilə bağlı hadisələri də yada salırdı. Rzanın adı çəkilən kimi Sonanın gözləri böyüyür, diksinirdi. Yalnız bu zaman əziz qonşusu Səhərə baxıb soruşurdu:

- Rza gələcək?.. İçim alovdur, od tutub yanır. Balamı bircə dəfə görsəm rahatlanardım. - Bu zaman üzündəki ani bir işıltı yarandığı kimi də tez sönürdü.Yenə də öz aləminə çəkilir, xəyalları, düşüncələri ilə vurnuxurdu. Hamı evdəkilərdən soruşurdu:

- Bu arvad heç olmasa yatıb yuxusunu alır?

Nə oğlu, nə qızı, nə də gəlini cavab verə bilmirdilər. Bir dəfə gəlin qayınanasının yataq otağına keçib əhvalını öyrənmək istəyib. Sona elə qışqırıb ki, evdəkilər vahimələnib. Səsə gələnlərin hamını otaqdan qovub. Sona psixoloji bir durğunluq keçirirdi.

Qızı Gülər anasının bu halı ilə barışa bilmirdi. O da qəm, kədər içindəydi, xiffət çəkirdi. Hamı mat-məəttəl qalıb, dinə bilmirdi. Beləcə, Sona hər axşam gözləyir, gözləyirdi... İstidə, soyuqda, qarda, yağışda, çovğunda... yenə də gözləyirdi... Yalnız dan sökülənə yaxın ananın həmin günə olan ümidi üzülür, kətilini götürüb yavaşca içəriyə çəkilirdi. Sabahkı günə güman bəsləməyə başlayırdı.

...Günlər ötür, amma nə Rza özü gəlirdi, nə də bir sorağı. Elin gözündə dözüm-dəyanəti, namus-qeyrəti ilə neçə illərdir dağ kimi qürurlu görünən qadın zərrə-zərrə əriyib gedirdi.

Bir gün evin qarşısından keçənlər orada adət etdikləri mənzərəni görmədilər. Ana yatağa düşmüşdü. Yalnız qonşusu Səhər yanına gedib-gəlirdi. Sonanın səsi də, üzünün rəngi də dəyişmişdi.

Ölümündən 3 gün əvvəl Sona otağa girən qonşusunu görəndə gülümsədi:

- Gəl, elə səni gözləyirdim, - dedi və nigaran baxışlarla soruşdu:

- Bir soraq yoxdur?

Səhərin cavab vermədiyini görüb sözünə davam etdi:

- Az qalıb, gələcək... - Son vaxtlar Rzanın adını çəkmirdi ana. Sonra əlindəki bükülü yaylığı açıb arasından bir qızıl onluq çıxartdı.

- Bunu mənə qaynanam Minaxanım toy günü hədiyyə etmişdi. Mən də Laləyə verəcəkdim. Al bunu sən saxla, yiyəsinə catdırarsan, - deyib çar Nikolayın əksi olan qızıl onluğu masanın üstünə qoydu. - Bir qızıl qolbağım da var, siyirmədədir. 30 qramdı, kəfən pulum, ölülüyüm üçün saxlamışdım, uşaqların imkanları olmasa, satıb  məclisi yola verərlər. Mehdi Gülərdən muğayat olsun, onun halı heç xoşuma gəlmir. Çöl qapıdakı kətili birinci mərtəbədə oturduğum otağa qoysunlar, atmasınlar, - deyib yatağına keçdi, yorğanı başına çəkib üzünü divara çevirdi. Səhər isə qonşusunun başının üstündə dayanıb ağlayırdı.  Bir neçə gün sonra isə kətilin yerində mafə qoyulmuş, yas çadırı qurulmuşdu.

***

Günümüzün olaylarının yaratdığı bu hekayətin kulminasiya nöqtəsi isə bir gün Rzanın əsirlikdə olması və tezliklə azad ediləcəyi xəbərinin kəndə yayılması oldu. Bütün kənd əhli Rzanın doğmalarına gözaydınlığı verdiyi zaman qonşu məhəllədəki ikimərtəbəli evdə isə əsəbi, gərgin vəziyyət yaranmışdı. Rzanın nişanlısı Lalə üç il əvvəl ailə həyatı qurmuşdu, iki övladı vardı. Həyat yoldaşı özü ilə həmyaşıd idi. Narahatlıq da Rzanın qayıdışı ilə bağlı idi. Lalə gözəl başa düşürdü ki, keçmiş nişanlısının kəndə gəlişinin onların ailəsinə heç bir isti-soyuğu olmayacaq. Əri isə camaatın qınağından qorxurdu: ətrafda bu qədər qız olduğu halda itkin düşmüş əsgərin nişanlısı ilə evləndiyinin düzgün anlaşılmayacağından narahat idi. Təkid edirdi ki, ailəsini götürüb kənddən çıxsın. Lalə isə buna razılaşmırdı. Hətta bir dəfə ərlə arvadın arasındakı fikir ayrılığı son həddə çatır və evin kişisi maşın gətirib ailəsini köçürmək istəyəndə qadın evdən çıxmır.

Lalə ilə Rza bir məhəllədə böyümüş, eyni məktəbdə oxumuşdular. Bir-birilərini sevmiş, nişanlanmışdılar. Lalə onu neçə il gözlədi, Sona xala ilə hərbi komissarlıqlara getdi, Qızıl Xaç və Aypara Cəmiyyətində oldu, səfirliklərə müraciət etdi. Heç bir nəticə olmayanda dərdli-dərdli Sona xalaya qoşulub ağlayırdı. Nişanlısından xəbər almayanda səbri tükənər, darıxardı, heç bir şeydən təsəlli tapmayanda baş alıb çölə, Rzanı yola saldığı həmin meydana gedər, sanki hər addımda bir xatirə axtarardı. Lalə qızmar bir od içində çabalayırdı.

Xəbər çıxandan ailəsinin düzəni pozulmuşdu, günü-güzəranı yox idi. Həyat yoldaşına elə gəlirdi ki, kənddən qaçmaqla bütün bu əziyyətlərin üstündən xətt çəkə bilərdi. Amma yanılırdı... Hələ Sona xalanın ölümündən sonra Səhərin ona verdiyi qızıl onluğu qəbul etməsindən əri xəbər tutarsa, nələrin baş verəcəyini düşünmək belə istəmirdi. Əvvəlcə tərəddüd edirdi, götürmək fikri yox idi. Sonra qərara gəldi ki, götürsün. Bu, Sona xalanın onun üçün saxladığı yadigar hədiyyəsi idi.

***

Rza səssiz-soraqsız gəldi. Özü belə istəmişdi. Hərbi maşında, iki əsgər və bir həkim kəndin meydan deyilən yerində onu düşürüb getdilər. O, çox da böyük olmayan yük çantasını kürəyinə keçirib evlərinə sarı yollandı. Heç yerə, heç kəsə baxmırdı, divar dibi ilə hər addımını sayırdı. Xəstəxanada olanda anası, bacı-qardaşları ilə necə görüşəcəyini, qarşılanacağını dəfələrlə xəyalından keçirmişdi, içindəki ağrıları, sızıltıları onlara necə anladacağını dəfələrlə düşünmüşdü. Amma son nəticədə qərara gəlmişdi ki, bu ağrılardan, acılardan, ona verilən işgəncələrdən heç kəsə, xüsusilə anasına danışmayacaq. Ona yazığı gəlirdi... Öz içində ağlayırdı, hönkür-hönkür, nəfəsi tutulanadək... Odun-alovun, topun-tüfəngin, zirehli maşınların, tankların vahimələndirici səsi, uşaqların, qadınların, qocaların ah-naləsi, yaralı əsgərlərin fəryadları qulaqlarından çəkilmirdi... Hərdən təəccüblənirdi ki, belə müsibətlərdən sonra niyə ağlını itirməyib?!

Nəhayət, dəmir darvazanın önünə çatdı, kiçik qapını itələyib həyətə daxil oldu. Tez dönüb anasının oturduğu otağın pəncərələrinə baxdı. Şüşələr silinməmişdi, girəcək qapının önündə anasının ayaqqabıları görünmürdü. Ən əsası, bağçadakı güllər solmuşdu... Qapı isə azacıq aralı idi. Otağa keçib çantasını yerə qoydu. Mətbəxdəki kərpic peç yanmırdı, səliqə-sahman pozulmuşdu. Hətta iri ortalıq stolunun süfrəsi yox idi. Rzanın əsgər şəkilləri masanın üstündə idi. Məktubları üst-üstə səliqə ilə qoyulmuşdu.

-  Anam bunları hər gün oxuyur? Görəsən özü haradadır? - düşünüb, nimdaş divanda oturdu. Köhnə komodun üstündə anasının qara çərçivəyə alınmış şəklini görəndə bət-bənizi ağardı. İki əli ilə başını tutdu:

- Mən bu qədər ağrıya dözə biləcəyəmmi, təskinliyi, təsəllini sizdən almağa gəlmişdim, - deyib ağlamağa başladı. Bu dəfə için-için yox, fəryadla, anasını çağıra-çağıra ağladı.

Səsə birinci böyük qardaşı Mehdi gəldi, sonra uşaqlar, gəlinlər, qonşular həyəcanla otağa doluşdular. Rzanın bibisi Mələk özünü yetirdi, qardaşı balasına ürək-dirək verməyə başladı. Həyət, ev-eşik dolub boşalırdı, kəndə artıq xəbər yayılmışdı. Hamı onu görməyə gəlir, hərə bir sovqat bağlayıb gətirirdi. Kənd əhli bilmirdi başsağlığı versin, yoxsa gözaydınlığı... Rza üç gün susdu. Səhərə qədər yatmadı. Açıq görünürdü ki, kədərini iç dünyasında yaşayır. Dostu Məcid yanında qalırdı. Bir az dərdləşmək istədi Rzayla. Çox ehtiyatla soruşdu:

- Bu illər ərzində başına nələr gəldi, danışsan xeyli yüngülləşərsən...

- Başıma nələr gəlmədi ki... - deyib Rza dostuna baxdı və əvvəlcə qırıq-qırıq, rabitəsiz cümlələrlə söhbətinə başladı, - mən hər şeyi danışa bilməyəcəyəm, çünki özüm də xatırlamıram. Əsasən Füzuli döyüşlərində iştirak etmişdim. Əsgərlərimizin çoxu 18-21 yaşlı gənclər idi. Heç birinin döyüş hazırlığı yoxuydu. Hətta çoxu avtomatdan istifadə etməyi belə bilmirdi. Hücum nədi, taktika nədi başa düşmürdülər. Sadə əmrləri icra etməkdə çətinlik çəkirdilər. Belə bir qüvvə ilə bizi aparıb saldılar ön xəttə. Saatlarla döyüş gedirdi. Həmişə də müdafiədə idik. Şəhidlərimiz vardı. Quldur ermənilər kəndlərə girib əsir götürürdülər. Qeyri-bərabər qüvvələrlə vuruşurduq. Biz torpaq uğrunda döyüşməyə getmişdik, amma nələr görmədik...

Rza işarə ilə Məciddən siqaret istədi və yenidən danışmağa başladı:

- Orada dönüklük, xəyanət, satqınlıq, pul hərisliyi, oğurluq da vardı... 1992-ci il başıpozuqluq, hərki-hərkilik idi, idarəçilik yox idi. Yaşamısan o illəri, sən də görmüsən.

- Əlbəttə, görmüşəm, - deyə Məcid başı ilə də təsdiq etdi. Susurdu ki, Rza danışsın.

- Döyüşlərin birində əvvəlcə ayağımdan yaralandım, sonra isə  sinəm od tutub yandı. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş ağac kimi yerə sərildim. Hansı bir qüvvənin əliləsə gözlərim örtülür, qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparırdı. Birdən-birə aləm sükuta daldı, hava qaraldı, ətrafım daşa döndü, get-gedə hər şey kiçilməyə başladı. Bundan sonra heç nə hiss etmədim. Gözümü açanda özümü meyitlərin arasında gördüm. Top gülləsinin açdığı çalanın kənarında vücudumun yarısı torpaqla örtülü halda huşsuz düşüb qalmışdım. Səslər eşitdim. Anlamadım haradayam. Demə ermənilər tərəfindən əsir götürülmüşəm. Sonra işgəncələr başladı. Axırıncı dəfə uzun bir kəndiri boynuma dolayıb əvvəlcə məni sürüdülər. Sonra üstümə benzin töküb kəndirin ucunu yandırdılar. Kəndir uzun idi, o alovlanıb üstümə gələndə özümdən getmişəm. Ayılanda xəstəxanada idim, bu dəfə səslər mənə tanış idi. Rusca danışırdılar. Yaşlı bir şəfqət bacısı astadan dedi: “Doktor, ayıldı, amma hələ heç nə başa düşmür...” Həkim üzümə diqqətlə baxdı və dedi ki, “iynələrini vurun, qoyun bir az da keçsin”. Su içmək istəyəndə anladım ki, həyata qayıdıram.

- Yaxşı adamlara rast gəlmisən. Bu da Allahın bir işi, bir lütfüdür. - Məcid söhbətə qoşulmaq istədi, amma dayandı ki, Rza danışsın. - Sonra nə oldu? - soruşdu.

- Sonra həmin yaşlı tibb bacısı mənə dedi ki, səni ölmüş bilib bir çayın kənarına atıblar. İki əsgər yaşadığını görüb gətiriblər bura. Bəxtin də onda çalıb ki, sarıbənizsən, özümüzünkülərdən zənn ediblər. Amma Allah verən ömrü heç kəs ala bilməz. Xəstəxanada gördük ki, sənə işgəncə veriblər, əsirlikdə olmusan. - Rza bunu dedi və susdu.

Səhər açılırdı. Bir qutu siqaret artıq bitmişdi. Amma söhbət yarımçıq qalmışdı. Məcid çay içməyi təklif etdi.

Rza yox dedi və başına gələnləri yenidən danışmağa başladı:

- Çoxlu xəstəxanalarda oldum, üstümdə heç bir sənədim qalmadığı üçün mənə inanmırdılar. Digər tərəfdən də uzun müddət yaddaşımı itirmişdim. Bu şəhərə necə gəlib düşdüyümü xatırlamırdım. Əziyyət çəkirdim... Kontorlara, idarələrə gedib-gəlməkdən usanmışdım. Hamı deyirdi ki, Azərbaycan tərəfə sorğu verərik, aylarla gözləyirdim. Heç bir xəbər ala bilmirdim. Müvəqqəti sənəd vermişdilər. Orada da adımı, soyadımı düz yazmamışdılar. Krasnodara yaxın bir kənd var, Drujba, orada qalırdım. Kənd camaatı üçün işləyirdim, birtəhər dolanırdım.  Bir dəfə də getdim, mənə uzun bir siyahı göstərdilər. Dedilər ki, bunu Aypara Cəmiyyəti göndərib. Bax bəlkə adın çıxdı. Adım, soyadım düz idi, amma atamın adı Məlik çıxdı. Fikirləşdim ki, elə budu, indi də atamın adını düz yazmayıblar. Yenə sorğu göndərdilər. Başqa çarəm yox idi, nəzarətdə idim. Bir dəfə Bakıya zəng vurdum, tanımadığım nömrəyə. Onlara özümü təqdim etdim, dedim ki, kəndimə xəbər verin, məni burada axtarsınlar, ölməmişəm, sağam. Belə zənglərim çox olub, amma nəticə olmayıb. Sonrasını da bilirsiniz. İndi buradayam. - Rza donub qalmış dostuna üzünü tutub dedi:

- Gedək indi bir çay qoy, içək.

***

Səhər Rzanın üzü yenə də tutqun idi. Gəlib-gedənlərlə yalnız salamlaşıb, bir də xudahafizləşirdi. Ondan heç nə soruşmurdular, özü də danışmırdı. Gündə bir dəfə anasının qəbrini ziyarət edirdi. Səssiz-səmirsiz... Qəbrin ayaq tərəfində oturub şəklinə baxırdı. Yarım saat, bir saat, heç özü də bilmirdi nə qədər çəkir bu ziyarət. Ona dinmirdilər. Bir kəlmə söz də demirdilər. Dostları yanındaydılar. Yalnız Fəriddən başqa. Hərə ona bir iş təklif edirdi. O isə həyatını necə quracağı barədə hələ götür-qoy edirdi...… Müharibə Rzanın 7 ilini əlindən almışdı, bütün gücünü, qüvvəsini, arzularını, xəyallarını darmadağın, param-parça etmişdi. Anasını doyunca görə bilməmişdi. 7 il əvvəl nişanlısı Laləni gözü yolda qoyub getmişdi. Nigaranlığı yalnız ondan idi. İxtiyarsız öz-özünə düşündü: “Niyə heç kəs Lalədən danışmır?! Ailə qurub, çox güman...” Ağlından bunu keçirərkən birdən həyətdən hənirti gəldi, pəncərəyə baxanda gözlərinə inanmadı. Gələn Lalə idi, iki körpəsi ilə ...Rza durduğu yerdən tərpənmirdi, amma həyəcanlı idi. Lalə salamlaşıb uşaqları divanda yerləşdirdi. Özü isə Rza ilə üz-üzə durub ona diqqətlə baxdı. Gözündən süzülən damcılar sinəsinə tökülürdü... Hiss olunurdu əzab çəkir, içində qəlbini əzən yüklər var, ürəyi alışıb yanırdı. Deyirlər ki, insanlar ən böyük sirlərini gözlərində saxlayırlar. Amma onların hər ikisinin baxışında illərin ağrı-acısı aydın duyulurdu. Ona görə də hər ikisi sükutun içində gizlənib qalmaq istəyirdi...  Beləcə sakitcə bir-birilərinə baxdılar. Lalə uşaqları götürüb çıxanda üzünü Rzaya tutub dedi:

-  Böyük oğlanın adı Rzadır. Fəridlə birlikdə qərar verib qoymuşuq. Sona xalanın əmanəti də məndədir.

Onlar qapıdan çıxan kimi Rza dərindən nəfəs aldı. Yalnız bu zaman həyatını necə quracağını yəqin etdi. Öz-özünə fikirləşdi: “İllərlə üstündə əsdiyim məhəbbətimi də aldın məndən... eh müharibə, müharibə, qatil müharibə...”

Səhər erkən durdu. Fikirləri qarışmasın deyə tez-tez yığışmağa başladı.

Birdən səs eşitdi. Durdu, nəfəsini də çəkmədi. Sonra yanıldığını hiss etdi. Evdə eşidilən səs demə, səssizliyin səsi imiş. Ciblərini yoxladı, pulu var idi. Gödəkcəsini geyindi, yük çantasını götürüb qapıya tərəf yönəldi. İki addım atmışdı dayandı. Qələmi götürüb kiçik bir kağıza yazdı: “Axtarmayın məni. Burada qalmaq mənə əzabdan başqa bir şey vermir. Parçalandım, özü də çox yerə parçalandım mən... Sağlıqla qalın, məni gözləməyin. Rza”.

Səssiz-soraqsız gəldiyi kimi də getdi. Amma bu dəfə iti addımlarla, yenə də heç kimə, heç kəsə baxmadan kəndindən uzaqlaşdı. Rza yenidən itkin düşdü. Bu dəfə isə onu heç kəs axtarmadı...

Hərbin açdığı bu şırımların yeri heç vaxt hamarlanmayacaq, təkcə Rzanın yox, onun bütün ailəsinin, doğmalarının, kəndinin, Vətəninin taleyindən keçəcək.

Həmin illərin yaşantılarından illər ötüb. Görəsən Rza sağdır?

Görəsən müharibədə qalib gəldiyimizi bilirmi?

Görəsən bilirmi ki, təkcə Rzanın yox, bütün şəhidlərimizın də, erməni zülmündən əzab çəkənlərin də hamısının qisasını almışıq?..

Bu günlərdə kəndə getmişdim. Camaat yenə də öz işində-gücündə, əkin-biçində idi. Yolda birdən üzü mənə tərəf gələn qadının Lalə olduğunu gördüm. Yanında hərbi geyimdə iki gənc vardı. Duruşlarından məğrurluq yağırdı. Salamlaşdıq. Gəncləri soruşdum. Lalə gülümsündü:

- Oğlanlarımdır, - dedi, - bu Rzadır, bu da Razidir. İkisi də hərbçidir.

Oeyri-ixtiyari soruşdum:

- Hara gedirsiniz?

Lalə əli ilə avtobusların durduğu yolu işarə etdi:

- Meydana tərəf, uşaqları yola salıram. Rza vuruşub gəlib, hərbi hissəyə qayıdır. Razi oxuduğu hərbi liseyə gedir.

- Yenə də meydan... - dedim.

- İndi narahat deyiləm, düşməni qovduq, qisasımızı da aldıq, intiqamımızı da, rahatam, cox rahat...

Sağollaşdıq. Gənclər hərə bir tərəfdən analarını qucaqlayıb yollarına davam etdilər. Arxalarınca baxırdım. Lalə iki dəfə dönüb mənə əl etdi. Sevinirdi...

Düşündüm, aradan əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Qarabağ müharibələrindəki şücaəti, əzmkarlığı yaddan çıxmayacaq, nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Bütün insanlarımız Prezident İlham Əliyevin qətiyyəti, Vətənə bəxş etdiyi tarixi Qələbə ilə hər zaman qürur duyacaq.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video